Köşə
Bir Şeyx Səid vardı
1919-cu ildə başlatdığı milli mücadiləni 1923-cü ildə Lozanna müqaviləsi ilə tamamlayan Mustafa Kamal paşanın qarşısında yeni bir məqsəd vardı: İllərdir beynində formalaşdırdığı ictimai-siyasi, hüquqi inqilabları həyata keçirmək, Türkiyə dövlətini çağdaş mədəniyyətlər cərgəsində yer almasına çalışmaq.
Təsadüfi deyil ki, məşhur 30 avqust (1922) zəfərindən sonra paşa açıq şəkildə demişdi: “Milli mücadilənin birinci mərhələsi bitdi. Artıq ikinci mərhələsi başlayır!”.
Bu ikinci mərhələ də birinci qədər çətin olacaqdı. Çünki birincidə işğala məruz qalmış Osmanlı torpaqları Anadoluda başlanan hərəkatla silah və diplomatiya gücünə azad edilmişdisə, ikincidə artıq yeni dövlət qurulurdu. Bu dövləti quranlar “köhnə”nin paşaları olsalar da, səltənəti ləğv edərək yerində respublika quracaq təfəkkürə, plana sahibdilər.
23 aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisi yaradıldı, bununla da hakimiyyətin mənbəyi xalq oldu. TBMM 1 noyabr 1922-ci ildə verdiyi qərarla Osmanlı səltənətini ləğv etdi. 29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyəti dövləti elan olundu. 3 mart 1924-cü ildə isə xilafət də ləğv edilərək tarixə qovuşduruldu.
Mustafa Kamal paşa sanki zamanla yarışırdı. Milli mücadilənin ardından inqilabların sürətli şəkildə həyata keçirməsinin önəmli səbəbləri vardı. Məhz bu səbəblər – Avropadakı inkişafdan geri qalmaq Osmanlını çöküşün astanasına gətirmişdi və artıq bölgə klassik dünyagörüşlə idarə edilə bilməzdi. Çünki bu, qısa zamanda Türkiyə Cümhuriyyətinin də Osmanlının taleyini yaşayacağını şərtləndirirdi.
Şübhəsiz ki, ardıcıl inqilablar Mustafa Kamal paşanın tərəfdarları arasında da narazılıqlara səbəb olmuşdu. Amma onlar bu narazılıqlarını fərqli partiya quraraq və ya mətbuat vasitəsilə bildirmişdilər. Eyni zamanda bu narazılıqlardan faydalanmaq istəyənlər də vardı. Çünki Mosul məsələsi tam şəkildə nəticələnməmişdi. Türkiyənin şərq vilayətlərində qarışıqlıq yaratmaqla ona təzyiq planı işə salınmaqdaydı.
Cümhuriyyətin elanından 1 il 4 ay sonra şərqdə Şeyx Səid üsyanı başladı. 13 fevralda başlayan bu üsyan 15 aprelə qədər davam etdi. Bu hadisədən bir il öncə isə Nəsturi üsyanı başlamış, hərəkatın İngiltərədən dəstəkləndiyi məlum olmuşdu. Belə ki, 6 avqust 1924-cü ildə İngiltərə Mosul məsələsinin İraqın xeyrinə həll edilməsi ilə bağlı Millətlər Cəmiyyətinə müraciət etmişdi. Bir gün sonra isə Hakkaridə Nəsturi qiyamı baş vermişdi. Millətlər Cəmiyyəti 11 fevral 1925-ci ildə yerində tədqiqat aparmaq üçün bölgəyə üç nəfərdən ibarət heyət göndərmişdi. Bu heyətin fəaliyyətə başlamasından cəmi iki gün sonra Şeyx Səid üsyan etmişdi.
Qiyamın məqsədi yeni qurulan Türkiyə dövlətini və edilən inqilabları, dünyəvi sistemi rədd etmək, şəriətə əsaslanan idarəçilik qurmaqdı. Ona görə də şüarları bu şəkildə idi: “Xəlifə sizi gözləyir”, “Xəlifəsiz müsəlman olmaz”, “Xəlifə məmləkətdən çıxarıla bilməz”, “Hökumət dinsizdir”, “Şəriət istəyirik”, “Qadınlar çılpaqdır”, “Məktəblərdə dinsizləşdirmə gedir” və s.
Özü də birbaşa üsyana qatılan bu nəqşibəndi təriqətinin şeyxi bölgədəki hərbi yetərsizlikdən istifadə edərək yaxın əraziləri ələ keçirmişdi. Vəziyyət qarşısında tənqid edilən Fethi bəy hökuməti istefaya getmiş, 3 martda İsmət paşanın öndərliyində yeni hökumət qurulmuşdu. Üsyançılara qarşı sərt tədbirlərə əl atan İsmət paşa “Təqrir-i sükun” qanunu elan etmiş, İstiqlal məhkəmələri qurulmuşdu. Sürətli şəkildə əməliyyatlara başlayan türk ordusu qiyamı yatırtmış, 15 apreldə Şeyx Səid həbs edilmişdi. 28 iyunda verilən hökmlə Şeyx Səid və 46 tərəfdarı edam olunmuşdular. 1927-ci ilə qədər davam edən istiqlal məhkəmələri 5110 nəfəri mühakimə etmişdi.
Şübhəsiz ki, istiqlal savaşını qazanan türk ordusu dini simvollardan, xalqın dini duyğularından istifadə edən xarici dəstəkli qiyamı yatıracaqdı. Amma bütün hallarda bu qiyam ona dəstək verənlərin məqsədlərini həyata keçirdi. Mosul məsələsi Türkiyənin əleyhinə nəticələndi.
Gələn il Türkiyə Cümhuriyyəti 100-cü ildönümünü qeyd edəcək. Şeyx Səidlər bu gün də lənətlə xatırlanırlar. Çünki vətən müharibəsindən qələbə ilə çıxan dövləti cəzalandırmaq üçün onu içəridən dağıtmaq istəmişdilər. Nəticədə Allah və din adından istifadə edən separatçılar, üsyançılar bu həssas anlayışlara sığınmışdılar. Amma Mustafa Kamal və İsmət paşaların qətiyyətli addımları dövləti və milləti bu bəladan xilas etmişdi.
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü