Kitabının ilk nüsxəsini Atatürkə təqdim edən mühacir
Bizi izləyin

Köşə

Kitabının ilk nüsxəsini Atatürkə təqdim edən mühacir

Dilqəm Əhməd

Türkiyədə çap olunan Azərbaycan mühacirət ədəbiyyatı nümunələri arasında iki mühüm tarixi əsər var. Bunlar Cahangir Zeynəloğlunun “Muxtəsər Azərbaycan tarixi” və “Şirvanşahlar yurdu” əsərləridir.

Cahangir Nəsirbəyov Zeynəloğlu 1892-ci ildə Şuşada doğulub. “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nda verilən məlumata görə, Cahangir bəy hərbi süvari məktəbdə təlim keçib, Çar ordusu sıralarında Qafqaz cəbhəsində vuruşub. Azərbaycan Cümhuriyyəti dönəmində milli ordu quruculuğunda iştirak edib. Gəncədə hərbi məktəbdə tərcüməçi və rəisin köməkçisi kimi xidmət edib, 3 sentyabr 1918-ci ildə “Hərb medal”ı ilə təltif edilib.

Zeynəloğlu 1919-cu ildə “Hümmət” partiyasına daxil olub, Bakı şəhər komendantı yanında hərbi komissar təyin edilib, daha sonra Qəzvində Azərbaycanın diplomatik missiyasında tərcüməçi kimi fəaliyyət göstərib.

Cümhuriyyətin işğalından sonra 1920-ci ilin noyabrında Bakıya dönən Cahangir bəy həbs edilib, evində axtarış aparılıb.

Təqiblərdən xilas olmaq üçün Türkiyəyə mühacirət edən Zeynəloğlu bu ölkədə Azərbaycan tarixi ilə bağlı mühüm kitablar yazıb.

1924-cü ildə onun İstanbulda “Şəms” mətbəəsində “Müxtəsər Azərbaycan tarixi” əsəri çap olunur. Kitabının ön sözündə müəllif yazır: “Bu kiçik tarixi əvvəlcə azəri türkcəsi ilə yazmışdım. Fəqət zaman və biri digərini təqib edən inqilablar Azərbaycanda nəşrinə imkan vermədiyi üçün burada İstanbul şivəsinə uyğunlaşdıraraq hər iki tərəfin anlaya biləcəyi vəchlə nəşrinə başladım”.

Göründüyü kimi, Cahangir bəy Azərbaycan tarixinə dair əsərini hələ Bakıda ikən yazmağa başlayıb, mühacirətə getdikdən sonra orada nəşr etdirib.

Zeynəloğlunun kitabının titul səhifəsində yazılıb: “Azərbaycan istiqlalı uğrunda şəhid düşən Azərbaycan və Anadolu türklərinin mübarək ruhlarına ithaf olunur”.

Kitabına yazdığı ön sözdə Cahangir bəy Azərbaycan Cümhuriyyətinin işğalına görə təəssüflənir: “Biz azəri türkləri kimsəyə təcavüz niyyəti bəsləmirik, gözəl cümhuriyyətimizin istiqlalını və milli varlığımızı mühafizədən başqa bir amalımız yoxdur, yeganə məqsədimiz budur. Bunun üçün çalışmaq, qüvvətli olmaq və bu surətlə Avropa siyasi təşkilatlarına daxil olaraq Avropa ideyalarını qazanmaq biz azərilərə bir vəzifə olmalıdır. Əks təqdirdə istiqlaliyyətimiz qeyb və qoca bir millət məhvə məhkum olur, bax bunu hər bir türk bilməli və anlamalıdır. Xülasə, özümüzü tanımalı, başqalarına da tanıtdırmalıyıq. Bax, bu mülahizələrin işığı ilə bu kiçik əsərin nəşrinə cəsarət elədim”.

Zeynəloğlu Midiya dövlətindən başlayaraq Azərbaycan Cümhuriyyəti dönəminə qədər əsərində bəhs edib.

1931-ci ildə İstanbulda Cahangir Zeynəloğlunun “Şirvanşahlar yurdu” əsəri nəşr olunur. Kitabının ön sözündə yazır: “Maddi və mənəvi vəsaitsizlik içində illərlə çalışaraq vücuda gətirdiyim bu kiçik əsərimlə millətimə cüzi bir xidmət etmişəmsə, özümü ən bəxtiyar insanlardan sanaram”.

Bu kitabında Cahangir bəy Albaniya dönəmindən başlayaraq Şirvanşahlar dövlətinin tarixini yazıb.

“Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nda verilən məlumata görə, Cahangir bəy bu kitabının ilk nüsxəsini Mustafa Kamal Atatürkə təqdim edib, 1931-ci il avqustun 31-də Atatürk və marşal Fevzi Çakmak kitabı yüksək qiymətləndirərək ona təşəkkür ediblər.

Cahangir bəyin “Şirvanşahlar yurdu” əsərinin sonundakı elandan başa düşülür ki, o, iki kitab hazırlığı içində olub. “Atalar sözü” adlanan kitabda müəllif 5 min Azərbaycan atalar sözünü toplayıb. Digər hazırlamaqda olduğu kitab isə “Tariximizin xanlıqlar dövrü” adlanır.

Cahangir bəyin “Şirvanşahlar yurdu” kitabında müəllifin adresi kimi Sivas şəhəri, “Vatan” fabriki göstərilir. Görünür, o, bir müddət Sivasda yaşayıb, fabrik sahibi olub.

Cahangir bəy bu illərdə müxtəlif məktəblərdə xarici dillərdən dərs deyib, ticarətlə məşğul olub. II Dünya müharibəsi illərində Almaniyada yaşayıb, Azərbaycan legionuna qoşulub, “Azərbaycan Milli Birlik Məclisi”nin üzvü olub. 1943-cü ildə Berlində keçirilən azərbaycanlı legionerlərin məşhur qurultayında iştirak edib. Ailəsinə göndərdiyi məktubların birində yazıb: “Tezliklə Azərbaycan azad olacaq, müstəqilliyini qaytaracaq, biz hamımız birlikdə Vətənimizə gedəcəyik”.

Cahangir bəy Azərbaycanın necə azad olacağını da göstərib: “Bugün bolşevik işğalı altında olan Qafqaz yenə o Qafqazdır. Şirvan və Dağıstan türkləri yenə həmin vətənpərvər türk övladlarıdır. İndilik xilaskar bir rəhbərdən məhrumdurlar. Önlərinə Şeyx Şamil, Mustafa Kamal kimi bir komandan keçərsə, rusların başına yenə yarım əsrlik bir bəla aça bilərlər”.

Cahangir bəy 1944-cü ildə Berlində vəfat edib.

Qaynaqlar:

“Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”, Bakı, 2014.

Cahangir Zeynəloğlu, “Müxtəsər Azərbaycan tarixi”, Bakı, 1992

Cihangir Zeyneloğlu, “Şirvanşahlar yurdu”, İstanbul, 1931

Müəllif: Dilqəm Əhməd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm