Magazin1
Yazarların dəniz kefi
Yayın gəlişi dəniz mövsümünü də özüylə bərabər gətirir. Çimərliyə gedən kim, qızmar günəş altında özünü qaraldan kim, çimərlikdə əndamını göstərən xanımlara göz qoyan kim... Elələri də var bu cür istirahətdə yanında mütləq kitab da alır ki, vaxtı daha sərfəli keçsin. Bəs bizim yazarlar necə, dənizə gedirlərmi, əndamlarını şokolad rənginə bürüyürlərmi, oradakı xanımlara göz qoyurlarmı? Axı yazarın ilham mənbəyi gözəllərdir. Çimərlikdə isə gözəllik göz qamaşdırır. Xanım yazarlar necə, öz gözəlliklərini dənizə təslim edirlərmi?
Bununla bağlı sorğu keçirdik. Yazarlarımız çimərlik həyatını publika.az saytının oxucularıyla bölüşdülər.
Şair Bəxtiyar Elcan: "Düzünü deyim, çimərliyi sevmirəm. Adam çox olur. Sakit bir yer olsa, güman ki, vaz keçmərəm. Həm də bir az kompleksim var. Təbii ki, bu, birbaşa özümə aiddir. Əslində, çimərlik zövqündən özümü məhrum eləməyim heç də yaxşı şey deyil. Amma nə edim... Tanımadığım birinin yanında soyunub, sinəmi qabağa verə-verə gəzə bilmərəm. Uşaq vaxtdan belə böyümüşəm. Hələ 24-25 yaşıma qədər bir az darfason paltar da geyinə bilmirdim. Bu, "filankəs nə deyir" anlamı ilə bağlı deyildi. Nə isə içimdə bir senzura vardı sanki. Üstəlik, bizim çimərliklərin çirklilik məsələsi də adamı ilboyu ağ saxlayan amillərdən biridir. Suyu bir yana qalsın, qumu da çirklidir. Ən yaxşısı, kəndimizdəki Sarvan gölüdür, Kürdü, Zəyəm çayıdır. Duru, şıltaq, səhra kimi boş. Yayın dadı elə yerdə daha yaxşı çıxır. Amma ora da gedə bilmirəm, işin əlindən. Eybi yox, kitabım çıxsın, 200-300 min manat qonorar alım, Maldiv adalarında hamısının əvəzini çıxacağam.
Şair Bahadur Qobustan: "Çimərliyə demək olar ki, çox gedə bilmirəm. Adətən, avqust ayında məzuniyyət vaxtı Qobustanda "Qırxbulaq" adlı kiçik bir göldə rayondakı köhnə dostlarla yığışıb kişi-kişi gedib orda üzürük. Qarpız, pendir də mütləq olur. İldə, ayda bir dəfə də düşəndə Raqif Raufoğlu ilə Hövsandakı çimərliyə gedirdim. İndi iş-güc çox olduğu üçün demək olar ki, Bakıda çimərliyə getmirəm".
Şeir yazmaq təbiniz gəlir sualına: "Dəniz elə Tanrının yazdığı ən gözəl şeirdir. Çimməyə gedəndə yox, dəniz kənarında gəzərkən mütləq ağlına bir neçə misra gəlir haralardansa"- deyə cavab verdi.
Şair-yazar Raqif Raufoğlu: "Çimərliyə tək getsəm ailə ilə getdiyimdən fərqli olaraq daha sakit, adamlardan uzaq yerə getməyə üstünlük verirəm. Uzanıb dənizlə göyün birləşmə nöqtəsini görə bilirəmsə, fərq etməz. Amma ailə ilə gedəndə hər kəs kimi çalışıram ki, daha normal şərtlər olsun. Bakıda da qumları pulsuz yerlərdən daşıdıqları üçün məcburən pullu yerlərə baxıram. Hər dəfə dalaşa-dalaşa başqa yerlərə keçib eksperiment edirəm".
Şair Dilqəm Əhməd: "Çimərliyə fəsildə cəmi 2-3 dəfə gedirəm. Pirşağı tərəfə. Üzə bilmədiyimə görə sahildə özüm üçün üzməyi imitasiya edirəm, sonra isə günəş qəbul edib geri qayıdıram".
Şairə Arzu Hüseyn: "Mən çimərliyə getmirəm . Vaxtım olmur və bizim çimərliklərin sanitariyasını sevmirəm"
Yazar Elçin Hüseynbəyli: "Mən gedəndə "malçişnik" edirəm. Üzməyi çox sevirəm. Beş yaşından üzməyi öyrənmişəm. Dostların bağına gedirik, orda səhər saat 9-10-a kimi dənizdə üzürəm. Bir də əgər axşam 9-dan sonra külək olmazsa, dənizin dadını çıxarıram".
Şair-yazar Sayman Aruz: "Mən çimərliyə dənizlə ünsiyyət üçün gedirəm. Yayda demək olar ki, vaxtımın çoxunu dənizdə keçirirəm. Çalışıram çox adam olan yerə getməyim. Dəniz ilə baş-başa qalmağı sevirəm. Dəniz ilə yaxşı münasibətimiz var. Biz dostuq".
Yazar Xanəmir Telmanoğlu: "Dənizə sabahın erkən saatlarında, ya da axşamleyin tam sakitlik və kimsəsizlikdə girməyi tərcih edirəm. Ya tək, ya uşaqlarımla, ya da dostlarla çimməyə üstünlük verərəm. Qalabalığın içində dənizlə irtibatım alınmır.
Ancaq onu təəssüflə söyləyirəm ki, neçə ildir Xəzərdə çimməyi özümə qadağan etmişəm. Səbəbi isə bir dəfə dəhşətli çirkabla qarşılaşmam olub. Əməlli-başlı diksinmişəm.
Dəniz mənim üçün çimməkdən daha çox seyr məkanıdır. Mənim baxmaq anlayışım, baxarkən gördüklərimin nəsə fərqli bir anlam ifadə etməsi dənizdə baş tutur. Dəniz mənim baxıb görmə qabiliyyətimi kifayət qədər itiləyir, ovxarlayır. Dənizlə tək üz-üzə olanda mənə hörmətlə yanaşdığını hiss edirəm. Bu hislərim və duyğularım çoxunluq içində yox olub gedir.
Bir də dənizi yaydan daha çox qışda sevirəm. O sarıdan mənim çimmək, çimərlik, yay, dəniz kimi anlamlar içərən anlayışımın içində bir az da şübhəyə dayalı fikirlərim mövcuddur. Dənizin nə vaxtsa təmizlənəcəyi, mənim çimərlik sevdamı da artıracağına inanıram".
Yazar Leyla Namazova: "Xeyr, getmirəm, maraqlı deyil. Təbiətə daha çox üstünlük verirəm. Əvvəllər gedirdim, sonralar getmədim. Dənizdən həzz almaq lazımdır, mən dənizdən həzz ala bilmirəm. Natəmizlik baş alıb gedir, mənim üçün də bu, xoş deyil. Çimərliklərimizin şəraiti xoşuma gəlmir".
Dilrubə Vaqifzadə
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı
-
Magazin212 May 20:48Farah Zeynep Abdullaha nə olub? - FOTO
-
Nəqliyyat12 May 19:48Daha bir müntəzəm marşrutun avtobusları yenilənir




















.png)














