Kərbalanın karvanı, kədərin kodları
Bizi izləyin

Köşə

Kərbalanın karvanı, kədərin kodları

III məqalə

Kərbala qədər heç bir müsibətə bu qədər göz yaşı tökülməmiş, heç bir tarixi hadisə bəşərn vicdanında bu qədər böyük yara açmamışdır. Kərbala şəhidləri əsrlər keçdikcə tarixin qanlı səhifələrinin qəhrəmanlarına çevrilmişdir.

Ancaq hadisələrin üzərində nağılvari təhkiyəni, mifik təfəkkürü götürmək, ona zəkanın soyuq prizmasından baxmaq baş vermiş faciəni anlamaq yolunda atılan ilk addımdır.

O gün orda nə olmuşdu? O ordular niyə qarşı-qarşıya gəlmişdi? Haqq kim idi, batil kim? Yalana həqiqətin başını kəsəcək qədər qüdrət verən nə idi? Bu düşmənçiliyin tarixi kökləri nə idi?

Hüseyni şəhidlərin ən ucasına çevirib Yezidi lənət girdabına batıran Kərbalanı anlamağın zamanıdır.

Əvvəli yazılar...

Birinci yazı: https://publika.az/projects/xususi/418751.html

İkinci yazı: https://publika.az/projects/xususi/419245.html

Hüseyn Kərbala yolunda ikən şair Fərəzdakla qarşılaşıb ondan Kufədəki vəziyyəti soruşdu. Hər nə qədər Kərbala şairi Füzuli “Aldanma, şair sözü əlbəttə yalandır” desə belə Fərəzdak sözünü düzünü demişdi: Xalqın ürəyi səninlə, qılıncları isə Ümeyyəoğuları ilədir, ilahi təqdir göydən yerə enər və Allahın istədiyi olar”. Hüseyn onun cavabını çox bəyənmişdi.

Bir az sonra rastlarına çıxan iki yolçular Müslümün öldürüldüyünü, kufəlilərin verdikləri sözdən döndüklərini öyrəndilər. Hüseyn bu dəfə geri qayıtmaq istədi, ancaq Müslümün oğulları və qardaşları səfərdə israr edirdi. Çətin vəziyyət yaranmışdı və Hüseyn kimin istəsə çıxıb gedə biləcəyini bildirdi. (Şiə ədəbiyyatında bu hadisə “Şami-qəriban” adlanır) Karvandakıların çoxu geri qayıtdı. Cəmi 72 adam qalmışdı. Hüseynin geriyə yolu qalmamışdı.

Yeni Kufə valisi Ubeydullah Hüseynin Kərbalaya yaxınlaşdırdığını xəbər aldıqda onların susuz bir yerə tərəf sıxışdırılmasını əmr etdi. Ömər ibn Səd ibn Vəqqası onun üstünə göndərdi. (Bəziləri onu ikinci xəlifə Ömərlə qarışdırır, ancaq Ömər Kərbaladan çox-çox əvvəl vəfat etmişdi) Ömərin atası Səd ibn Vəqqas Peyğəmbərin ən etimad göstərdiyi insanlardan biri idi və Osmanı seçən heyətə o da daxil edilmişdi. Ömər könülsüz olsa da ona verilən tapşırığı icra etdi.

Hüseyn Ömərin elçisinə “İcazə verin, qayıdım” deyərək məsələnin sülhlə nəticələnməsinə çalışırdı. Onların, yəni Ömərlə Hüseynin gizlincə görüşdükləri də deyilir. Ancaq vali Hüseynin Yezidə biət etməsini tələb edirdi. Hüseyni Kufəyə çağıranlarından biri olan Əmr ibn Həccac onlarn su ilə əlaqəsini kəsdi. Ömərlə Hüseynin danışıqlarının konkret olaraq nədən ibarət olduğu məlum olmasa da Hüseynin xilafətin ucqarlarına gedib orda islamı yaymaq istədiyini dolayısı ilə siyasi maraqlarından əl çəkəcəyi barədə vəd verdiyi də güman edilir.

Razılıq əldə edilmək üzrə idi. Ancaq Əlinin keçmi silahdaşlarından biri valiyə daha sərt bir yol tutmasını məsləhət gördü. Ömərin yerinə də Şümürün komandan olması qərarlaşdırıldı. İgidliklə əlindəki Quranla Ömərin ordusunun qarşısına çıxan Hüseyn təsirli bir nitq söylədi. Ancaq ilk oxu Ömər atdı və Hüseyn və ətrafındakılar qılıncdan keçirildi. Hüseynin başı kəsilərək Yezidə aparıldı. (Hələ də bu başın harada basdırıldığı məchuldur)

Yezidin guya bu ölümdən mütəəssir olduğu və valini lənətlədiyi barədə fikirlər də var. Ancaq bu fikirlərin uydurma olduğu barədə mübahisə etmək də artıqdır. Belə olan halda ən azı valini cəzalandırardı. Ancaq bu qurama rəvayətin belə dərin bir mənası vardır. Çünki Hüseynin öldürülməsi elə bir dramatik vəziyyət yaratmışdı ki, Yezid özü də bu cinayətin məsuliyyətini öz üzərinə götürə bilməmiş və günahı valiyə atmışdır.

Yezid Kərbala hadisələrindən sonra cəmi üç il yaşadı. Ancaq ona duyulan nifrət bəşəriyyətin ömrü qədər uzun olacaqdır. Yezid islam tarixində ən nifrətəlayiq bir fiqur kimi əbədiləşmişdir.

Kərbala hadisələrinin islam tarixində oynadığı rolu dərk etmək üçün elə Kərbaladan sonra baş verən hadisələri xatırlatmaq kifayətdir. Cəmi beş il sonra Kərbala hadisəsinin intiqamı alınmışdır.

Muxtar Səqəfi. Hüseynin intiqamını məhz o alacaqdı. Kərbala döyüşü zamanında zindanda idi, çünki Hüseynin Kufəyə göndərdiyi Müslümü müdafiə etdiyi üçün həbsə atılmışdı. Bir müddət sonra həbsdən azad edildi. Xalqı Əməvilərə qarşı üsyana qaldıran Muxtar Hüseynin qatillərini ələ keçirərək edam etdi. Tarixdə misli görünməmiş bu qisas hərəkatı xalqın Hüseyn qatillərinə və Əməvilərə olan nifrətinin təzahürü və Hüseynin mənəvi qələbəsi idi...

Kərbala hadisəsinin qısa və qanlı hekayəsi bundan ibarətdir...

Qan Turalı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm