Can Dündar: “Bunları qələmə almaq qəddarlıqdır!” - FOTOLAR
Bizi izləyin

Layihə

Can Dündar: “Bunları qələmə almaq qəddarlıqdır!” - FOTOLAR

Bildiyiniz kimi, "Cümhuriyyət" qəzetinin rəhbəri, araşdırmaçı-jurnalist Can Dündar həbsdən çıxıb. Azadlığına qovuşan Can Dündar təəssüratlarını məşhur jurnalist Ayşə Armanla bölüşüb.

Maraqlı müsahibəni Publika.az-ın "Şirin söhbət"ində oxuya bilərsiniz.

- Aramıza xoş gəldin, Can Dündar. Necəsən, özünü necə hiss edirsən?

- Məşhur reklamda deyildiyi kimi, "qızğın qumlardan sərin sulara...". Eynilə belə hiss edirəm.

- Azadlıq necə bir hissdir?

- Sən demə, insan bəzi vərdişlərindən vaz keçə bilərmiş. Adam öz yatağında yatmaya, içki içməyə, hətta sevdiklərindən ayrı da qala bilirmiş, fəqət azadlıq çörək, su kimi bir şey imiş…

- İnsan azadlığın dəyərini ancaq dörd divarın arasında qalanda bilir?

- Yox. Azadlığın qiymətini həmişə bilirsən, ancaq həbsxananın qapıları üzünə bağlandıqdan sonra artıq çölə çıxa bilməyəcəyini dərk edirsən. Çox qəribə hissdir.

- Bəs ömür boyu həbsxanada qala biləcəyin ehtimalını heç düşündün?

- Xeyr, amma uzun müddət içəridə qalacağımı hesab edirdim. Bu müddətin iki-üç il çəkə biləcəyini zənn edirdim.

- Astroloqlardan biri sənin 2017-ci ilin sonuna kimi həbsxanadan çıxa bilməyəcəyini yazmışdı. O yazını oxudun?

- Bəli, gördüm. Əslində, o dosta zəng etmək istəyirəm. Deyəcəyəm ki, "qardaş, biz planetləri belə aldatdıq!" O, pis niyyətlə yazmamış ola bilər, ancaq həbsxanada olan biri üçün belə şeylər qələmə almaq qəddarlıqdır. Astroloji proqnozları ciddi qəbul edən biri deyiləm, ancaq buna baxmayaraq, o adamın empatiya duyğusunun olmadığını düşünürəm.

- Başqa hansı yazılar sənə mənfi təsir etdi?

- Bir yazı məni çox yaraladı. Bir nəfər bizim Diləklə evlilik tariximizi götürüb yazıb ki, "bunların oğlu maqistraturada oxuyur, deməli, filan yaşdadır. Onda bu uşaq nikahdankənar dünyaya gəlib". Eynilə belə yazıb. Çöldə olsaydım, gülüb keçərdim. Ancaq içəridə olanda insana toxunur. Bir neçə gün sonra həbsxanada pəncərənin yanında oturarkən başımı qaldırıb televizora baxdım. Altyazıda həmin adamın adı gözümə sataşdı. "Son dəqiqə! Öldü!" yazmışdılar.

İnana bilmədim. Qarğış etməmişdim. Həyat belədir, hamımız gedəcəyik. Yalan xəbərlər yazıb kiminsə qəlbini qırmağa dəyməz.

- Bir sıra jurnalistlərin iddia etdikləri kimi, həbs həyatını lüks villada yaşayırdın?

- (Gülür) Bəli, doğrudur, villada qalırdım! Onlara da tövsiyə edirəm. Allah onlara uzun müddət orada qalmağı nəsib etsin. Çox bəyəndikləri üçün deyirəm, yoxsa başqa niyyətim yoxdur.

İlk yazımda da bəhs etdiyim kimi, ora subay bir insan üçün normal şəraiti olan ev kimi idi. 24 saat suyu, yuxarıda yataqlar, aşağıda hamam və mətbəx vardı. Ancaq balaca bir problem mövcud idi – orada insan yox idi…

- İçəridə olanda özünü necə motivasiya etdin?

- Öz-özümə mütəmadi olaraq bunları dedim:

1."Bunu şəxsi məsələn halına gətirmə, bu, ölkənin məsələsidir"

2. "Özünü müdafiə etmə, hücuma keç! Çünki sən haqlısan"

3. "Yalnız qalma. Çünki səni təkləməyə çalışırlar".

- Çox gözəl. Ancaq bunları həbsdə etmək mümkündür? Bunu necə bacardın?

- Çöldəkilərlə xəbərləşdim. Dəli kimi yazmağa başladım. İnana bilməzsən, Kamerondan Merkelə qədər bütün Avropa liderlərinə məktub yazdım. Sonra Qərbdə adını bildiyim nə qədər qəzet varsa, hamısına məktub yazdım. "New York Times", "Washington Post", "Der Spiegel", "The Times"... Həyatımda heç vaxt bu qədər yazı yazmamışdım. Yazılarım bütün qəzetlərdə çıxırdı.

- Yazılarının yayımlandığından necə xəbər tuturdun?

- Vəkillər gətirirdi. Çox həyəcanlanırdım. Hamısını saxlayıram. Məsələn, İtaliyanın baş nazirinə yazdım. Avropa Birliyi zirvəsinə getmədən öncə əlinə çatıb. Yazmışdım ki, "Siz qaçqın məsələsini həll etmək istəyirsiniz, ancaq bizi də unutmayın. Biz Avropa dəyərlərini müdafiə edirik". O, italiyalı jurnalistlərə çatdırıb ki, "türkiyəli jurnalistin göndərdiyi məktub cibimdədir, içəridə Davutoğlu ilə bu mövzuda danışacağam". İnanın, bu o qədər dəyərli bir şeydir ki! Zindanın içində əl yazısı ilə məktub yazırsan və gedib İtaliyanın baş nazirinə çatır!

- Bu gücü necə əldə etmisən?

- Bu, mənim gücüm deyil, bu gücü həbsdə olarkən qazanırsan.

- Ancaq həbs edilən hər kəs belə davrana bilməz axı…

- Düz deyirsən. Mən əlimdəki imkanlardan yararlandım. Orada olanda bir şeyin fərqinə vardım: səni susdurmağa çalışdıqca səsin daha çox eşidilir. Yalnız qalmağını istəyirlər, sən dəstək olan kütlənin gücünü hiss edirsən.

- Heç ağlını itirəcəyini düşündün?

- Elə bir insan deyiləm. Fürsətlərdən yararlanıram. Orada mobil telefon yoxdur, qapını döyən də tapılmır, istədiyin bütün kitabları oxu, yazmaq istədiyin nə varsa, yaz.

- Orada da kitab yazdın?

- Bəli. Bir-iki həftəyə işıq üzü görəcək. Həbsdə olanda çox oxudum. Zamanı yaxşı dəyərləndirdim. Bu da ayaqda dayanmağıma kömək etdi. Bizim türk ədəbiyyatından bir çox həbsxana xatirələrini oxudum. Səbahəddin Əli, Orxan Kamal, Nazim Hikmət, Əziz Nesinin xatirələri ilə tanış oldum. Onları oxuyanda özünü bir ailənin üzvü kimi hiss edirsən. Bu, insana qürur verir. Təhsilim vardı, ancaq bu mərhələdən keçməmişdim. Öz-özümə deyirdim ki, "burada bir növ təcrübədəyəm". Yaxşı ki, müddət davam etmədi, doktorantura mərhələsinə çatmadım.

- Həbs olunmazdan öncə xaricdə idin. Heç ölkəyə qayıtmamağı ağlından keçirmədin?

- Yox. Ancaq bu barədə dostlar çox təkid edirdi. Deyirdilər ki, "ağlını başına topla. Əsla gəlmə. Bu yaşdan sonra həbsdə nə edəcəksən?". Üç-dörd ay ərzində 4 dəfə xaricə getdim. Ancaq istədiyim həyat sürgün həyatı deyildi. Gedib qayıtmasaydım, günahkar kimi davranmış olardım. Halbuki, mən səhv etdiyimi bir an belə düşünməmişəm.

- Ən çox hansı mövzularda çətinlik çəkdin?

- Soyuqdan qorxurdum, ancaq heç üşümədim. Yeməklərdə bir az problem olurdu. Lakin mən elə şeylərə fikir verən adam deyiləm. Dörd kilo arıqladım. İçki də olmadığı üçün orqanizmim özünü bərpa etdi. Həbsxanaya düşmə təhlükəsi olanlara hər şeyə hazırlıqlı olmağı tövsiyə edirəm.

- Hər şeyə hazırlıqlı olmaq deyəndə nəyi nəzərdə tutursan?

- Ac-susuz qala bilərsən, orada sən heç kimsən. Çöldə kim olduğun maraqlı deyil. Bir də yumor hissin güclü olmalıdır. Hər şeyi zarafata salmağı bacarmalısan.

- Bu üç ay ərzində "bütün bunlara dəyməzmiş" deyə düşündünmü?

- Əsla! Bu gördüyüm ən yaxşı iş oldu. Əslində, çox asan keçdi. Mənim araşdırmaçı-jurnalist kimi ən çox əziyyət çəkdiyim iş deyildi.

- Heç sərhədi aşdığını düşünmədin?

- Xeyr. Xəbəri yayımlayanda tərəddüdüm yox idi. Ancaq sonra belə bir təhlükə var ki, siyasi fiqura çevrilirsən. Təkrar jurnalist kimliyimə qovuşmalıyam. Jurnalist bu qədər göz önündə olmamalıdır. Kameranın arxasında qalmalıyam.

- Bir sıra jurnalistlər sənin etdiyini "Vətənə xəyanət" adlandırır.

- Hər şey əsas suala gedib çıxır: Jurnalist kimdir? Jurnalist vətənini müdafiə etməlidir? Bu mənə kifayət etmir. Vətən sevgisi dediyimiz duyğuya günahkarları qorumaq daxil deyil. "Mən olsam, yayımlamazdım" deyənlər əsl jurnalist deyil. Gedib dövlət məmuru olsunlar.

- Konstitusiya Məhkəməsinin sənin lehinə qərar verməsinə təəccübləndin?

- Bu qərarı gözləyirdim. Bu, bir çox insanın azadlığa qovuşmasına köməklik edəcək.

- Bu qərarı verənlərin vəzifəsi indi təhlükə altında deyil?

- Elə deyil. Çox böyük bir olay baş verməsə, yerlərində qalacaqlar. Onların verdiyi qərar beynəlxalq aləmdə Konstitusiya Məhkəməsinin prestijini yüksəltdi.

- Həbsdən çıxanda səni ən çox nə təəccübləndirdi?

- O hissləri ifadə etmək mümkün deyil. Taksimdə xarici mətbuat nümayəndələri üçün konfrans təşkil etdik. İnsanlar çox həyəcanlı idi. Hamı məni salamlayırdı. Bir dilənçi gəldi, qucaqladı, "qardaş, keçmiş olsun!", dedi və pul istədi. Mən də "həbsxanadan yeni çıxmışam, pulum yoxdur", dedim.

- Səni təkrar həbs edə bilərlər?

- Bura Türkiyədir, hər şey ola bilər, amma biz yıxılmadığımızı, əksinə daha da yüksəldiyimizi göstərdik.

İlknur Salamova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm