Almasatan, sevgilisini atan, ağacda "yatan"... MƏŞHURLAR
Bizi izləyin

Layihə

Almasatan, sevgilisini atan, ağacda "yatan"... MƏŞHURLAR

Cəvahir təqdim edir

Yeni layihəmizə bir “xoş gəldin” desəydiniz, xeyli şad olardım. Məqsəd və məramımız Azərbaycanın bölgələrini tanıtmaqdır. Özü də elə bölgənin öz məşhurlarının dilindən. Elə isə di, yolçu yolda gərək…

Yeyəsən ağ almasından, dadasan bükməsindən, paxlavasından, göy çəmənlikdə Zümrüd Məmmədovanın mahnılarını zümzümə edə-edə toxuyasan Çiçi xalçasından. Afurca şəlaləsindən vurub, çıxasan Təngaltısından. Baba dağdan enəsən, Şahdağda dincələsən, Xınalıqda seyrə çıxıb, Qəçrəşdə nəfəs dərəsən… Ay can, ay can… “Atam-anam”, soruşma haralısan? Qubalıyam, qubalı…

Beləliklə, bu gündən etibarən Publika.az-ın başladığı yeni - “Haralısan” layihəsinin ilk yazısını Qubaya həsr edirik.

Onlar Qubanın adını ucaltdılar:

Mircəfər Bağırov Azərbaycan SSR Kommunist Partiyası MK-nın 1-ci katibi (1933 -1953) general-polkovnik.

Abbasqulu ağa Bakıxanov (Qüdsi) şair, alim, mütəfəkkir, tərcüməçi.

Fatma Mehrəliyeva, Xalq artisti.

Klara Yusifzadə (“Zerkalo Klara” oğru dünyasının qadın avtoriteti).

Məcnun Hacıbəyov aktyor, Əməkdar artist.

Qubanın bugünkü məşhurları da kifayət qədərdir və onlar öz bölgələrindən, Quba xatirələrindən söz açacaqlar:

“Mənə “Qubanın ağ alması” deyirdilər”

Zümrüd Məmmədova, müğənni, Xalq artisti:

- Qubanın adını çəkəndə alma bağları yadıma düşür, ağzım sulanır. Mən almanı on metrdən tanıyıram. Üzünə baxanda bilirəm şirindir, turşdur, dadsızdır, ya dadlı. Gül kimi alma ağacları vardı, çoxunu kəsib, yerində yeni alma növləri əkdilər, heyf deyildi əvvəlki almalar.

Elə camaatı da alma kimi vitaminli olur. Kinoda deyir e, vitamin a. b, s, y… (oxuyur - C.S.) Qubalılar çox qürurlu olur, onların leksikonunda “ağrın alım”, “başına dönüm”, “qadan ürəyimə” kimi əzizləyici sözlər yoxdur. Sevgiləri içdə olur. Hə, yadıma düşdü, qoy bunu da danışım, “Alma almaya bənzər” filmini orada çəkirdilər, mənə də rol verəcəkdilər, amma qastrola getdiyim üçün alınmadı. Amma filmdə bir yer var e, Həsən Məmmədov kafedən çıxıb, qızlarla söhbətləşir, mən də o epizodda varam. Bir dəfə fikir ver, görən kimi tanıyacaqsan. Qubalı qızlar o saat tanınır. Məni harada görürdülər “almayanaq”, hərdən də “Qubanın ağ alması” deyirdilər.

“Qız bənövşə”ni dağıtdılar, amma xatirələrimi basdıra bilmədilər”

Yusif Həsənbəy, şair, dramaturq, tərcüməçi, Əməkdar incəsənət xadimi:

- Qubaya gedəndə həmişə gəncliyimi, ilk sevgimi axtarmışam. “Qız bənövşə” deyilən bir yer vardı, elə qız kimi utancaq, nazlı-qəmzəli bir məkan idi. Yeniyetməlik cağlarımda tez-tez qaçıb ora gedərdim. Oğrun baxışlarla sevdiyim qızın yanından keçmək üçün həyəcandan boğulardım. Sonralar o “Qız bənövşə”ni dağıdıb-tökdülər, yerində nəsə tikdilər, amma xatirələrimi basdıra bilmədilər. İndi də Qubaya gedəndə xəlvəti yolumu oradan salıram, yenə o qızın yanından keçmək, əlindən tutmaq istəyirəm. Elə bilirəm o qız hələ də orada durub məni gözləyir. Kaş o qızın əlini bərk-bərk tutub saxlayaydım, getməyə qoymayaydım… İndi də belə yana-yana qalmazdım, xatirələr məni qovurmazdı. Gedirəm axtardığımı tapa bilmirəm, gözüm dolur, qəhərlənirəm, geri qayıdıram. Ay qızım, xəstə adamam, sən də məni lap tərpətdin, gərək gedəm dərman içəm.

“Uşaqlığım üçün çox darıxıram, Quba xatirələri məni doluxsundurur”

Fidan Hacıyeva, Xalq artisti, Akademik Opera və Balet Teatrının solisti:

- Quba deyəndə birinci anamın anası, Əminə nənəm yadıma düşür. Hər yay tətilini səbirsizliklə gözləyirdim. Bütün yayı nənəmgildə qalırdım. Yadımdadır, nənəm lavaş bişirirdi, mən də yanında oturub, tüstüdən gözüm çıxa-çıxa ona kömək eləməyə çalışırdım. Həyətdə qollu-budaqlı tut ağacı vardı, o ağacın altında xalça sərib oturardıq, Quba bükməsi ilə çay içərdik. Məni harada itirsəydilər, gilas ağacının başında tapardılar. Gilas yeməkdən üst-başım ləkə-ləkə olurdu. Nənəm dünyasını dəyişəndən sonra o evə gedə bilmirəm. İndi o həyətdə heç kim qalmır, hər yeri kol-kos basıb. Uşaqlığım üçün çox darıxıram, o xatirələr məni doluxsundurur.

“Qırmızı qərənfil”ə gələrdilər”

Pərviz Əbübəkirov, teleaparıcı:

- Hər il Qubaya babamgilə, əmimgilə qonaq gedirdik. Əmim kolxozun alma bağlarında briqadir işləyirdi. Bağda onun atını sürüb, məhəllə uşaqları ilə futbol oynayardım. Biz dağın başında yerləşən Ərməki kəndindənik. Kənddən bir kilometr aşağıda, keçmiş SSRİ-də çox məşhur olan “Qırmızı qərənfil” pioner düşərgəsi yerləşirdi. Yayda bütün ittifaqdan pionerlər gəlib orada dincəlirdi. Əmimin işlədiyi alma bağları da o düşərgə ilə üzbəüz yerləşirdi. Əmim bizi bağdan alma dərməyə qoymurdu, biz də ağacın altına tökülən almaları vedrələrə yığıb, düşərgənin qabağında satırdıq. Onda 7-8 yaşım olardı. Bir mövsümdə 40-50 manat qazanırdım. Bakıya qayıdanda atam mənə pul verirdi ki, xərcləyim, mən götürmürdüm. Deyirdim ki, özüm qazanmışam. Evimizdə qayda-qanun vardı, hər şənbə-bazar mütləq kəndə getməliydik. Atam bizi aparıb babamgilin həyətində işlədirdi. Ağacları sulayırdıq, yer belləyirdik, paxla yığırdıq. Deyirdi, zəhmətə alışın.

İndi də biz gidax, görax Qubanı … Qonaqpərvərdirlər, evə gələni yeməmiş yola salmazlar. Oğlanlarını deyə bilmərəm, amma qızları da Quba alması kimi gözəl-göyçəkdilər. Eynən bizdə çalışan qubalı, müğənni Zümrüd Məmmədovanın dediyi kimi almayanaq, qarabuğdayı gözəl Aytən kimi...

Şimalda yerləşdiyindəndir yəqin, insanları, çox soyuq, həm də təkəbbürlüdürlər. Tərslikləri tutanda üzlərini görmə.

Siz də gidün, gürün, gəlün…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm