• USD 1,7000 0,00% EUR 1,9142 0,00%
    • GBP 2,1315 0,00% RUB 0,0271 0,00%

Cümhuriyyət ili və medalı

Cümhuriyyət ili və medalı

Dilqəm Əhməd

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Teleqraf” Media Qrupun əməkdaşı kimi “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olundum. Azərbaycan Cümhuriyyəti irsinin araşdırılmasında olan kiçik xidmətimin dəyərləndirilməsinə görə dövlət başçısına təşəkkür edir, sosial şəbəkədə bu münasibətlə məni təbrik edən mindən çox vətəndaşa minnətdarlığımı bildirirəm.

Yubiley medalının Cümhuriyyətin qurucusu Məhəmmədəmin Rəsulzadənin nəvəsi hörmətli Rəis Rəsulzadə ilə eyni gündə almaq mənim üçün xüsusi önəm daşıyır.

Əlbəttə ki, haqlı olaraq bəzi vətəndaşlar sual edə bilər ki, bu mükafat Dilqəm Əhmədə niyə verildi? Ona görə də təvazökarlıqdan uzaq olsa da, bəzi işlər haqqında hesabat vermək məcburiyyətindəyəm.

Yuxarıda qeyd etdiyim kimi, bu mükafatı “Teleqraf” Media Qrupun əməkdaşı kimi aldım. 7 ildir əməkdaşlıq etdiyim “Gündəlik Teleqraf” qəzeti və Teleqraf.com internet portalında bu illərdə Azərbaycan Cümhuriyyəti haqqında yüzdən çox yazı qələmə almışam. “Teleqraf” Cümhuriyyətimizin tarixinin işıqlandırılmasında əvəzsiz xidmətləri olan internet qəzetlərindən biridir. Ona görə də başda media qrupumuzun rəhbəri Aynur Camalqızı olmaqla, dəyərli redaktorlarımıza, müxbirlərimizə təşəkkür edirəm. Bu mükafat həm də redaksiyamızın uğurudur.

Hesabatımıza gəldikdə, 2018-ci ildə:

1. Azərbaycan Cümhuriyyəti və mühacirət tarixinə aid eksponatların sərgiləndiyi 23 Cümhuriyyət sərgisi keçirdim. İlk respublikamızın fəaliyyət göstərdiyi 23 aya müqabil olan bu sərgilər başda ADA Universiteti olmaqla ölkəmizin əksər universitetlərində (Bakı Ali Neft Akademiyası, Qərb Universiteti, Xəzər Universiteti, Turizm Universiteti, ADPU, ADU, AU və s.), AMEA-da, Milli Azərbaycan Tarixi Muzeyində, müxtəlif liseylərdə, təşkilatlarda baş tutdu; Bakı ilə yanaşı Gəncə və Sumqayıtda da sərgilər keçirdim;

2. Jurnalist həmkarım Vüsalə Abbasova ilə birgə yazdığımız layihə əsasında İstanbulda Cümhuriyyət xadimlərinin dəfn olunduğu Fəriköy İslam Məzarlığında Baş konsulluğumuz tərəfindən xatirə lövhəsi qoyuldu, ona yaxın məzar təmir edildi;

3. Yenə İstanbulda Cümhuriyyətin 100 illiyinə və şair, mücahid Əmin Abid Gültəkinin doğumunun 120 illiyinə həsr edilən “Buzlu cəhənnəm” kitabını nəşr etdirdim;

4. İstanbulla yanaşı Türkiyənin Manisa və Eskişehir şəhərlərində Cümhuriyyətin və İrəvanın tarixi ilə bağlı mühazirə ilə çıxış etdim, təhsil aldığım Marmara Universitetində Cümhuriyyət fotosərgisi təşkil etdim;

5. “Teas Press” Nəşriyyat Evindən səhifələrində onlarla yeni fotoşəklin, sənədin olduğu “Bir ildən yüz ilə” adlı kitabım çap olundu;

6. Presofessor Ədalət Tahirzadə ilə birgə “Azərbaycan Cümhuriyyəti. Qısa tarixi oçerk” adlı kitabımız rus, Danimarka, İsveç dillərində nəşr olundu;

7. Yenə Ə.Tahirzadə ilə birlikdə İsveçin iki şəhərində - Yöteburq və Stokholmda keçirilən konfransda iştirak etdik, orada yaşayan həmvətənlərimizə Cümhuriyyət tarixi haqqında məlumat verdik;

8. “Aranfilm” Yaradıcılıq Mərkəzinin istehsalı olan “Cümhuriyyət tələbələri” sənədli filminin ssenari müəlliflərindən oldum;

9. Dostum Yusif İlhamoğlu ilə birgə ilk sayı Cümhuriyyətin 100 illiyinə həsr olunan “Çapar” tarix dərgisini təsis etdik;

10. Cümhuriyyət qurucularına aid onlarla yeni fotoşəkil, sənəd, imzalı kitabı vətənimizə gətirə bildim;

11. Eləcə də başda Teleqraf.com olmaqla mətbuatda yüzə yaxın Cümhuriyyət haqqında yazılarım dərc olundu, Cümhuriyyət arxivim əksər televiziyalar tərəfindən işıqlandırıldı. Onlarla müxtəlif layihədə iştirak etdim.
Bütün bunları edərkən məni ən çox sevindirən vətəndaşlarımızın Cümhuriyyət irsinə verdiyi qiymət oldu. Onlar bu işləri şəxsim üçün deyil, müsəlman Şərqində parlaq bir imza qoymuş Cümhuriyyətimiz üçün edildiyini gördülər. Bu baxımdan sosial şəbəkədə yüzlərlə insanın “buna haqqın çatırdı” deməsi də mənim üçün ayrı bir mükafat oldu.

Aldığım təbriklər arasında professor Ədalət Tahirzadənin, Xanxoylular ailəsinin İstanbulda yaşayan nümayəndəsi dəyərli Kərim Mehmedzadənin, yenə İstanbulda yaşayan mühacir azərbaycanlı hərbçi korgeneral Mehmed Nuri Bərközün oğlu professor Sina Bərközün sözləri məni xüsusilə sevindirdi.

Sosial şəbəkədə məni daha çox duyğulandıran təbrik isə Şəfəq Mürsəllinin yazdığı oldu: “Bu günü 28 may kimi hiss etdim. Ana səhifəm Cümhuriyyət qoxuyur sayənizdə”.

Adi bir təqvim gününü 28 may günü kimi hiss etdirə bilmişəmsə, özümü xoşbəxt hiss etməliyəm.

Cümhuriyyət irsinin tədqiqində mənə kifayət qədər dəstək olmuş dəyərli alimlərimizə də təşəkkür edirəm. Dəyərli diplomatımız Ramiz Abutalıbov, professor Ədalət Tahirzadə, professor İbrahim Yıldırım, Ömər Özcan və digərlərinə minnətdaram.

Cümhuriyyətimizə aid qiymətli materialların alınmasında mənə dəstək olan Azərbaycanda, eləcə də Amerikadan Avstraliyaya qədər müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizə təşəkkür edirəm.

Təbii ki, bütün bunları 2019-cu ildə də davam etdirdim və qarşıdakı illərdə də edəcəyəm.

Nəhayət sonda...

İkinci ali təhsilimlə bağlı İstanbulda yaşadığım üçün mükafat atam Rəhim Əhmədova təqdim edildi.

Əslində, buna çox sevindim. Çünki fəaliyyətimdə mənə ən yaxından dəstək olanların sırasında ilk ailəm gəlir. Bu maraqlı təsadüflə onlara da təşəkkür etmək fürsətim oldu.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR