Qasım Süleymanidən Azərbaycana uzanan böyük təhlükə
Bizi izləyin

Köşə

Qasım Süleymanidən Azərbaycana uzanan böyük təhlükə

Dilqəm Əhməd

Yeni ilin ilk 10 günlüyündə, aylardan Qasımdayıq!

Amerikanın İrana hava zərbəsindən sonra yaranan Süleymani havası səngiməkdədir. İranın bu gecə həyata keçirdiyi cavab zərbəsi ilə müharibəyə xitam verilmiş olacaq.

Vaxtilə İslam inqilabının lideri Xomeyninin kəfənini də qopararaq özlərini həlak edən İran xalqı öldürülən generalını da bu şəkildə dəfn etməyə çalışdı. Onlarla insan həlak oldu.

Azərbaycanda da özünü həlak edənlər oldu. Qonşu dövlətin generalına “şəhid” deyib ağlayanlar, Amerikaya kin qusanlar, zalıma meydan oxuyanlar oldu. Generalın qətlinə sevinənlər də oldu, səbəb göstərildi ki, vaxtilə Qarabağın işğalında ermənilərə dəstək olub, İranın dəniz sərhədimizi pozmağa cəhd etdiyi məşhur əməliyyatı idarə edənlərdən olub. Bir sözlə, ölkəmizdə millətçilərlə, İran rejiminə simpatiya duyanlar arasında sosial şəbəkələrdə mübahisələri aşan qarşıdurmalar yaşandı.

Əlbəttə, kimin kimi, niyə sevməsi fərdin biləcəyi işdir. Necə ki ölkəmizlə heç bir uzaqdan-yaxından əlaqəsi olmayan Çe Qevaraya da sevgi duyanlar, rəhmət oxuyanlar var. Ona görə də İranla mütəmadi əlaqəsi olan, oradakı ayətullahlara təqlid edənlərin o ölkənin generalını sevməsi təbiidir. Amma təhlükəlidir.

Niyə?

Əvvəla 100 ildir ki, İran-Azərbaycan münasibətləri problemlidir, dəfələrlə İranın ali nümayəndələri tərəfindən bu və ya digər şəkildə ölkəmizin ərazi bütövlüyünə dolayı təhdidlər edilib. İkincisi ordu bir dövlətin varlığının təməl qaynağıdır və bu ordu öz dövləti yolunda istənilən addımı düşünmədən atacaq imkanlara və vəzifə öhdəliyinə sahibdir. Sabah Azərbaycanla İran arasında hər hansı münaqişə olduğu zaman qarşımızda əlində Quran tutan mollaları deyil, əlində silah tutan Qasımları görəcəyik. Buna görə də sabah potensial təhlükə ola biləcək qonşu dövlətin generalını sevmək fərd olaraq birinə xoşbəxtlik verirsə, millət olaraq faciəmizin üstünə bir daş da qoymaqdır.
İkincisi, İrandakı üləma və ordu sistemi bir-biri ilə qırılmaz şəkildə bağlıdır, hər ikisi İran dövlətçiliyinin, İran siyasi islam ideologiyasının mövcudluğunun qarantıdır. Başqa bir dövlətin dövlətçilik sisteminə sevgi bəsləmək öz dövlətinin varlığını təhlükəyə atacaq düşüncələrin cücərməsinə səbəbdir. Yəni Süleymaninin bağlı olduğu sistemlə İsrail, Çin, ABŞ kimi dövlətləri qoruyan sistemin bir fərqi yoxdur, bunların hər birinə rəğbət ölkəmiz üçün fəlakətdir.
Üçüncüsü, Azərbaycan Cümhuriyyətinin qurulması ilə ölkəmiz Səfəvilərdən bu yana formalaşan ideoloji kimliyimizin ayrılmasının təməli qoyuldu. Azərbaycan ziyalıları, siyasiləri Azərbaycanı Şərq bataqlığından xilas edərək, dünyəvi bir dövlətə, sekulyar cəmiyyətə çevirmək yolunda azı 90 il çalışdılar və buna nail oldular. Artıq 1920-ci ildə dövləti, milləti, ideologiyası olan, çağdaş dəyərlərə sahib bir Azərbaycan var idi. O, Azərbaycan ki, bütün dinlərə, məzhəblərə, xalqlara bərabər imkanlar yaratmış, hüquqlarını qorumuş, çağdaş qanunları tətbiq etmişdi. Eyni dəyərləri Qurtuluş savaşından sonra Mustafa Kamal paşa da Türkiyə üçün etmişdi. Məhz bunun nəticəsində Azərbaycanda vahid millətə söykənən, hər cür xarici, dini ideologiyalardan arınmış dövlət və toplum yaradıla bildi.

Dördüncüsü, İranın demokratikləşməsi, orada başda türklər olmaqla müxtəlif xalqların konstitusiyada təsbit edilmiş hüquqları əldə etmələri üçün ümmət anlayışı aldadılmışlığından xilas olub milli iradə, milli haqlar məsələsinin ortaya qoyulması və hədəfə çatmaq üçün bu üləma və ordu birliyinin zəifləməsi şərtdir. Unutmayaq ki, Pişəvəri hökuməti Azərbaycan hökuməti idi, bizim hazır bir keçmişimiz, hekayəmiz var və gələcək böyük Azərbaycan üçün qarşımızı kəsən hər cür təhlükədən, ideologiyadan uzaq durmaq lazımdır.

Mən İranın 30 ildə Azərbaycan üçün nələr etdiyinə toxunmaq istəmirəm. Bununla bağlı kifayət qədər məsələ sadalamaq olar. Buna qarşı arqument kimi də İranın ərzaq yardımından tutmuş, insanlarımızın oraya müalicəyə getməsinədək məsələlər qeyd oluna bilər. Üstəlik siyasiləşmiş islami ideologiya elə bir mövcudluqdur ki, bunun təhsillə, dünyagörüşlə heç bir əlaqəsi yoxdur. Bu, tapınmanın hər hansı bir islahı, müalicəsi yoxdur. Məsələn, hələ də oxumuş, ziyalı kimi qəbul edilən insanlar 2016-cı ilin 15 iyulunda Türkiyədə hərbi çevrilişə cəhd hadisəsinin arxasında Fətullah Gülənin dayanmadığını deyirlər. Çünki Süleymani kimi Fətullaha olan sevgi, inanc gözlərinin açılmasına, Vətənin, millətin yanında olmalarına imkan vermir.

Nə çoxdur qəlbləri və gözləri möhürlənmiş olanlar və başqa ölkələrin havasına oynayanlar...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm