İlhamə Quliyeva: “Kişiləri “kruçokuma” salmağı çox gözəl bacarıram” - MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Magazin1

İlhamə Quliyeva: “Kişiləri “kruçokuma” salmağı çox gözəl bacarıram” - MÜSAHİBƏ/FOTOLAR

Müsahibim xalq artisti, primadonna İlhamə Quliyevadır. Avropa Oyunları ərəfəsində başı bərk qarışıq olsa da, bizi qırmadı, müsahibəyə razılıq verdi. Bu dəfə onu nə qalmaqallı suallarımızla yorduq, nə də küsülü olduğu həmkarlarından danışıb, kefini pozduq. İlhamə xanımı daha yaxından tanımağa çalışdıq.

Publika.az-a müsahibə verən illərin sənətkarı Azərbaycan xanımlarına məsləhətlərini də verdi. Dediyinə görə, xanımlar onun məsləhətlərinə əməl etsələr, kişilərin xəyanətinə məruz qalmazlar.

- Həmişə geyimlərinizlə seçilmisiniz. Örnək götürdüyünüz xanımlar varmı?

- Mən həmişə ledilərə baxıb gözəl geyinməyi öyrənmişəm. Hər bir xanım özünə sığal çəkməyi, özünü əzizləməyi bacarmalıdır. Şəxsən mən beləyəm, özümü hamıdan çox istəyirəm.

- Baxımınıza nə qədər vaxt ayırırsınız?

- Həddən artıq çox.

- Geyim həyatınızda nə dərəcədə rol oynayır?

- Qarderob mənim üçün çox önəmlidir. Gözəl geyinməyi çox sevirəm. Mən heç vaxt makiyajsız, saçım daranmamış halda olmuram. Üzr istəyirəm, yataqdan durub çölə çıxan qadınlardan olmamışam. Mən evdən çıxanda xüsusi saç düzümüm olmalıdır, makiyaj etməliyəm. Yoxsa ki, belə harasa getməyim mümkünsüzdür. Heç vaxt xanım İlhaməni belə vəziyyətdə görə bilməzlər.

- Qarderobda ən çox nəyə üstünlük verirsiniz? Ayaqqabılara, çantalara, yoxsa?

- Oyyy, çantalarımın sayını itirmişəm. Sayı-hesabı yoxdur, eləcə də ayaqqabılarımın.

- Alış-verişi ən çox haradan edirsiniz?

- Xarici ölkələrdən. Mən həmişə brend geyinirəm, buradan heç nə alıb geyinmirəm. Brend mağazalardan parça alıb tikdirə bilərəm.

- Ən çox sevdiyiniz rəng hansıdır?

- Mənimki əlvan rənglərdir, qaranı heç sevmirəm.

- Zinət əşyalarınız da, maşallah, çoxdur. Bildiyimizə görə, sizə hər zaman bahalı zinət əşyaları hədiyyə edirlər.

- Elə özüm də hədiyyə etməyi sevirəm. Bir də ki, mənim köküm, əslim-nəcabətim var. Sonradan görənlərdən deyiləm. Anamın qır-qızılı çox olub, hamısı da mənə qalıb.

- Hansı daş-qaşı daha çox xoşlayırsınız?

- Brilyantı çox sevirəm. Xüsusən də ağ brilyantları.

- İlhamə xanım bizə görə qüsursuz qadınsınız. Siz də mi belə düşünürsünüz?

- Həyatım, qüsursuz insan yoxdur. Mənim də bir çox qüsurlarım var, çalışıram onları ört-basdır edim (gülür).

- Amma həmişə bizə elə gəlib ki, sizin kompleksləriniz yoxdur.

- Yox, yox, kompleksim yoxdur. Bayaq da zarafatla dedim ki, jurnalistlər gəlib gözəlliyimə, qaşıma-gözümə, ipək kimi dərimə yaxından baxsınlar.

- Elə yaxından baxıram və min dəfə maşallah deyirəm.

- Məndə hər şey özümünküdür. Qurana and olsun! Saçım öz saçımdır, bəziləri kimi şinyon taxmıram. Ağzım-burnum, dodaqlarım hamısı Allah necə yaradıbsa, elədir. Amma zamanı gələndə, nəyəsə ehtiyac olsa, plastik əməliyyat etdirərəm. İndi ehtiyac yoxdur.

- İlhamə xanım, hər kəs sizə valehdir. Bəs siz vücudunuzda ən çox nəyi bəyənirsiniz və hesab edirsiniz ki, o, sizə yaraşıq verir?

- Mənim dərim gözəldir və ən çox dərimi xoşlayıram. Bir də məndə qadınlıq çox yüksəkdir.

- Yəni nazlı-qəmzəli qadınsınız…

- O da var məndə. Bir də mən hər kəsi “kruçokuma” salmağı çox gözəl bacarıram. Məndə “idi ko mne” var. Mənim gözəl danışıq qabiliyyətim var. Məndə naz-qəmzə ilə danışıb insanı ələ almaq xüsusiyyət var.

- “Kruçoka” düşən kişilər çox olur?

- Nə qədər istəsən.

- Çox zövqlü xanım olduğunuzdan düşünmürəm ki, İlhamə xanım “kruçokuna” sıradan olan hər kişini keçirə. Ümumiyyətlə, necə kişi tiplərini bəyənirsiniz?

- Kişi gərək hündürboylu olsun. Çox dolu olmasın, qarnı çıxmasın. Bəzən deyirlər ki, kişinin qarnı olmasa, balkonsuz evə bənzəyər. Yox, yox, mən "balkonlu" kişiləri sevmirəm. Qətiyyən onlar mənim zövqümdə deyil.

- İlhamə xanım, elə bir xüsusiyyətiniz varmı ki, ondan zəhləniz getsin?

- Var. Çox hövsələsizəm. Əvvəllər isə başqa xoşlamadığım xasiyyətim vardı, hər şeyi ürəyimə salırdım. Deyirdim bu niyə məndən belə yazdı, bu niyə mənə bunu dedi və s. Amma indi heç vecimə də deyil. Qüsurlarım var, qüsursuz insan yoxdur. Mən tıxsız balığam, heç kimlə işim yoxdur. Amma özümü müdafiə etməyi bacarıram.

- Kinlisiniz?

- Yox, kinli deyiləm. Amma həyatda elə məqamlar var ki, buna kin saxlamaq demirəm, sadəcə özümə hörmət edirəm. Qüruruma, şəxsiyyətimə sığışdırmadığım şeylər var.

- İlhamə xanımın silahı nədədir?

- Mənim silahım ağlımda, kamalımda, sənətimdə, bayrağını qaldırdığım dövlətimdədir.

- Koko Şanelin məşhur bir sözü var: “Sevməyən qadın sıfır deməkdir”.

- Mən hər zaman sevirəm də, sevilirəm də. Heç vaxt sevgi sarıdan qıtlıq yaşamıram. Sevgi əskik olmur məndən.

- Xəyanətə münasibətiniz necədir?

- Çox pis, heç vaxt xəyanəti bağışlamıram.

- Sizcə, niyə daha çox kişilər xəyanət edirlər?

- Hələ bir kişi belə mənə xəyanət etməyib. Qadınlar özlərini lazımi dərəcədə sevdirə bilmədikləri üçün kişilər də onlara xəyanət edir.

- Xəyanətə məruz qalmayan bir xanım kimi xəyanətin qurbanı olan qadınlara nə tövsiyə edərdiniz? Heç olmasa, səhvlərini düzəltsinlər.

- Birinci növbədə səliqə-səhmanlı olsunlar. Kişilər qadının təmizliyinə çox fikir verirlər. Mətbəxdə biş-düşü bacarsınlar. Mən çox gözəl yeməklər bişirirəm. Biş-düşüm də superdir, qurmanlığım da.

- Qadın yalnız gözəlliyi ilə kişini yanında saxlaya bilər?

- Qətiyyən, mümkün deyil. Xanım müəyyən məqamlarda çox yumşaq, bəzən də sərt, zabitəli olmağı bacarmalıdır. Kişini nə çox yaxına buraxsınlar, nə də çox uzağa. Çünki kişi tayfası elədir ki, çox yaxına buraxanda kələfin ucunu itirirlər, çaşırlar. O ki qaldı kişilərin xanımlardan uzaqlaşmamasına, təkrar edirəm ki, kişi təmizkar qadını çox sevir.

- İlhamə xanım, deyilənə görə, kişilər çox ağıllı qadını da sevmirlər…

- Düzdür, canım mənim, kişilər həddən artıq ağıllı qadını sevmirlər. Ağıllı qadınla bacarmaq çətindir axı. Qadın buna görə də diplomat olmalıdır. Nəyi necə, harda eləmək lazımdır, bunu bilməlidir. Kişinin başının üstündə ağalıq etmək olmaz. Məsləhət görərdim ki, qadınlar kişilərin yanında ağıllı olduqlarını büruzə verməsinlər.

- Özünüzə nəzarəti xoşlayırsınız?

- Məndə bu var və həmişə də daxilimi nəzarətdə saxlamağı bacarıram.

- Bəzən sizə elə gəlmir ki, ətrafınızda sizə dost deyən adamların bəziləri səmimi deyil?

- Mən çaşıb onlarla bir-iki dəfə oturub bir stəkan çay içə bilərəm. Amma sonradan onları yanımdan uzaqlaşdırıram. Mən ağıllı qadınam və bilirəm kiminlə salam-sağol eləmək lazımdır. İndi ətrafımda bir nəfər də olsun süni adam yoxdur. Mən yanımda məni sevən insanların sığalını, diqqətini görürəm. Mən xoşlayıram sığalı - qadın tərəfindən də, kişi tərəfindən də. Yəni diqqəti sevən adamam. Bu sarıdan gileyim də yoxdur.

- Əsrarəngiz qadınsınız. Sirriniz varmı?

- Sirrim var, amma mən onu heç vaxt aça bilmərəm. Çox dərinə getməyək.

Cəvahir Səlimqızı

Foto: müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm