Layihə
N.B.Ceylan: “Kino necə yaşamalı olduğumuzu öyrədir”
Nuri Bilgə Ceylan, bəlkə də, yeganə türkiyəli rejissordur ki, dünyanın sayılıb-seçilən sənətçiləri arasına daxil olub. O, "Kasaba", "Mayıs sıkıntısı", "Uzak", "İklimler", "Üç maymun", "Bir zamanlar Anadolu"da kimi filmlərlə bütün dünyada şöhrət qazana bilib.
Nuri Bilgə deyəndə ilk növbədə ağlımıza 3-4 saat çəkən, fəlsəfi və siyasi mesajlar daşıyan, hər adamın rahatlıqla izləyə bilməyəcəyi filmlər gəlir. Onun filmlərində möhtəşəm mənzərələr geniş planda yer alır. Bu da səbəbsiz deyil. Çünki Nuri Bilgə həm ssenari yazarı, həm də fotoqrafdır və fotoqrafiyadakı ustalığını filmlərində əks etdirməyi xoşlayır.
57 yaşlı rejissorun ən uğurlu filmi 2014-cü ildə Kann Film Festivalının ən nüfuzlu mükafatı olan "Qızıl Palma"ya layiq görülən "Qış yuxusu"dur.
Onun "Qış yuxusu", Yılmaz Güneyin "Yol" filmindən sonra bu mükafata layiq görülən ilk türk filmi olub.
Onun filmləri kimi özü də anlaşılmaz və qapalıdır. Rejissor müsahibə verməyi xoşlamır, göz önündə olmamağa çalışır.
Publika.az Nuri Bilgə Ceylanın filmlərini daha yaxşı dərk etmək istəyənlər üçün əsl fürsət yaradır.
"Şirin söhbət" layihəsi çərçivəsində oxuyacağınız bu müsahibə rejissoru daha yaxşı anlamağınıza kömək edəcək.
- Müsahibə verməyi sevmirsiniz. Bu, nə ilə əlaqələlidir?
- Müsahibələrdə həqiqətlər ortaya çıxmır. Müsahib az da olsa özünü müdafiə edən mövqedə olur. Bu diktofon söndürülsə, söhbətimizin daha dürüst alınacağına inanıram. Buna baxmayaraq, hazırda da olduqca dürüst olmağa çalışıram. Müsahibə verməyi yox, müsahibə oxumağı sevirəm. Əlimdən gəldiyi qədər yalan danışmamağa çalışacağam. Yeri gəlsə, zəif nöqtələrimi də paylaşmağa hazıram.
- Filmə olan marağınızı nə vaxt kəşf etdiniz?
- Uşaqlıq illərimi dəqiqliyi ilə xatırlayıram. O illərdə necə yaşayacağımızı, necə yaşamalı olduğumuzu bizə kino öyrədirdi. Günlərlə filmlərin təsirindən çıxa bilmirdik. Bir dəfə Yenicədə olanda çərpələng uçururdum, bacılarımı gördüm, kinodan gəldiklərini dedilər. Məni çağırmadıqları üçün çox pis olmuşdum, ürəyimdə elə küt bir ağrı hiss etmişdim ki, indi də xatırlayıram. Yenicə üç min insanın yaşadığı kiçik bir qəsəbə idi, hər deyəndə kino gəlmirdi. İlk izlədiyim film deyəsən, "Poseydon macərası" adlanırdı. Ağ-qara film idi. Film mənə çox təsir etmişdi.
- Rejissor olmaq çətindir?
- Elə bir mif var. Guya bu peşə çox çətindir. Film sahəsində işləyənlər də ciddi qəbul edilmək üçün bu mifi dəstəkləyirlər. Halbuki, yaxşı film çəkmək çətindir, sadəcə, film çəkmək isə elə də çətin deyil.
- Sizcə, yaxşı film necə olmalıdır?
- Yaxşı film estetika ilə əxlaqi həssaslığı tarazlaya bilən, onları bir arada təqdim etməyi bacaran filmdir.
- Bir çoxları filmlərinizin çox uzun olduğundan şikayətlənir, bəziləri də sıxıcı işlər ərsəyə gətirdiyinizi deyir. Hətta kino zalını yarıda tərk edənlərin də olduğu deyilir. Bütün bunları necə qarşılayırsınız?
- Filmimi bəyənməyənlərin oflayıb-puflayaraq başqalarına neqativ enerji yaymalarındansa, zalı tərk etmələri həm onlar üçün, həm də mənim üçün daha yaxşı olar. Mən də bəzən izləyici kimi bunu edirəm. Necə ki, romanı bəyənməyəndə yarımçıq qoyuruq, kinoda da bu azadlıq var. Ancaq onu da nəzərinizə çatdırım ki, keyfiyyətli bir çox əsər ilk başda insana sıxıcı gəlir. Lakin sona qədər dözəndə o sənin ən sevimli əsərinə çevrilə bilir. Bu mənim başıma dəfələrlə gəlib.
- "Qış yuxusu" filminin ssenarisini yazarkən Anton Çexovun "Arvadım" və "Yaxşı insanlar" adlı hekayələrindən faydalanmısınız. Film üçün sizə bu hekayələr ilham vermişdi?
- "Arvadım" adlı hekayə 10-15 ildir ki, məni düşündürürdü. Ancaq o hekayədə obrazın daxili düşüncələri və ətraf mühitin təsviri həddən artıq çoxdur. Ona görə də həmin hekayə əsasında film çəkmək çətin olardı. Bu fikir məni həm qorxudur, həm də özünə cəlb edirdi. Bəlkə də, "Bir zamanlar Anadolu"da adlı filmdə də Çexov hekayələrindən istifadə etdiyim, bu sahədə təcrübəli olduğum üçün cəsarətləndim. Hekayənin özünəməxsus atmosferini kinoya gətirmək istəyirdim. Ssenari üzərində işləyərkən hekayə budaqlandı, yeni obrazlar daxil etməli oldum. Ebru (Nuri Bilgənin həyat yoldaşı, aktrisa və ssenarist – red.) ilə birgə işləyirdik, çalışırdıq ki, hekayədəki bəzi dialoqları və fikirləri ssenariyə daxil edək. Bunu elə etmək lazım idi ki, filmdə qopuqluq yaranmasın, hər şey bir-birini tamamlasın.
- Belə görünür ki, Anton Çexov ən sevimli yazarınızdır...
- O, demək olar ki, bütün filmlərimin ilham mənbəyi olub. Mənə, sadəcə, necə film çəkməli olduğumu yox, hətta necə yaşamalı olduğumu da öyrədib. "Kasaba"da, "Mayıs sıkıntısı"nda, ən çox da "Bir zamanlar Anadolu" filmində Anton Çexovun izlərini aydın şəkildə görə bilərsiniz.
- Kanndakı mətbuat konfransında demişdiniz ki, küçə dilini kinoya gətirmək asandır, kitab dilini isə filmə adaptasiya etmək olduqca çətindir. Bu çətinliyin öhdəsindən necə gəldiniz?
- Bu filmin mənim üçün ən əhəmiyyətli cəhəti ssenarisinin ədəbi və fəlsəfi yüklə dolu olması idi. Necə ki, ədəbi əsərlərdən, fəlsəfə mətnlərindən, teatrdan zövq alırıq, bu filmi də izləyəndə eyni hissləri keçirməli idik. Ona görə də dialoqlara uyğun aktyor və aktrisalar tapmalı idim. Ən professionallar lazım idi ki, Çexovdan götürdüyüm fikirləri inandırıcı şəkildə çatdıra bilsin. Ona görə də, Aydın obrazını yaradarkən Haluk Bilginərdən başqasının onun canlandıra biləcəyini düşünmədim. Haluk başqa layihə ilə məşğul idi. Onu gözlədim, çəkilişləri ona uyğun olan tarixlərdə apardıq.
- Gələcəyin kinorejissorlarına nə tövsiyə edərsiniz?
- Doğru bildikləri yolda təkbaşına irəliləsinlər.
İlknur
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Magazin130 Aprel 23:12Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə REAKSİYA
-
Səhiyyə30 Aprel 23:00Macar Cərrahdan BÖYÜK UĞUR: Döyünən yaralı ürəyə küçədə tikiş atdı
-
İdman30 Aprel 22:36Qurban Qurbanov: "Həmişə çempion olası deyilik ki..."
-
MDB30 Aprel 21:00"Qiyamət radiosu" yeni sirli söz yayımladı
-
Sosial30 Aprel 20:48Azərbaycanda çörək bahalaşıb? - RƏSMİ AÇIQLAMA
-
Sosial30 Aprel 20:36Paytaxt sakinlərinin NƏZƏRİNƏ: bu yollar təmirə bağlanır - FOTO
-
Dünya30 Aprel 19:48Cəsədlərinin qalıqları kiçik qutularda ailələrinə təhvil verildi


















.png)
.jpg)














