Xüsusi
Nargin adasından qaçırılan əsirlər: “Zığ burnuna qədər üzərək...”
Xəzər dənizində yerləşən Nargin adası Azərbaycan tarixində ən faciəli yerlərdən biri kimi xatırlanır. I Dünya müharibəsində Osmanlı əsirlərinin “ölüm adası” adlandırdıqları bu məkan xeyli türk əsgərin məzar yeri olub. Azərbaycan Cümhuriyyətinin işğalından sonra isə ziyalılarımız, hərbçilərimiz, siyasilərimiz bu adada güllələnib, cəsədləri dənizə atılıb.
Bu ada ilə bağlı qismən işıqlı xatirələr də var. Əsir düşən türk zabit və əsgərlərini xilas etməyimiz tariximizin ən qiymətli səhifələrindəndir. Baxmayaraq ki, bu müharibədə Azərbaycan ərazisi çar Rusiyasının tərkibində idi, amma dövrün gənc aydınları xüsusi yollarla əsirləri adadan qaçırmağa nail olublar. Digər tərəfdən Bakı əhalisi müxtəlif kampaniyalar keçirərək əsirlər üçün geyim, dərman və s. zəruri ehtiyacları göndəriblər. “Cəmiyyəti-xeyriyyə”, “Möhtaclara kömək” kimi qurumlar türk əsirlərin ölməməsi üçün çalışıblar.
Əsirlərin adadan qaçırılmaları ilə bağlı maraqlı xatirələr mövcuddur. Mühacirlərdən Əziz Alpout “Həyatımın hekayətləri” kitabında bundan bəhs edib. O dövrdə Bakıda olan türk siyasətçi Fəxrəddin Ərdoğan da xatirələrində maraqlı qeydlər verib.
Azərbaycan Cümhuriyyəti zabitlərindən Əjdər Babazadə (Qurtulan) də mühacirətdə bu mövzuda məqalə qələmə alıb, əsirlərin hansı şəkildə Nargindən xilas edilmələrindən bəhs edib. 1963-cü ildə “Azerbaycan” jurnalında çap olunan məqaləni dilimizə uyğunlaşdıraraq təqdim edirik:
***
Birinci Dünya müharibəsi (1914-1918) illərində Rusiya ordusu tərəfindən əsir alınan Osmanlı əsgərlərinin bir qismi Xəzər dənizindəki adalardan olan Nargində acınacaqlı şəkildə əsir idilər. Nargin qayalıq, susuz, bitkisiz və yaşayış üçün əlverişli olmayan quraqlıq bir yerdi.
Burada hər cəhətdən baxımsız qalan minlərlə türk əsiri acınacaqlı bir vəziyyətdə idilər. Aralarında yoluxucu xəstəliklər də yayılmışdı. Hər gün bir çoxu həyatı tərk edirdilər. Susuzluqdan və xəstəlikdən ölən türk əsirlərin sayı hər gün 40 nəfərə qədər çoxalırdı. Bu ağrılı vəziyyəti görən Bakının türk və müsəlman əhalisi biganə qala bilmirdi.
O əsnalarda, yəni 1911-1917-ci illər arasında Müsavat firqəsi gizli fəaliyyət mərhələsində idi. Rəsmi şəkildə bir çox mədəni, maarif, xeyriyyə təşkilatları yaranmışdı, millətçi kadrlar yetişdirməklə birgə milli mənfəətləri də qorumaqda idilər.
Bu müxtəlif cəmiyyətlər, xüsusilə “Nicat” maarif cəmiyyəti, “Bakı Cəmiyyəti-xeyriyyəsi”, “Nəşri-maarif” cəmiyyəti Müsavat firqəsinin nüfuzu dairəsində idi.
Adı qeyd olunan cəmiyyətlər tərəfindən türk əsirləri qaçırmaq niyyəti ilə “Əsir qaçırma dəstələri” qurulmuş və bunlar gizli şəkildə fəaliyyət göstərməkdə idilər. Qrupun idarəçiləri xüsusilə Müsavat firqəsi mənsubları idilər. Onlardan Ağaməhəmməd İbrahimli ilə Məhəmmədsadıq Quluzadə (Xülusi) bir çox türk əsiri qaçırdıqları üçün azərbaycanlıların haqlı olaraq sevgi və hörmətlərini qazanmışdılar. Bakı çevrəsində bu iki fədakar azəri türkünü tanımayan bir nəfər də türk ziyalısı yoxdu.
Əsirlər arasında yoluxucu xəstəliklər yayılınca həmin dəstələr fəaliyyətlərini genişləndirmək məcburiyyətində oldular. Bu milli və insani vəzifə millət tərəfindən o qədər mənimsənmişdi ki, əsir qaçırma fəaliyyətinin davam etdiyi uzun müddət ərzində bir dəfə də uğursuzluq baş vermədi.
Gündən-günə inkişaf etməkdə olan əsir qaçırma dəstələri müxtəlif vasitələrə baş vurmağa davam etdiyi müddətdə yerli türk-müsəlman əhali də bu işə biganə qalmayaraq əlindən gəldiyi qədər maddi və mənəvi yardım etməkdən çəkinmirdi.
Əsir qaçırma bir neçə şəkildə həyata keçirilirdi. Bunlardan bir neçəsini qeyd edək:
Adadakı rus mühafizə zabitlərinə bol pul vermək surətilə və müqabilində əsir türklərin müalicə və ya başqa ehtiyaclarını qarşılamaq bəhanəsi ilə Bakıya gətirilmələri təmin edilirdi. Şəhərdə sahil iskələsinə yanaşan gəmidən quruya çıxarılan əsirlər dərhal İçərişəhər məhəlləsinə aparıldıqdan sonra orada mühafizəçi rus əsgərləriylə birgə izləri qeyb olurdu.
Bəzən də yenə mühafizəçi ilə birgə gətirilən əsirlər Ağaməhəmməd və dostları tərəfindən bərbərə, hamama və ya yeməkxanalara aparılır, oralarda qeybə çəkilirdilər. Ondan sonra adaya bir daha geri dönüş olmazdı. Əsir qaçırmanın digər şəkillərindən biri də belə idi:
ƏTRAFLIMidea_inpage
Abşeron yarımadasının Narginə ən yaxın nöqtəsi Zığ burnu idi. Bu burun üzərində, Nargin adasının şimalında eyni adı daşıyan bir türk kəndi vardır. Dənizin sakit zamanlarında üzməyi bilən türk əsirlər Nargindən suya baş vuraraq və gecənin qaranlığından istifadə edərək rus növbətçilərə görünmədən Zığ burnuna qədər üzərək quruya çıxırdılar. Eyni zamanda Zığ burnu ilə Nargin arasında dəstələr qayıqlarla dolaşmaqda idilər.
Türk əsirləri hürriyyətə qovuşduqdan sonra Anadoluya qayıtmaq istəyənləri dəstələr İran yoluyla vətənə göndərirdilər. Azərbaycanda qalmaq arzusunda olanları isə milli cəmiyyətlər bütün ehtiyaclarını təmin edir, himayəyə götürürdülər. Azərbaycana yerləşən türk əsirlər işlərinə və istedadlarına uyğun olaraq maarif və hərbi təşkilatlarda çalışırdılar. Müəllimlik etmək məqsədilə Azərbaycanın digər şəhər və qəzalarına göndərilirdilər.
Hərbi təşkilata gəlincə Bakının istirahət yerlərində iki hərbi məktəb təsis edilmiş və qısa bir təlim dövründən sonra kiçik rütbəli zabitlər buradan məzun olmuşdular.
Bu təşkilat 1917-ci ilin Fevral inqilabına qədər gizli saxlanılırdı. Bu xüsusda yalnız milli təşkilatın həmin sektorunda çalışanların məlumatı vardı. 31 mart hadisəsindən daha əvvəl məzun olan bu ilk milli zabitlər “Ənvər paşa dövrü” hərbi geyimini geyinirdilər, üstlərində tapança və bir də qılınc vardı.
31 mart 1918-ci ildə daşnaklarla birləşən bolşeviklərin Bakıda törətdikləri qətliamda həmin ilk gənc zabitlərimizin böyük faydaları olmuşdu.
Nargin adasında osmanlılardan başqa Almaniya və Avstriya-Macarıstan ordularına mənsub zabit və əsgərlər də vardı. 15 sentyabr 1918-ci ildə Bakı azad edildikdən sonra Nargin adasında qalan bütün əsirlər hürriyyətə qovuşdular.
Milli Azərbaycan hökuməti dövründə Nargin adası Bakı Qarnizonu Müstəhkəm Məntəqə müstəqil taboruna tabe idi. Orada ancaq topçu hərbi hissəsi vardı.
27 aprel 1920-ci ildə Azərbaycan hökuməti devrildikdən sonra xeyirsiz Nargin təkrar keçmiş “ölüm adası” adını daşımağa başladı. Çünki qırmızı cəlladlar Azərbaycan millətçilərini ilk vaxtlar həmin adada qətl edirdilər...
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO