Qırmızı.az
Şeyx Şamilin nəvəsi: "Rəsulzadəyə qibtə edirdik”
Rusiyanın Şimali Qafqazı işğalından sonra bu ölkənin görkəmli şəxsləri istiqlal mübarizəsini Avropada davam etdirdilər. Həmin şəxslərdən biri də məşhur Şeyx Şamilin oğlu Məhəmməd Səid Şamildir.
Səid Şamil 1901-ci ildə Mədinədə doğulub. Atası şeyx Şamilin kiçik oğlu Məhəmməd Kamil paşa, anası Nəbihə xanım idi. Bu ailənin Naciyə və Nəcabət adlı iki qızı da olub.
Şamilin nəvəsi sonralar Qalatasaray liseyi kimi tanınan Məktəb-i Sultanidə təhsil alıb. Babası çox da uzaq olmayan keçmişdə ruslara qarşı silahlı mübarizəsi ilə bütün Qafqazda məşhur olduğu üçün bolşeviklərlə mücadiləyə onun oğlu dəvət edilir. Lakin Kamil paşa yaşlı və xəstə olduğu üçün onu oğlu Səid Şamil əvəzləyir. O, 1920-ci ilin oktyabrından 1921-ci ilin martına qədər silahlı dirənişə rəhbərlik edir.
Rus qüvvətləri qarşısında tab gətirə bilməyən Səid bəy bəzi silahdaşları ilə birgə Gürcüstana, oradan da Türkiyəyə yola düşür.
Azərbaycan, Türküstan, Gürcüstan və sair ölkələrin mühacirləri kimi II Dünya müharibəsinə qədərki dövrdə Səid Şamil də Şimali Qafqazın təmsilçisi kimi qurulan təşkilatlarda yer alır. Prometey təşkilatında təmsil olunan Səid bəy həm də Qafqaz Dağlıları Xalq Partiyasının da qurucusu olur. Bu kimliklə Türkiyə, Fransa, İngiltərə, Çexoslavakiya, Polşa kimi ölkələrin təmsilçiləri ilə münasibət qurur.
O, Qüds müftisi Əmin əl-Hüseynin dəvəti ilə 7 dekabr 1931-ci ildə həmin şəhərdə baş tutan İslam Konfransında iştirak edir, sədarətdə ən gənc divan üzvü olmasına baxmayaraq kommunizm əleyhinə qərarların qəbul edilməsində önəmli rol oynayır. II Dünya müharibəsi illərində Berlinə dəvət edilsə də, almanlarla anlaşmayıb Türkiyəyə qayıdır. Burada “Şimali Qafqazlılar Türk Kültür və Yardımlaşma Dərnəyi”nin qurucularından olur. Eləcə də 1978-ci ildə bu dərnəyin yaratdığı “Şamil Təhsil və Kültür Vəqfi”nin də yaradıcıları arasında yer alır.
Səid bəy 1981-ci ildə həcc ziyarətinə gedir. Orada zəm-zəm suyu ilə dəstəmaz alarkən ürəyi gedərək yerə yıxılır, başından ağır yaralanır. Səudiyyə Ərəbistanında ölmək istəməyən Şamili İstanbula gətirirlər. Evə qayıtdıqdan bir neçə gün sonra - 21 mart 1981-ci ildə bu şəhərdə vəfat edir, Qaraca Əhməd məzarlığında dəfn olunur.
Türk, ərəb, fransız və rus dillərini bilən Səid Şamil “Montagnards du Caucase” (Paris 1930), “Xitab müməssil əl-Qafqazi” (Dəməşq, 1956), “Dış Türkler ve Sosyalizm” (İstanbul 1971), “Yahudi Davası ve Filistin” (İstanbul 1976, 1991) kimi əsərlərin müəllifi olub.
Şamil Rəsulzadə haqqında
Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə 6 mart 1955-ci ildə Ankarada vəfat edir. Martın 13-də İstanbulda Azərbaycan Kültürünü Tanıtma Dərnəyinin binasında onunla bağlı anım mərasimi keçirilir. Mərasimdə İstanbulda yaşayan mühacir azərbaycanlılar (Əhməd Cəfəroğlu, Mirzəbala Məhəmmədzadə və b.) ilə yanaşı türk ellərinin məşhur siyasi xadimləri də iştirak edirlər. Zəki Vəlidi Toqan, Cəfər Seydahməd Krımər, Abdullah Battal Taymas, Sədri Maqsudi Arsal, Həmdullah Sübhi Tanrıövər və başqaları mərhum haqqında xatirə və fikirlərini bölüşürlər. Şimali Qafqaz adına danışanlardan biri də Şeyx Şamilin nəvəsi Səid Şamil olur.
O, çıxışında daha çox Rəsulzadənin partiyaçılıq fəaliyyəti üzərində dayanır:
“Azərbaycanlı həmşəhrilərim və qardaşlarım! Tarix boyunca sizinlə müqəddarat birliyi qurmuş olmağımız hesabı ilə böyük matəmimizin acısını sizin qədər biz də hiss etməkdəyik. Bir tavan altında sizinlə əməkdaşlıq etməkdə olan Şimali Qafqaz Türk Kültür Dərnəyi adına sizə başsağlığı verirəm. Bu başsağlığımda bütün şimali qafqazlıların tərcümanıyam desəm, həqiqəti ifadə etmiş olaram. Məndən əvvəl danışan hörmətli dostlar mərhumun qabiliyyətlərini və məfkurəvi baxımından etdiyi xidmətlərin əzəmətini çox yaxşı açıqladılar. Mənə söyləyəcək söz saxlamadılar. Bu səbəblə, eyni şeyləri təkrar etməmək üçün söylənməyən bir neçə mövzuya təmas edəcəyəm.
Əziz qardaşlar, Əmin bəyin burada açıqlanmayan partiya idarəçiliyi vardır. Onun bu bacarığı yalnız Azərbaycan türklərini deyil, rus məhkumu bütün türk ellərini əlaqədar edər. Səbəbi:
1. Rus imperializminin qurbanı olan türk və müsəlman varlıqlar uğradıqları işğal nəticəsində dövlət idarəçiliyini itirdilər. Bundan dolayı ümmət və camaat yoluna sapmaq məcburiyyətində qaldılar. Bu səbəbdən rus təzyiqinə qarşı müqavimətləri siyasi olmaqdan daha çox dini olmuşdur.
Rəsulzadə Əmin bəy Müsavat partiyasını qurmaqla buna siyasi bir istiqamət verdi. Təəssüf doğuracaq səbəb bu həmlənin bütün türk ellərində eyni zamanda edilməməsi idi. Buna səbəb bu təşəbbüsdən çox keçməmiş rus inqilabının baş verməsi idi. Əgər bu inqilab bir az daha ləngimiş olsaydı, bütün türk elləri Əmin bəyin çəkdiyi bu yolu izləmək imkanını tapacaqdır. Nəticədə çarizmə qarşı mücadilə təşəkkül tapmış olacaq və inqilabdan istifadə etmək imkanları yaranacaqdı. Təəssüf ki, bu olmadı. 1917-1918-ci illər inqilabında rus məhkumu türk və müsəlman xalqı hazırlıqsız oldu. Böyük bir imkan əldən qaçırıldı;
2. Siyasi partiya olaraq Müsavat firqəsinin irəli sürdüyü ideyaların üzərində ciddi durmaq lazımdı. Partiyanın ideoloqu kimi Məhəmmədəmin bəy yalnız rus məhkumu türk ellərində deyil, xaricdə də türk və müsəlman varlıqlar arasında partiyası hesabına qara xalqın dərdlərini ələ almışdır. Sosial mövzuları real və modern zehniyyətlə formullaşdırmaq bəsirətini göstərmişdir. Müsavat partiyası bugünkü mənası ilə bir sinif partiyası deyildi. Fəqət cəmiyyəti təşkil edən siniflərin həyati davalarını bir baxışda ələ almış və ictimai ədalət məfhumu ilə həllinə çalışmışdır. Bu baxımdan Müsavat partiyası müasirləri arasında nüfuz qazanmışdır. Bu, inkaredilməz bir həqiqətdir;
3. Nəhayət, Rəsulzadə Əmin bəy üzərinə aldığı davaların öhdəsindən gələn və bunların mahiyyətini bilən müsbət şəxsiyyətdir. Baxın, əsrlər boyu bu məmləkətə müxtəlif türk ellərindən davamlı surətdə köçlər olmuşdur. Bu mühacirlərin hamısı vətən sevdalıları idi. Fəqət onların heç birisi Məhəmmədəmin Rəsulzadə kimi gələr-gəlməz işə başlamamış və onun kimi nəşrlər etməmişdir. Nəticədə Rəsulzadənin Azərbaycan davasına təmin etdiyi tanıtımı onlar zamanında öz davalarında edə bilməmişdilər. Bu baxımdan biz şimali qafqazlılar mərhuma qibtə ilə baxırıq. Rəsulzadə Əmin bəy bu səbəbdən həyatı boyunca çox təzyiqlərə məruz qaldı. Onun məhsuldar çalışmaları və mövcudluğu bu təzyiqləri artırırdı. Mən şəxsən mərhumla çox müzakirə və münaqişələr etdim. Lakin əsas prinsipdə hər zaman ortaq idik. 34 illik mühacirət həyatında mühüm bütün təşəbbüsləri əl birliyi ilə etdik. Son səyahətə belə birlikdə getmişdik.
Əmin bəy gözlərini artıq əbədiyyətə qapamışdır. Azərbaycan milli hərəkatı ən qüvvətli mücahidini itirmiş vəziyyətdədir. Bunu biz sizin qədər başa düşürük. Buna görə böyük matəmimizdə bütün qəlbimizlə iştirak edirik. Mərhuma rəhmət diləyirik. Başımız sağ olsun!”
Səid Şamil, eləcə də digər Şimali Qafqaz nümayəndələrinin Azərbaycan mühacirləri ilə münaqişəsi barədə isə növbəti yazılarımızda məlumat verəcəyik.
-
MDB21:00
Təyyarəmizi vuran raketin qalığı görün HARADA TAPILDI - VİDEO
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO