Ayda nəhəng yaşayış məntəqəsi qurulacaq: Evlər belə olacaq
Bizi izləyin

Maraq dünyası

Ayda nəhəng yaşayış məntəqəsi qurulacaq: Evlər belə olacaq

Ayda nəhəng yaşayış məntəqəsi qurulacaq: Evlər belə olacaq

Hindistanlı alimlər astronavtlar üçün Ayda gələcək yaşayış məntəqələrinin qurulmasının maraqlı üsulunu təklif ediblər. Onların hazırladığı layihəyə əsasən, evlər və yaşayış modulları Yer kürəsindən Ay səthinə hazır şəkildə deyil, sökülmüş panellər halında daşınacaq. Panellər Ayda birləşdirilərək hermetik yaşayış bölmələrinə çevriləcək, ekipajın sayı artdıqca kompleksə yeni otaqlar əlavə olunacaq.

Publika.az xəbər verir ki, bu barədə “India Today”in yazıb.

BHEEM - "Bhartiya Extraterrestrial Expandable Modular Habitat" adlandırılan konsepsiya Banqalordakı Hindistan Elm İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanıb. Layihənin komandasında Hindistan astronavtı Şubhanşu Şukla da yer alıb.

Ayda evlər necə qurulacaq?

Bildirilir ki, yaşayış modullarının panellərinin kosmik gəminin yük bölməsində mümkün qədər kompakt yerləşdirilməsi nəzərdə tutulur. Tədqiqatçılar hesablamalar zamanı Ay və Marsa uçuşlar üçün hazırlanmaqda olan “Starship” gəmisinin parametrlərini əsas götürüblər.

Aya çatdırıldıqdan sonra panellər ayrı-ayrı hermetik modullara yığılacaq. Layihənin əsas üstünlüklərindən biri kompleksin mərhələli şəkildə genişləndirilə bilməsidir. Həmçinin zədələnmiş elementləri bütün konstruksiyanı sökmədən dəyişdirmək mümkün olacaq.

Tədqiqatçılar panellərin formasını yaşayış sahəsinin həcmi ilə konstruksiyanın möhkəmliyi arasında optimal nisbət nəzərə alınmaqla müəyyənləşdiriblər.

Müəlliflərin hesablamalarına görə, bir yük uçuşu ilə Beynəlxalq Kosmik Stansiyanın (ISS) daxili həcmindən təxminən iki dəfə böyük yaşayış sahəsinin yaradılması üçün kifayət qədər element Ay səthinə çatdırıla bilər.

Lakin bu rəqəmlərin hələlik yalnız mühəndislik hesablamaları olduğunu nəzərə almaq lazımdır. BHEEM hazırda təsdiqlənmiş tikinti layihəsi deyil, konsept olaraq qalır.

Əsas problem divarları Aya çatdırmaq deyil

Layihənin qarşısında daha mürəkkəb məsələ Ayda insan üçün təhlükəsiz mühit yaratmaqdır. Gələcək baza astronavtları radiasiyadan, vakuumdan, mikrometeoritlərdən və kəskin temperatur dəyişikliklərindən qorumalı olacaq.

Bundan başqa, yaşayış kompleksinin etibarlı enerji mənbələrinə, hava və suyun təmizlənməsi sistemlərinə, rabitə vasitələrinə və tullantıların utilizasiyası avadanlığına ehtiyacı olacaq.

Tikinti prosesinin özü də insanların Ay səthinə çatmasından əvvəl başlamalıdır. Robotların ərazini hazırlaması, konstruksiyaların bir hissəsini yığması və Ayın torpağını emal etməsi planlaşdırılır. Regolit adlanan Ay süxuru yaşayış bölmələrinin əlavə radiasiya qorunması üçün potensial material hesab olunur.

Ayda su - gələcək bazanın ən vacib resursu

Gələcək Ay bazasının qurulmasında su xüsusi əhəmiyyət daşıya bilər. Su həm astronavtların həyatı üçün zəruridir, həm də oksigen və hidrogenə ayrılaraq tənəffüs sistemlərində və raket yanacağının istehsalında istifadə oluna bilər.

Qeyd edək ki, BHEEM layihəsinin hələlik konkret tikinti müddəti müəyyən edilməyib. Konsepsiyanın əsas məqsədi məhdud yük bölməsinə böyük Ay yaşayış məntəqəsinin elementlərini yerləşdirmək və onları Yer kürəsindən kənarda birləşdirərək genişləndirilə bilən kompleks yaratmağın mümkünlüyünü göstərməkdir.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm