Cümhuriyyət səfirinin unudulmuş məzarı
Bizi izləyin

Köşə

Cümhuriyyət səfirinin unudulmuş məzarı

Dilqəm Əhməd

Ötən ilin oktyabrında Xoylu ailəsindən Leyla xanımı ziyarət edərkən Azərbaycan Cümhuriyyətinin Qacar dövlətindəki səfiri Adil xan Ziyadxanın məzar yerini soruşdum. Seyid Əhməd dərəsi məzarlığında olduğunu bildirdi. Həmin məzarlıqda Azərbaycan mühacirlərinə aid xeyli məzar yeri aşkarlasam da, təəssüf ki, Adil xanın qəbrini tapa bilmədim.

Bu barədə Feysbukda yazdıqdan sonra yenə Xoylular nəslinin nümayəndəsi dəyərli Kərim Mehmetzadə bəy dəqiq ünvanı göstərdi: Kitabçı Qasım bəyin ailə məzarlığında Adil xana və ailə üzvlərinə yer ayrılıb.
Ötən gün yenidən həmin məzarlığa yollandım və Qasım ailəsinə məxsus məzar yerində Adil xanın məzarını gördüm...

Təəssüf ki, məzar yeri Azərbaycanı Qacar dövlətində təmsil edən bir şəxsə layiq şəkildə deyildi. İstanbuldakı məzarlıqların siyahısını hazırladığım üçün bu məzarı da qeydə alıb geri döndüm...

***

Adil xan 1877-ci ildə Gəncədə doğulub, Cavad xanın nəticəsidir. Aildə üç qardaş olublar. Özünün yazdığına görə, böyük qardaşı İsmayıl xanla o, Moskva Universitetində ali hüquq təhsili alıb, digər qardaş Şahverdi xan ali hərbi məktəbi bitirib, hərbi süvari qoşun hissəsində xidmətə daxil olub. İsmayıl xan Peterburqda yaradılmış Rusiya Milli Şurasının Birinci Məclisinə Qafqazın Azərbaycan bölgəsinin müsəlmanları tərəfindən vəkil seçilib. 1906-cı ildə imperator bu məclisi buraxandan sonra etiraz edərək Vıborq bəyannaməsini imzalayan və buna görə həbsə atılanlar arasında İsmayıl xan da olub.

Adil xan 1906-cı ildə Qafqaz canişini yanında Tiflisdə keçirilən azərbaycanlılarla ermənilərin nümayəndələrindən yaradılmış "barışdırıcı komissiyanın" toplantısında iştirak edib, Difai partiyasının təşkilat komitəsinin üzvlərindən biri olub. Adil xan 1917-ci ilin fevral inqilabından sonra Gəncədə yaradılmış Milli Müsəlman Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin 7 üzvündən biri olub.

1918-ci ildən Azərbaycan Cümhuriyyəti xarici işlər nazirinin müavini işləyib. 1918-ci ilin oktyabr ayının əvvəllərində yeni xarici işlər naziri olmuş Ə.Topçubaşov Bakıda olmadığı üçün A.Ziyadxan həmin ilin dekabr ayının sonlarında yeni hökumət qurulana qədər xarici işlər nazirini əvəz edib. Naziri əvəz etdiyi dönəmdə Adil xan baş nazir Fətəli xan Xoylu ilə birlikdə xalqların təyini müqəddərat hüququnu tələb edən ABŞ prezidenti Vudro Vilsona müraciət ediblər: “Avropanın qüdrətli hakimiyyətinə müraciət etməzdən əvvəl Azərbaycanın xalqı və hökuməti kiçik məzlum millətlərin hamisi kimi sizin humanist şəxsiyyətinizə üz tutur və inanır ki, siz sözünüz və əməllərinizlə Zaqafqaziyadakı Azərbaycan Cümhuriyyətinin müstəqil dövlət kimi tanınmasında ona kömək edəcəksiniz”.

Adil xan 1919-cu ilin noyabrında Qacar dövlətinə səfir təyin edilib. Xatirələrində bu barədə belə yazıb: “15 yanvar 1920-ci il tarixində Tehrana daxil oldum. Ali dövlət tərəfindən rəsmən qəbul edilərək öz etimadnaməmi təqdim edib Azərbaycan Cümhuriyyətinin Kəyan paytaxtında ilk səfarətxanasını təsis etdim”.

O, daşıdığı vəzifə ilə yanaşı Azərbaycan Cümhuriyyətinin tanıdılmasında da mühüm iş görüb. 1919-cu ildə Bakıda "Azərbaycan: tarixi, ədəbi və siyasi vəziyyəti" adlı kitabı nəşr edilib. Bu kitab qonşu ölkələrdə Azərbaycanı tanıtmaq məqsədilə yazılıb. Təsadüfi deyil ki, Tehranda konsulluq açıldıqdan sonra kitabın 3 min nüsxəsi qısa müddətdə Qacar dövlətində yayılıb.

Mühacirət həyatı

Azərbaycan Cümhuriyyətinin işğalından sonra Adil xan İranda qalıb. Bu barədə xatirələrində yazıb: “22 iyun 1921-ci il tarixindən şahənşahlıq yanında rəsmiyyətimi itirdim. Çünki ali dövlət bütün Sovet Respublikaları İttifaqı tərəfindən İran şahənşahlıq hökuməti yanında təyin olunmuş təkcə bir nəfər nümayəndəni rəsmi surətdə qəbul etmişdi”.

İranda qaldığı müddətdə Adil xan Tehranda bələdiyyə idarəsində, Sosial Təminat Nazirliyinin kənd təsərrüfatı şöbəsində, Təbrizdə Azərbaycan dəmir yolu və gəmiçilik işlərində çalışıb. Daha sonra İstanbula mühacirət edib, ömrünün axırınadək bu şəhərdə yaşayıb.

Adil xan 1954-cü ildə İstanbulda vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm