Evində silah saxlayan əməkdar artist: “Gecəyarısı zəng gəldi ki…” - MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Layihə

Evində silah saxlayan əməkdar artist: “Gecəyarısı zəng gəldi ki…” - MÜSAHİBƏ/FOTOLAR

Gənc olmasına baxmayaraq, çox tez sevilən və populyarlıq qazananlardandı. Dövlət də onun sənətini yüksək qiymətləndirib.

Babək Niftəliyevi deyirəm. Tay-tuşlarını geridə qoyub əməkdar artist fəxri tituluna layiq görülüb. Amma bəzi həmkarlarından fərqli olaraq ulduz xəstəliyinə tutulmayıb, şöhrətdən başı gicəllənməyib.

Gənc xanəndə, əməkdar artist Babək Niftəliyevin Publika.az-a müsahibəsini təqdim edirik.

- Babək bəzi həmkarların kimi əməkdar artist fəxri ad alandan sonra ulduz xəstəliyinə tutulmadın ki?

- Allah eləməsin. Əvvəlki kimi öz işimlə məşğulam. Qastrol səfərlərinə çıxıram, ölkəmizi xarici ölkələrdə təmsil edirəm, yeni mahnılar yazdırıram.

- Bəzən eşidirəm, deyirlər ki, Babək özündənrazı xanəndədir. Yəqin sənin də qulağına belə sözlər çatıb. Səncə, bu fikir nədən qaynaqlanır?

- Bəli, özümə də deyiblər. Bunun da səbəbləri var. “Efir mədəniyyəti” deyilən bir anlayış mövcuddur. Mən heç vaxt efirdə şitlik eləyə bilmərəm. Niyə efirdə hoppanıb-düşməliyəm, əgər sənətim varsa, elə onu göstərim də. Muğam janrı da belədir ki, gərək xanəndə özünü ağır aparsın. Ağır aparanda da kənardan baxanlar deyirlər ki, filankəs yekəxanadır. Amma indi sizinlə söhbət edirəm, görürsünüz ki, deyirəm-gülürəm, sadə oğlanam. Kasıb bir ailənin övladıyam, sən deyən pulumuz-paramız da yoxdur ki, deiym imkanlıyam, göylə gedim.

- Onda belə çıxır ki, varlanandan sonra sadə Babəkdən əsər-əlamət qalmayacaq? İndidən de, biz də işimizi bilək.

- Yox, yox, o mənada demədim. Hətta varım-dövlətim olsa belə yenə sadəliyimi heç bir şan-şöhrətə dəyişmərəm.

- Heç darıxma, yavaş-yavaş sənin də bağın, villan, bahalı avtomobillərin olacaq…

- İnşallah. Ustad sənətkarımız Cabbar Qaryağdıoğlu deyirmiş ki, sən sənətkar ol, samanlıqda yat. Gedib orda səni tapıb, üzə çıxaracaqlar. Sənət olan yerdə hər şey gəlib öz yerini tapacaq.

- Bildiyimə görə, həm də mahir ovçusan. Yəqin silahın da var.

- Ovçuluq təbiətlə təmasdır. Boş vaxtlarım olanda təbiətin qoynunda ov etməyi sevirəm. Qaldı ki, silaha, silahım yox, silahlarım var. Dostlarım da hədiyyə edib, özüm də almışam. Hamısı da sənədlə-sübutla məndədir. Seyfə qoymuşam, açarı da özümdədir.

- Silahlarım dedin, məni maraq götürdü, neçə silahın var ki?

- Azı altı dənə. Hamısı da yivsiz ov silahlarıdır.

- Silahla yaxşı davrana bilirsən?

- Öyrənmişəm. Silah saxlayan oğlan gərək onun dilini də bilsin.

- Ovda əlin həmişə gətirir?

- Ayağım ruzilidir, gətirəndə gətirir.

- Başqa hansı xobbin var?

- Elə bir ovdur, bir də bilyard oynamaq. Boş vaxtım olan kimi ya ova gedirəm, ya da bilyard oynayıram. Ov belədir ki, yorğunluğun çıxır, təbiətin gözəl havasını uda-uda dincəlirsən. Həm də bir xoş əyləncədir.

- Bir dəfə efirdə qonaq idin, dedin ki, dostlarımı evimə dəvət etmirəm. Belə anladım ki, çox mühafizəkarsan…

- Dostlarımla çöldə-bayırda görüşürəm. Evimə yalnız qohum-əqrəbam gələ bilər.

- Bəlkə nə vaxtsa dost xəyanəti ilə qarşılaşmısan, ona görə dostları evindən, ocağından uzaq tutursan?

- Dədə-babadan belə görmüşük ki, dost yaxşı və pis gündə sınaqlardan çıxmalıdır, özünü doğrultsa, ona etibar eləmək olar. Bu gün salamlaşdım, sabah onu evimə gətirdim – bizim ailədə, nəsildə belə ənənə yoxdur. Mən də beləyəm. Problemlərim də olanda ailəmlə dərdləşirəm, valideynlərimlə bölüşürəm.

- Özün də valideynsən. Maraqlıdır, ata olan Babək atası ilə hesablaşırmı?

- Ata-anamın sözü mənim üçün qanundur. Bu, birmənalı şəkildə belədir.

- Atanın sənə heç qadağaları olur?

- Qadağaları da olur, məsləhətləri də.

- Olubmu ki, atan hansısa hərəkətinə görə səni danlayıb?

- Onlar bilir ki, mən efirdəyəmsə, efir mədəniyyətini qoruyacağam, çöldə-bayırdayamsa, insanlara hörmətlə yanaşağacam. Özümü aparmağımla bağlı hələ indiyə qədər onlardan irad eşitməmişəm. Repertuarımla bağlı irad ola bilər. Anam deyər ki, tutalım, Babək, bu mahnı sənin səsinə düşmür, bunu bir də oxuma. Mən də dərhal əməl edərəm.

- Həmişəmi deyirsən, Babək, əhsən sənə, əla oxudun?

- Yox, ola bilər hansısa musiqini ürəksiz oxumuşam, amma qıraqdan deyərlər ki, əhsən, Babək nə gözəl oxudun. Əsas olan içimdəki səsdir. İçimdən gələn səs mənə deyəndə ki, Babək, yaxşı oxudun, onda özümə arxayın oluram. Seyid Şuşinski rəhmətlik deyərmiş ki, xanəndə ildə üç dəfə oxuya bilirsə, böyük xanəndədir. Biz də hər dəfə istəyirik yaxşı oxuyaq. Yalançı tərifi xoşlamıram.

- Babəkin özünə “bu olar, bu olmaz” deyə qadağaları varmı?

- Əlbəttə var.

- Bilmək olar hansı qadağalardır?

- Məsələn, içki içmək, siqaret çəkmək olmaz. Həmin insanların aqibəti göz önündədəir. Mən də ömrümün axırına kimi bunu özümə qadağan etmişəm. Pis vərdişlərdən uzaq adamam.

- Başqalarının fikri ilə hesablaşan insansan?

- Baxır fikrə. Əgər kimsə hansısa bir məqamda düz danışırsa, hesablaşaram. Amma danışıqları kiməsə qarşı şər-böhtandırsa, qətiyyən onunla həmfikir olmuram. Dəqiqləşdirib, sonra münasibət bildirərəm.

- Bir dəfə bizim aramız dəymişdi. Səndən müsahibə götürmüşdüm, o müsahibənin başlığı az qala münasibətlərimizi gərginləşdirəcəkdi…

- Hə, gecəyarısı mənə zəng gəldi ki, bəs nə olub, atan xəstədirmi? Dedim yox. Sonradan öyrəndim ki, sizə verdiyim müsahibədə işlətdiyim fikri başlığa çıxarmısınız, həmin adam da yazını oxumamış mənə zəng edib. Əslində, sizi qınamadım. Biz Kəlbəcərdən nə vəziyyətdə çıxmışıq, onu bir Allah bilir. Həmin vaxt atamın barmaqlarını şaxta vurmuşdu. Elə bu fikri də başlığa çıxarmışdınız. O yazı dəhşət çox oxunmuşdu, hamı mənə zəng edirdi ki, yaxşı müsahibə vermisən. Bəlkə də o müsahibənin başlığı adi olsaydı, bu qədər çox oxunmazdı. Bu da sizin peşə bicliyinizdir, yazını çox oxutmaq istəmisiniz, normal qarşılayıram.

- Növbəti dəfə müsahibədə başlığa görə məndən inciməyəcəksən ki?

- Qətiyyən.

- Elə bir xasiyyətin varmı ki, onunla mübarizə aparırsan?

- Həddən artıq sadəliyim mənə çox vaxt mane olur. Ürəyimin təmizliyindən irəli gəlir. Çox vaxt lazım olmayan halda insanlara inanıram. Hərdən güzgünün qabağında durub özümü danlayıram, deyirəm başın daşa dəyir, amma nəticə çıxarmırsan, yenə də hamıya inanmaqda davam edirsən. Amma görürəm ki, yox e, bu, mənlik deyil, dəyişə bilmirəm.

- Görəndə ki, kimsə səndən sui-istifadə edir, ona reaksiyan necə olur?

- Çox pis oluram. Onların qəlbinə dəymək istəmirəm. Bir də görürsən birinə salam-əleyk edirəm, axşam zəng edir ki, oğlumun toyudur, gəl oxu. Özü də Bakıda olsa dərd yarıdır, rayona çağırır. Sui-istifadələr çox olur. Bir dəfə gecəyarısı zəng gəldi, cavab verəndə gördüm ağsaqqal kişidir. Dedi ki, oğlumun toyu olacaq, amma verməyə bir qəpik pulum yoxdur. Toy da Masallının kəndində olacaq. Dedim gələrəm. Vaxt yetişdi, getdim toya. Həyətə girəndə məni əlləri üstə qaldırıb mağara apardılar. Elə bildim mənə milyonları verdilər. Dost məclisində çox oxumuşam.

- Heç toylarda sənə bahalı hədiyyələr veriblər?

- Bir dəfə toyda “Şahnaz” muğamı oxudum, mənə bir qoç hədiyyə etdilər. 2006-cı ildə baş verən bu hadisə məni o qədər təsirləndirdi ki, ömrümün sonuna qədər unutmayacam. Əslində, bu hədiyyə mənə və sənətimə olan sevginin təzahürü idi. İnsan səsimdən və ifamdan o qədər təsirləndi ki, mənə qoç bağışladı.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm