Əliyev dünyanın gözü önündə Paşinyanı necə əzdi?
Bizi izləyin

Köşə

Əliyev dünyanın gözü önündə Paşinyanı necə əzdi?

Asif Nərimanlı

Dağlıq Qarabağ münaqişəsi tarixində ilk dəfə Azərbaycan və Ermənistan rəhbərliyinin beynəlxalq ictimaiyyətin önündə açıq debatı baş tutdu. Dünya siyasi arenasının diqqəti Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən bu müzakirələrdə idi: birincisi, bu debat ilk dəfə keçirilirdi, ikincisi, nəticədə münaqişə tərəflərinin hansının haqlı olacağı müəyyənləşəcəkdi.

Beynəlxalq hüquqda, BMT də daxil olmaqla mötəbər beynəlxalq təşkilatların qərarlarında işğala məruz qalan tərəf kimi Azərbaycan haqlıdır. Lakin siyasət elmində debat ictimai fikirdə haqlı olduğunu göstərmək üçün yaranmış fürsətdir və burada ictimai fikrə təsir etmək bacarığı mühüm rol oynayır.

- Məntiqi davamlılıq;
- Faktların dəqiqliyi;
- Auditoriyanı inandırmaq bacarığı;


Bu üç element debatın mahiyyətini təşkil edir və nə qədər haqlı olursansa ol, hər şey üç elementi özündə ehtiva edən çıxışdan asılıdır. Prezident İlham Əliyev ilk zərbəni elə ilk cümləsində vurdu: Mən bura həqiqətləri deməyə gəlmişəm.

Bu, auditoriya üzərində emosional üstünlüyü ələ almaq idi. Hərçənd, debatdan öncə Azərbaycan tərəfi ilk üstünlüyünü əldə etmişdi. Masanın bir tərəfində Azərbaycan, digər tərəfində Ermənistan əyləşib, bu o deməkdir ki, münaqişə tərəfləri masa ətrafında əyləşənlərdir və İrəvanın “Qarabağ münaqişə tərəfidir” iddiası elə başlanğıcdan sıradan çıxdı, təkcə Münhendə yox, bundan sonrakı təmaslarda da.

Debat başlayır və Əliyev məntiqi davamlılıqla dəqiq faktları sadalayır: səlis və düzgün ingiliscə ilə.

Burada hədəf auditoriyası beynəlxalq ictimaiyyət idi və həqiqətləri dünyaya öz dilində çatdırmaq olduqca önəmlidir. Azərbaycan lideri məhz bunu edirdi: tarixi faktları sadalayır, beynəlxalq hüquqdan sitatlar gətirir, işğal faktını sübut edir.

Qarşı tərəf – Paşinyan “Mən Prezident İlham Əliyevdən tarixin çox dərinliklərinə getməməyini xahiş edəcəyəm” sözləri ilə ilk avtoqolu vurdu. Auditoriya hansısa mövzudan yayınmağı bağışlamır. Və bir də mücərrədi sevmir.

- Paşinyan Əliyevin gerçək tarixi faktları önündə mücərrədə qaçdı və “böyük Tiqran”dan, onun Pompeylə danışıqlarından bəhs etdi.

- Əliyev “Mənim giriş nitqimdə dediklərim 100 faiz həqiqətdir. Hansılar ki, elə indi yoxlanıla bilər. Sadəcə, internetə daxil olub istinad etdiyim həmin sənədləri taparaq siz kimin həqiqəti deyib-demədiyini anlaya bilərsiniz” deməklə auditoriyaya əlçatan mənbələr göstərir.

Bir tərəfdə 2 min il öncə hansısa uydurma, digər tərəfdə hər kəs üçün əlçatan olan internet resursları. Azərbaycan lideri auditoriyanı sadə həqiqətlərlə inandırırdı.

Prezident İlham Əliyevin Paşinyanın Xocalı soyqırımı ilə bağlı Mütəllibov iddiasına cavabı, eləcə də Şaumyan rayonunun Dağlıq Qarabağın tərkibində olmadığını deməklə erməni baş nazirin primitiv savadının olmadığını göstərməsi qarşı tərəfin – işğalçı ölkənin dünyanın gözü önündə əzilməsi idi.

İlham Əliyev bu debatla özünün nə qədər hazırlıqlı və bacarıqlı siyasətçi olduğunu, lideri olduğu Azərbaycanın isə tarixi və hüquqi aspektdən haqlı olduğunu nümayiş etdirdi.

Və nəhayət, debatın sonu. Bu, olduqca vacib məqamdır:

Prezident İlham Əliyev: Sadəcə, bir qeyd edim.

Moderator: Konstruktiv olsun.

Prezident İlham Əliyev: Konstruktiv, bəli. Öz müqəddəratı haqqında danışacağam. Yalnız bu haqda. Yerevanda əhalinin XIX əsrin əvvəlində 70 faizinin azərbaycanlı olması faktını bir yana qoyuram. Bunu bir yana qoyuram...

Qeyd: Əslində Azərbaycan lideri “bu faktı bir kənara qoyuram” deməklə, bu mühüm faktı çatdırmaq üçün incə gediş etdi.

Moderator: Bu, konstruktiv deyil.

Prezident İlham Əliyev: Bunun haqqında danışmayacağam. Öz müqəddəratına gəldikdə, onlar hər zaman bu haqda danışırlar.

Moderator: 30 saniyə.

Prezident İlham Əliyev: Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!

Moderator: 30 saniyə.

Nikol Paşinyan: Cənab Prezident, bu, o qədər də konstruktiv olmadı. Lakin mən deyərdim ki, Böyük Tiqranın dövründə bizim regionda yalnız iki millət var idi: ermənilər və gürcülər.

Prezident İlham Əliyev: Ermənilər və ermənilər.

Azərbaycan lideri bununla son nöqtəni qoydu: erməni tarixi uydurmadan başqa bir şey deyil, Ermənistan işğalçı ölkədir və Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm