Türkiyəli aktrisa: “Sözü üzə demək yaxşı şey deyil” – FOTOLAR
Bizi izləyin

Magazin2

Türkiyəli aktrisa: “Sözü üzə demək yaxşı şey deyil” – FOTOLAR

Türkiyəli aktrisa: “Sözü üzə demək yaxşı şey deyil” – FOTOLAR

"Kanal D"nin reytinq rekordları qıran "Güneşin kızları" ("Günəşin qızları") serialında üsyankar və çılğın Nazlı obrazını canlandıran Burcu Özberk həm gözəlliyi, həm də sevimliliyi ilə böyük rəğbət qazanıb.

Aktrisa bu yaxınlarda Türkiyənin "Elele" jurnalına müsahibə verib. O, peşəsindən, sevgi münasibətlərinə, gözəllik sirlərindən həyat fəlsəfəsinə kimi bir çox maraqlı məqama toxunub.

Publika.az "Şirin söhbət" layihəsində bu dəfə Burcu Özberkin müsahibəsini təqdim edir:


- Necə oldu ki, aktrisalığı seçdiniz?

- 8-9 yaşımdan bacımla birlikdə evimizin qarajında tamaşa hazırlayırdıq. Özümüz yazan səhnəciklər idi. Tamaşaçılarımız isə məhəllədəki uşaqlar olurdu. Elə o vaxt aktrisa olmaq istədiyimi başa düşmüşdüm.


- "Güneşin kızları" serialının heyətinə necə daxil oldunuz?

- "Muhteşem yüzyıl" ("Möhtəşəm yüz il") serialında oynayırdım. Serialdan sonra təhsilimi tamamlamaq və teatrda özümü sınamaq istəyirdim. Ancaq bir neçə layihə təklifi gəldi. Ən çox bu serialın ssenarisi diqqətimi çəkdi. Nazlı obrazında özümü tapdım, kastinqdə iştirak edərək rolu aldım.

- Aktrisa olmağın ən böyük üstünlüyü nədir?

- Bu peşə ilə ömür boyu məşğul olmaq mümkündür. Hər dəfə yeni imicə bürünmək, ruhunu yeniləmək insanı həyəcanlandırır. Biz duyğularımızla hərəkət edirik, lakin beynimizi də işlətməliyik. Müşahidəçilik qabiliyyətimizdən faydalanmalıyıq. Bu peşədə özünü inkişaf elətdirmək heç bitməyən bir prosesdir.

- Peşəkar aktrisa olmaq üçün nə eləmək lazımdır?

- Təcrübə qazanmaq, izləyicilərlə ünsiyyətdə olmaq çox vacibdir. Bunun üçün ən yaxşı yer teatrdır. Səhnədə olmaq sizə çox şey qazandıracaq. Mümkün olduğu qədər çox tamaşada rol almaq lazımdır.

- Bəs təhsilin rolu yoxdur?


- Hər sahədə olduğu kimi bu işdə də peşəkarlıq üçün təhsil əhəmiyyət daşıyır. Ancaq təhsilli olmaq hələ yaxşı aktrisa və ya aktyor olmaqdan xəbər vermir. Obraza bürünmək, lazımi hissləri tamaşaçılara çatdırmaq üçün təcrübə əsasdır.


- Bir az da gündəlik həyatınızdan bəhs edək. Hansı geyim tərzini sevirsiniz?


- Çəkiliş meydanına gedərkən adətən idman tərzində geyinirəm. Şort, ətək, uzun jiletlər, köynəklər ən sevdiyim geyimlərdir. İnsan əhval-ruhiyyəsinə uyğun geyinməlidir. Əks təqdirdə, ən bahalı, ən şıq geyimdə də gözəl görünə bilməyəcəksiniz.

- Ən sevdiyiniz aksessuarlar hansılardır?


- Ayaqqabı xəstəsiyəm. Ən sevimli brendim "Christian Louboutin"dir. Bir də evdə 1000-dən çox qara rəngli libasım var. Fərqli detalları olan qara libaslar görsəm, yenə almağa davam edəcəm.


- Xarakterinizdə xoşunuza gəlməyən xüsusiyyət varmı?

- Tez əsəbiləşirəm. Amma tez də unuduram. Kin saxlayan deyiləm. Bir də sözü üzə deyənəm, bu isə elə də yaxşı şey deyil. Bir çox insanla buna görə problem yaşamışam.

- Sizcə, kimə gözəl qadın demək olar?

- Gözəllik gözdəki parıltıdır. Üzündə təbəssüm olan hər qadın, hər kişi mənim gözümə gözəl görünür. Özündən əmin qadınlar həm gözəl, həm də seksual görünür. Fikrimcə, daxilən yaxşı, saf olanların üzündə də bu hisslər öz əksini tapır.

- Makiyajla aranız necədir?


- Bundan bir neçə il öncə çəkilmiş şəkillərimə baxanda inana bilmirəm. Mənim də bir çox gənc qız kimi həddən artıq makiyaj etdiyim vaxtlar olub. Onda çəhrayı dodaq boyası və ənlik çəkirəmmiş. Ancaq indi elə də çox makiyaj eləmirəm. Çünki dərimin korlandığını hiss edirəm.

- Makiyajda ən çox sevdiyiniz çalarlar hansılardır?


- Daha çox qırmızı və qəhvəyi çalarları sevirəm. Çəhrayı rəngdən uzaq dururam. Keçmiş fransız qadınlarından ilham alıram. Sadə və şıq görünməyə çalışıram.

- Sevgi sizin üçün nəyi ifadə eləyir?


- Sevgi yenilik deməkdir. Sevgi qurtuluşdur. Hər işi sevgiylə görmək, dünyaya sevgiylə bağlanmaq lazımdır. Məncə, dünyanı sevgi xilas edəcək.

- Sevgi olanda həyatınızda hansı dəyişikliklər baş verir?

- Tez-tez aşiq olan deyiləm. Sevəndə də məntiqlə hərəkət edirəm. Aşiq olanda özümü xoşbəxt hiss edirəm. Heç bir səbəb olmadan gülümsəyirəm. Çoxlu xəyallar qururam.

- Hansı xüsusiyyətlərə malik kişilər diqqətinizi çəkir?


- Ağıllı və işində uğurlu kişilər gözümə xoş görünür. Bu vaxta kimi heç kimə məhz yaraşıqlı olduğu üçün aşiq olmamışam.


- Sərhədləriniz, tabularınız varmı?

- Oxatan bürcüyəm. Bu bürcdən olan qadınlar azadlıq məsələsində həssas olurlar. Mən də beləyəm. Sərhədləri sevmirəm.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm