Xalq artistindən telekanallara İRAD
Bizi izləyin

Magazin1

Xalq artistindən telekanallara İRAD

Xalq artisti, Dövlət Mahnı və Rəqs Ansamblının solisti Təranə Muradova milli rəqslərimizin milli sərvət kimi qorunması üçün təbliğatın gücləndirilməsini vacib sayır.

Publika.az-a açıqlama verən rəqqasə hesab edir ki, ilk növbədə efirlərdə milli rəqslərə xüsusi yer ayrılmalıdır: “Milli rəqslərimiz milli sərvətimizdir. Bu sərvəti qorumalı və gələcək nəsillərə ötürməliyik. Dövlət Mahnı və Rəqs Ansamblı dünyanın əksər ölkələrində çıxış edərək milli rəqslərimizi təbliğ edir, amma öz ölkəmizdə də təbliğatı gücləndirməliyik. Telekanallar milli rəqslərin nümayişinə, təbliğinə həsr olunan verilişlər hazırlamalıdır. Folklorşünaslar, rəqqasələr dəvət edib, milli rəqslərimizin tarixi, ənənələri, əhəmiyyəti barədə danışılmalıdır. Sovet dövründə tez-tez rəqs ansambllarının çıxışları təqdim olunurdu, amma artıq bu ənənə də unudulub”.

Xalq artisti milli rəqslərin geniş təbliğatı üçün yeni kitabların da nəşr olunmasını vacib sayır. O hesab edir ki, milli rəqslər barədə kitablar yazılmalı, hər bir rəqsin adı, tarixi, quruluşu barədə məlumat verilməlidir:

“Eyni zamanda orta məktəblərdə də milli rəqslərimiz təbliğ olunmalıdır. Bu yaxınlarda ermənilər “Köçəri” rəqsimizi adlarına çıxdı. Əlimizdə bir kitab olmalıdır ki, onlara dəlil-sübut göstərək. Çünki informasiya əsrində quru sözlə iş keçmir, ortaya dəlil-sübut çıxarmaq lazımdır”.

Rəqqasə hesab edir ki, gənclərin milli rəqslərə cəlb olunması üçün ilk növbədə bu rəqsləri onlara sevdirmək lazımdır:

“Milliliyi qoruyub saxlamaq məqsədi ilə, rəqslərimizi müasir çalarla tamaşaçıya sevdirmək lazımdır ki, onları cəlb edə bilək. Biz dünyanın əksər ölkələrində oluruq. “Nəlbəki”, “Naz eləmə”, “Qavalı” rəqslərini əcnəbilər elə heyranlıqla seyr edir ki, qürur hissi keçiririk. “Nəlbəki” rəqsini oynayanda gəlib əlimizə heyrətlə baxırlar, belə məharətlə onu əlimizdə saxladığımıza görə şoka düşürlər. Bu rəqslər Azərbaycanda da təbliğ olunmalıdır. Azərbaycan milli rəqslərində olan süzmələr, sındırmalar, incəlik heç bir xalqda yoxdur. Hələ mən qadın rəqslərini deyirəm, kişi rəqslərinin özəlliklərini də saymaqla qurtaran deyil”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm