Həftəsonu ədəbi qeydlər
Bizi izləyin

Köşə

Həftəsonu ədəbi qeydlər

Aqşin Yenisey

Aqşin Yenisey

Başqa millətdən, başqa mədəniyyətdən olan bircə dənə də oxucum yoxdur. Yaşımın da elə vaxtıdır ki, artıq özümü aldada bilmirəm, o dəqiqə tuturam yalanımı. Məncə, insan özünə danışdığı yalanlara inanmamağa başlayandan sonra özünü tanıyır. Özünü aldatdığı dövrdə o, özü ilə başqası kimi davranır, daha maymaq biri kimi. Bütün dinlərin mənşəyi Hindistana gedib çıxdığı kimi yaradıcılıq başlanğıcları da aşağı-yuxarı eyni yerə, daha doğrusu, eyni zamana gedib çıxır, özünə danışdığın yalanların qisasını almağa başlayırsan və həqiqətlər səni faciəvi bir sonluğa aparır. Mənə görə sənətdə başlanğıc önəmli deyil, əsas olan yaradıcılıqla özünə yazdığın aqibətdir, sonluqdur. Başlanğıc əldən getdi, artıq aqibət haqqında düşünməyin vaxtıdır. Dünya ədəbiyyatında o qədər zəif müəllif var ki, özünün şedevr aqibəti ilə hələ də çərpələng kimi dayanıb ədəbi səmaların genişliyində. Bəzən səfeh bir güllə möhtəşəm bir roman effekti verir; bu da ədəbi aləmin ədalətsizliyidir.

Stendal deyirdi ki, mən cəmiyyətə duellə daxil olmuşam. Adını unutduğum başqa bir müəllifin yazısından isə gənc bir xanım yazıçının ona “yazmasaydım, fahişə olardım” dediyini xatırlayıram. Bir ara düşünürdüm ki, yazmaq məni pis ola biləcəyim insanlıq hallarından qoruyur, ancaq sonra gördüm ki, yaxşı yazmaq üçün bəzən insanların ən pisinə çevrilmək lazımdır. Təkcə sevgi deyil, oğraşlıq da yazıçının canından hopmalıdır əsərə. Əks təqdirdə, dəngə pozulur. Folknerin dediyi kimi, yazıçı yazdığı kitab gözəl olsun deyə, hər kəsi soyacak, hər kəsdən borc alacaq, dilənəcək, oğurluq edəcək qədər əxlaq dışında biridir. Gənc Volter azadlıq naminə yaltaqlanırdı da. Ən pisi odur ki, yazmaq da, yaşamaq kimi tərgidə bilmədiyim vərdişə çevrilsin, əl öyrəncəkliyi olsun. Yaradıcılıq canfəşanlığa, aludəçiliyə çevriləndə gerçəklik əhəmiyyətini itirir. Adi sözlər yazmaq üçün bəs edir, bu zaman dil nitqə uduzur.

Ədəbi təxəyyül öz obrazlarını mif kimi yaradır. Ədəbi sözün gücü də budur; gerçəkliyi mifləşdirə bilmək. Mifləşməyən həqiqət tez kifləşir. Mənə görə tanrının özü də məna və obraz olaraq metafizikanın deyil, incəsənətin məhsuludur.

Tanrı yaradıcı şöhrətini sənətdə qazanıb. Yazılarımın birində belə bir cümlə olmalıdır: şöhrət gətirməyən mənəvi əzab yaradıcılıq hesab olunmur. Bu, tanrıya da, müəllifə də aiddir. İnsanlar dünyaya anadangəlmə məşhur gəlsəydilər, heç bir yaradıcılığa ehtiyac olmazdı. Xalq öz tarixini uydura bilər, amma ədəbiyyatını uydurmağa hünəri çatmaz. Ədəbiyyat olmasaydı bəşəriyyət azadlıq təcrübəsi qazana bilməzdi. Ədəbiyyat olmasaydı dünya, sadəcə, insanların iş yeri olardı. Ədəbiyyat olmasaydı, insanın tanrıya cavab qaytarmaq hüququ da olmaz və onun həyatı gündoğandan günbatana kortəbii köləlikdən ibarət olardı.

Mənə görə sənət əməklə o qədər də əlaqəsi olmayan mənəvi təkamül hadisəsidir, canfəşanlığın yox, tənbəlliyin, dincliyin uğurudur. Yaradıcılıq tənhalıqda baş verir, tənhalıq isə sürü ilə ayaqlaşmaq istəməmək tənbəlliyidir. Amma bu tənbəlliyin tükürpədən bir məqsədi var; ayaqlaşmaq istəmədiyi düzəni dəyişmək. Məncə, yaradıcı adamlar insanlıqdan sonra yaranacaq təkamül həlqəlsinə dartınmalardır. Bu yalqızlıq, özünü mövcud zamandan və məkandan çıxdaş etmək, daimi və hissolunmaz gərginliklər bu dartınmanın nəticəsidir. Meymundan dartınıb insan olan, insandan dartıb allah olmaq istəyir. Meymundan insana dartınma fiziki idi, insandan fövqündəkinə dartınma fitri prosesdir. Yazıçı cəmiyyətdən dartınmış vəziyyətdə yaşayan, amma ondan qopa bilməyən bir keçid növdür. O, qopmaq istədiyi cəmiyyətə, nə vaxtsa yeni olacaq növün gözü ilə baxır. Ədəbiyyatdakı dünya nəticə deyil, yazıçının yeni növə göstərmək istədiyi səbəbdir. Bizim həyatımız yeni həyatın səbəbidir.

Bu fitri dartınma – onun adına istedad da deyə bilərik - xüsusi təsdiqlənmiş imtiyazlar mühitində yetişməməlidir, o, yalnız yaşamaq uğrunda mübarizənin iştirakçısı kimi həyati dəyər qazana bilər. Ancaq bunu bioloji mübarizə ilə eynilşdirmək olmaz, sənətdə gücü bioloji zəiflər təmsil edir. Düyü buddizmi, pivə alman fəlsəfəsini yaratdığı kimi, istedadı da gözlənilməz səbəblər yaratmalıdır. O, əlçatan günlük zərurətlərin yox, izaholunmaz uzaq təsadüflərin övladı olmalıdır. Necə ki, hələ də “Sakit Don”a görə Şoloxovdan şübhələnirlər ki, 24 yaşlı təcrübəsiz bir gənc belə bir zəngin ədəbi irsə malik əsəri necə yaza bilər? Ədəbiyyat öz qədim sükunətini fizikanın yeni sürətlərinə qurban verməməlidir. Yaradıcılıq və istehsal qanunları daban-dabana ziddir, çünki fərdin ehtiyacları ilə kütlənin ehtiyacları eyni şey deyil.

Gənc yazar daha çox keçmişə qaçır, keçmiş ona obrazlı düşünmək vərdişləri öyrədir. Gələcəyi isə obrazlarla deyil, yalnız ideyalarla düşünmək və təsəvvür etmək mümkün. Sənət istehsal sahəsinə çevriləndə ideya yaratmaq bacarığını itirir və vaxtı keçmiş ideyaların obrazlaşdırılmış yeni səhnəcikləri ilə əlləşir. Məsələn, bu gün müharibədə məğlub olmuş Azərbaycanda yaranan ədəbiyyat II Dünya mühairbəsindən sonra millətçilik qorxusu altında yaranan kosmopolit Avropa fəlsəfəsi və ədəbiyyatının təsiri altında öz taleyinə bəşəri don geyindirməyə çalışır. Ən yaxşı halda isə özünü “izmləşdirməklə” süni zəka təsiri bağışlayır. Dünya ilə ayaqlaşmaq iddiası həmişə uğurla nəticələnmir, zaman da canavar kimidi, arxada qalanları yeyir. Son illərdə birdən-birə professorların Qərb ədəbiyyatında peyda olması bizim yazıçını intellektual kor-koranəliyə sürükləyir; o, intellekti həyatında yaşamadan uydurur, budur onun yaradıcılığındakı süni zəka effekti. Zəkanın da hiss kimi həyati dəyəri olmalıdır, yoxdursa, o, insanı ya mələyə, ya müqəvvaya çevirəcək. Süni zəka da uydurur, yaxud gələcəkdə uyduracaq. Çünki onun həyatı yoxdur, o elə zəka mələyi olaraq doğulub. Professorların ədəbiyyatı da belədir: onlar akademik standartlarla ədəbiyyatın estetik məzmununu zədələyirlər. Onlar “necə”ni yox, “nə”yi yazırlar, dilin ruhunu hiss etmədən, yalnız əldə etdikləri biliklərin çılpaq orgiyasını yaradırlar. Balıq kimi ağızlarını açıb-yumaraq səsi imitasiya edirlər. Onların obrazlarına intimlik, aşıq olmaq, fədakarlıq, səbr etmək, müqavimət göstərmək kimi mənəvi-psixoloji duyğular yaddır. 600 səhifə Ömər Xəyyamdan danışılır, ancaq oxucu sufinin şərab sevgisinin psixoanalizindən xəbərsiz qalır. Onda belə bir təəssürat yaranır ki, Xəyyam, sadəcə, bir içki düşkündür. Bu ədəbiyyat öz ətrafında yalnız bərk mühit yaradır. Bu akademik romanlardan həyat təcrübəsi yox, ancaq genişləndirilmiş orta təhsil bilgiləri əldə etmək mümkün. Ən qorxulusu isə dil bir ünsiyyət vasitəsi kimi oxucular arasında ictimai ecazkarlığını itirir. Roman canlı mühit olmaqdan çıxıb, mexanikiləşdirilmiş qurğuya çevrilir. Sanki, bir şarik dənəsi əvvəlcədən quraşdırılmış sabit mexaniki şəbəkədə müxtəlif maneələri dəf edib axırda elektrik çərtməsinə dəyərək otaqdakı işığı yandırır. Prosesi izləyənin yadında yalnız işığın yanması qalır, prosesin (mətninin) ölümü müəllifdən əvvəl baş verir. Halbuki bu gün Don Kixotu tanıyanların çoxu Servantesin adını belə eşitməyiblər, “Faust”dan sitat gətirənlər Getenin adı gələndə “o kimdir” deyirlər, Jan Valjanın bu günkü şöhrətini görsəydi Hüqo özü belə paxıllıq edərdi. Mən bayaq ədəbi aqibət dedikdə bunu nəzərdə tuturdum; yaza-yaza öz ədəbi qatilini böyütməyi, səni bir gün ortadan götürəcək qəhrəmanı öz əlinlə yaratmağı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm