Baharın gözlənilən melodramı ümidləri doğrultdu - TƏƏSSÜRAT
Bizi izləyin

Magazin1

Baharın gözlənilən melodramı ümidləri doğrultdu - TƏƏSSÜRAT

Dodaqqaçdı komediyaların tüğyan etdiyi bir vaxtda Azərbaycan tamaşaçısına fərqli üslubda və janrda film təqdim edildi.

Bu günlərdə melodram janrında lentə alınmış “Arzuların ardınca” adlı ekran əsərindən danışıram. Bu filmin üzərinə böyük məsuliyyət düşürdü. Kinosevərlərin “yaxşı vaxt keçirmək” istəyi ilə yollandıqları komediya filmlərindən fərqli olaraq burada mövzu daha qlobal idi. İlk baxışdan kommersiya cəhətdən “gülməli” film çəkmək daha sərfəli üsul sayılır. Amma mövzusu xərçəng xəstəliyi olan bu filmdə məqsəd və məram başqa səmtə yönəlmişdi.

Filmin premyerasında onu ərsəyə gətirən komandanın, demək olar ki, hər üzvü ilə ünsiyyətdə olduq. Kiçik heyət və demək olar ki, mövcud olmayan büdcə ilə başa gətirilən “Arzuların ardınca” gedə bilməyəcəyimi düşünürdüm. Amma...

Hər film özünəməxsus auraya və ruha malik olur, yaxud olmalıdır. Bu ruh bizi sona kimi ekran qarşısından durmağa qoymur. Demək olar ki, “Arzuların ardınca” filmində eyni hissləri yaşadım. Baş rollara tanınmayan simaların çəkilməsi rejissor tərəfindən atılmış riskli addım kimi görünsə də, bu, özünü doğrultdu. Bu janrda çəkilmiş türk filmlərini izləyərək tamaşaçı zövqünü formalaşdırmış insanlar eyni məqamları Azərbaycan filmində tapmaq imkanı qazandı. Bu dəfə hər şey daha real idi. Cəmiyyəti ələ almış xərçəng bəlasına qarşı belə bir “silah”ın meydana çıxması tam yerinə düşmüşdü. Rejissor, operator, ssenari və s. cəhətlərdə müəyyən çatışmazlıq axtarıb tapmaq olar. Amma sevindirici hal odur ki, filmə baxanlar “bizimkilər kino çəkə bilmir” fikrindən tamamilə daşındılar. Hərçənd ki, filmin rejissoru Ramil Ağasıyev müsahibələrində başlanğıcda ona inanan insanların olmamasından gileylənirdi. Fakt isə dəyişilməz qalır. Təcrübəsiz baş rol ifaçıları öz işlərini layiqincə görmüşdü. Bir-biri ilə ünsiyyətdə səmimi görünən Kamil və Arzu obrazları izləyicilərə öz enerjilərini ötürə bildi. Filmdə istifadə olunan musiqilər ümumi ab-havanı dəstəkləyirdi. Sevda Ələkbərzadənin “Getmə” mahnısı yerinə düşmüşdü desəm, yəqin ki, yanılmaram. “Arzuların ardınca” kinoteatrlarda yayımlanan ilk yerli melodrama kimi tarixdə qalacaq. Sevindirici haldır ki, başlanğıc pis alınmadı. Bundan sonra açılmış cığırla yenə gedənlər olacaq. İlklər hər zaman çətin və yaddaqalan olur. İndiki halda arxaya baxmadan irəliləmək lazımdı. Filmin şüarında deyildiyi kimi, “arxaya baxsaq, nağıl bitəcək”.

Qeyd edək ki, filmin informasiya dəstəkçisi Publika.az saytıdır.

Cəvahir

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm