Kolumbun mübahisələrə səbəb olan evi - Fotolar
Bizi izləyin

Maraq dünyası

Kolumbun mübahisələrə səbəb olan evi - Fotolar

Kolumbun mübahisələrə səbəb olan evi - Fotolar

Genuya İtaliyanın şimal-qərbindəki böyük liman şəhəri və Liquriya bölgəsinin paytaxtıdır. Şəhər çoxsaylı tarixi abidələrə və memarlıq incilərinə malikdir və onların çoxu UNESCO-nun Dünya İrsi Siyahısına daxildir. Vaxtilə İtaliyanın qüdrətli dəniz paytaxtı kimi tanınıb. Amma şəhəri daha çox tanıdan məşhur dəniz səyyahı Xristofor Kolumbun və bəstəkar Nikkolo Paqaninin vətəni olmasıdır.

Şəhərin dəmir yolu vağzalından çıxan hər kəsi Kolumbun möhtəşəm ağ mərmər abidəsi qarşılayır. Şəhərin adını dünyaya tanıdan dəniz səyyahının ev-muzeyinin yolunu isə böyükdən-kiçiyə hamı tanıyır. Yerli əhalinin Kolumbun evinə xüsusi bir münasibəti var. Onu da qeyd edək ki, İtaliya və İspaniyada altı şəhər Kolumbun doğulduğu yer olmaq şərəfi uğrunda yarışır.

Keçmişə qayıtmaq üçün nadir şans

Genuyadakı “Xristofor Kolumbun Evi” (Casa Columbus) şəhərin ən vacib tarixi yerlərindən biridir. Dünyaca məşhur səyyahın uşaqlıq və yeniyetməlik dövründə - 1455-ci ildən 1470-ci ilə qədər bu evdə yaşadığı iddia edilir. Bəzi tarixçilərin fikrincə, Kolumb ilk müəllimləri və səyahət yoldaşları ilə məhz bu tarixi mərkəzin dar küçələrində tanış olub.

Muzeyə baş çəkmək ziyarətçilərə Xristofor Kolumbun kəşfləri haqqında daha çox məlumat əldə etməyə, intibah dövrünün ən əhəmiyyətli şəxsiyyətlərindən birinin həyat və fəaliyyəti ilə yaxından tanış olmağa imkan verir. Kolumbun dənizə və kəşfiyyat ideyasına olan marağı ilk dəfə bu evin divarları içərisində inkişaf edib. Bu gün bu ev Kolumbun həyatı və nailiyyətləri üçün kiçik bir abidə rolunu oynayır. İçəridə nümayiş panelləri və sərgilər yalnız səyyahın karyerasının fövqəladə gedişatını deyil, həm də ailəsinin gündəlik həyatını əks etdirir. Bu evi ziyarət etmək gənc səyyahın 22 yaşında naməlum dünyaya səyahətə çıxmazdan əvvəlki dünyasına nəzər salmaq və keçmişə qayıtmaq üçün nadir bir şansdır.

Böyük malikanə deyil, amma tarixlə zəngindir

Kolumbun Evi Genuyadakı mərkəzi Ferrari meydanından bir neçə dəqiqəlik piyada məsafədəki Dante meydanında yerləşir. Əlbəttə, bu, böyük bir malikanə deyil, amma tarixlə zəngindir: Kolumbun ailəsinin gündəlik həyat hekayəsini təsəvvürə gətirmək üçün evin bir neçə otağına baş çəkmək kifayətdir.

Bəzi tədqiqatçılar bildirirlər ki, Kolumbun Genuyadakı evinin əsl tarixi olduqca qarışıqdır. Belə ki, səyyahın orijinal evi artıq mövcud deyil. Dante meydanında yerləşən bina isə köhnə şəhər xəritəsinə əsasən 1913-cü ildə yenidən qurulub. Evin 1684-cü ildə fransız donanması tərəfindən Genuya bombardmanı zamanı dağıdıldığı güman edilir.

Əşyalar və sənədlər kolleksiyasını özündə birləşdirir

Genuya tarixçisi Marçello Staqlienoya görə, bina Kolumbun dövründə iki və ya üç mərtəbəli olub və əvvəlki tikilinin xarabalıqları üzərində yenidən tikilib. Binanın birinci mərtəbəsində mağaza yerləşirdi; giriş qapısı fasadın sol tərəfində idi. Taxta tavan birinci mərtəbəni ikinci mərtəbədən ayırır və ehtimal ki, binanın orijinal planını əks etdirir.

Muzeyin əməkdaşı məlumat verir: “1892-ci ildə Genuya bələdiyyəsi Xristofor Kolumbun doğulduğu yer hesab edilən binanı əldə edib, lakin sonradan bunun orijinal ev olmadığı deyilib. Bir neçə il davam edən mübahisələrdən sonra, 1898-ci ildə bələdiyyə Genuyanın tarixi mərkəzində Sant Andrea kilsəsini və Xristofor Kolumbun doğulduğu yer kimi müəyyən edilmiş bu binanı əhatə edən torpaq sahəsini əldə edib”. Bələdçi deyir ki, həmin ev bərpa edilib və Xristofor Kolumbun həyatı və tədqiqatları haqqında əşyalar və sənədlər kolleksiyasını özündə birləşdirən muzeyə çevrilib.

Qırmızı kərpicli ev Genuya bələdiyyəsi tərəfindən Kolumbun italyan mənşəyinin sübutu olaraq təmir edilib. Bina daha sonra şəhər darvazası olan Porta-Soprana bərpa proqramına daxil edilib və bu sənəd 19-cu əsrin sonları və 1930-cu illər arasında şəhər mərkəzinin yenidən qurulması zamanı onu sökülməkdən xilas edib.

Ocaq ailənin sadə və qənaətcil həyat tərzini əks etdirir

“Kolumbun Evi iki mərtəbəlidir: birinci mərtəbədə yun parça toxuyan və satan atası Domeniko Kolumbun mağazası yerləşirdi. Ailə isə ikinci mərtəbədə yaşayırdı”, - deyə muzeyin əməkdaşı məlumat verir.

İkinci mərtəbədə yemək və yatmaq üçün istifadə edilən iki kiçikölçülü otaq var. Arxadakı ən sol küncdə, ehtimal ki, gündəlik yemək bişirmək üçün istifadə edilən ocağın yerini kobud yonulmuş daş əvəzləyib. “Bu ocaq, ailənin sadə və qənaətcil həyat tərzini əks etdirir. Çox güman ki, burada yemək hazırlanırdı, yeməklər isə yuxarıdakı daha böyük otaqlarda yeyilirdi. Orada iki sadə otaq, ehtimal ki, yemək və yataq yeri kimi xidmət edirdi” - deyə muzeyin əməkdaşı bildirir.

Genuya Kolumbla əlaqəli əfsanələrlə zəngindir

Kolumbun görünüşü onun ölümündən sonra çəkilmiş portretlərindən məlumdur. 1493-cü ildə Kolumbu görən Bartolome de las Casas onu belə təsvir edib: o, hündürboylu idi, uzun və təsirli üzü, qartal burnu, mavi-boz gözləri, qırmızımtıl çalarlı ağ dərisi vardı. Saqqalı və bığı gəncliyində qırmızımtıl olmuş, sonradan boz rəngə çevrilmişdi.

Tarixçilərəin sözlərinə görə, kasıb ailədə Xristofordan başqa digər uşaqlar da olub: Giovanni, Bartolomeo, Giacomo və Bianchella.

Kolumbun evinin əsas fasadındakı xatirə lövhəsində yazılıb: “Xristofor Kolumbun uşaqlığını və gəncliyini keçirdiyi bu evdən daha çox diqqətə layiq başqa bir ev yoxdur”.

Muzeyin yanında Sant-Andrea monastırı yerləşir. Bu, 1100-cü illərdə tikilmiş və Kolumb ailəsinin kilsəsi kimi istifadə edilən kiçik bir kilsənin yenidən bərpa olunmuş qalıqlarıdır. Muzeyə giriş üçün alınan biletə monastırı ziyarət də daxildir.
Genuya Kolumbla əlaqəli əfsanələrlə zəngindir. Dənizçi səyyah haqqında bu hekayələr tarixi faktlarla qarışaraq atmosferə müəyyən bir cazibədarlıq qatır. ("Kaspi" qəzeti)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm