SSRİ-ni barmağına dolayan sürücü - FOTO
Bizi izləyin

Tarix

SSRİ-ni barmağına dolayan sürücü - FOTO

“Zəmanəni barmağına dolamağa” imkan yaradır.

Saxta pul kəsməyin tarixi bəlkə də elə pulun yaranma tarixi ilə eyni olar. İnsan bu şeytani qüvvənin nələrə qadir olduğunu görüncə, ona daha çox yiyələnməyə çalışdı. Çox pula yiyələnmək üçünsə ya zəhmət, ya da fırıldaqçılıq tələb olunur. Sonuncunu seçənlərə heç də ağılsız deyib keçməyin, psixoloqların sözlərinə görə, dələduz insanların ağlı dürüst, zəhmətkeş insanlardan daha üstündür. Yəni onların ağlına gələn qəfil ideyalar, güclü fantaziya insanları asanlıqla aldatmağa, dərviş demiş: “Zəmanəni barmağına dolamağa” imkan yaradır.

Publika.az bu yazıda SSRİ tarixində dələduzluqda ad çıxarmış Viktor Baranovdan – məşhur pulkəsəndən bəhs edəcək.

1941-ci ildə Stavropolda zəhmətkeş ailəsində doğulmuş, ömrünə sıravi insan kimi davam edən Baranov tezliklə zəhmət çəkməkdən yorulur. Bəlkə də müstəsna qabiliyyəti onu dinc durmağa qoymur. Tezliklə o, sovetlərdə hər adamın cəsarət edə bilmədiyi bir işə girişir – pul kəsir.

İlk dəfə 1977-ci ildə Çərkəz bazarında pul dəyişmək istəyərkən ələ keçib. İki 25 rublluq əsginası dəyişmək istəyərkən yaxalanıb. Əlindəki diplomat çanta açılarkən ağzına qədər dolu, bənövşəyi 25-liklər göz oxşayıb.

Bəs Viktor pul kəsməyə nə vaxt başlayıb?

Tərcümeyi-halından görünür ki, Viktor məktəbdə əlaçı olub, onu nümunəvi şagird kimi hər kəsə örnək göstəriblər. Ancaq bu nümunəvi məktəblinin qəribə marağı vardı: keçmiş pulları kolleksiya edirdi. Pulları təkcə toplamaqla kifayətlənmir, onların haqqında bütün məlumatları –hazırlanma texnologiyalarını da öyrənirdi.

Viktorun daha bir qabiliyyəti vardı: yaxşı rəsm çəkirdi, xüsusilə də dünya şedevrlərinin üzünü köçürürdü. Bu, yaşına görə onda çox yaxşı alınırdı. Orta məktəbi bitirəndən sonra inşaat peşə məktəbində təhsil alır, işləyir. Sonra pilot olmaq istəyi ilə aviaməktəbdə kurslar keçir. Bir sözlə, həyatını müxtəlif fəaliyyətlərlə rəngləndirir. Amma pula olan maraq onu bir an da tərk etmir.

Müxtəlif peşə dəyişikliyindən sonra sürücülükdə qərar tutur. Bu işi uğurlu alınır, tezliklə Stavropol vilayət katibi, SSRİ-nin gələcək rəhbəri Mixail Qorbaçovun sürücüsü olur. Elə bu dövrlərdə çoxdandır beynini qurdalayan arzusuna girişir. Pul aparatı icadına başlayır, buna qədər hələ əsgərlikdəykən bir neçə texnoloji icadlara cəhd etmişdi.

Əslində bu gündən keçmişə boylanan müasir insana pul kəsmək bəlkə də asan gələr. Çap maşını, kağız və üzünü köçürmək üçün real əsginas. Amma texnologiyanın məhdud imkanlı olduğu 60-70-ci illərdə pul kəsmək üçün ya dəli olmalıydın, ya da həddən artıq ağıllı. Viktor ikincidən idi. Bunun üçün o, yorulub usanmadan Moskavaya gedir, orada dövlət kitabxanasında çap işi, tipoqrafiya ilə ilgili bütün materialları dərindən öyrənir. Həmçinin nəşriyyatlara gedərək qəzet çapını diqqətlə izləyir. Hədəfə gedən yol zəhmətli olur. Amma ağılı şeytan özü idarə edirsə, hədəfə çatmaq istəyi yenilməz həddə çatır. Hələ 12 yaşından pulların üzünü köçürməklə məşğul olurdu. Artıq çap işini də öyrənəndən sonra prosesə başlamaq qərarına gəlir. Evinin yanındakı mal tövləsində emalatxanasını qurur. İcad etdiyi kustar çap maşını ilə ilk əsginasları çap edir. İlk başda buraxdığı 50 rubllar heç də orijinalına bənzəmir. Onları əzişdirərək köhnə pul effekti verir. Amma bu iri pul diqqət çəkə bilərdi. Bu boyda pulu ələ keçirən kasıb sözsüz ki, onu yoxlamaq qərarına gələrdi. Ona görə də sonrakı mərhələlərdə aşağı əsginaslara keçid alır. 1974-cü ildə kiçik əsginaslarla alış-veriş edəndə görür ki, onun pulları Dövlət Qiymətli Kağızlar İdarəsinin pullarından qətiyyən fərqləndirilmir. Daha sonra 25 rubllar çıxarmağa başlayır. Sonralar dindirilərkən o, bunun səbəbini beləz izah edir: “25-likləri hazırlamaq 50-liliklərdən daha çətin olurdu. Məni pulun özündən çox, onun hazırlanma prosesi özünə çəkirdi”.

Tezliklə o, elə həcmdə pul buraxır ki, onu xərcləməyə yer tapa bilmir. Ev-eşiyini xüsusi düzəltsəydi, geyimə pul xərcləsəydi, diqqət çəkə bilərdi. Həm də ciddi nəzarətli sovet rejimində sürücü cah-cəlal içində yaşaya bilməzdi. Baranov bu pulları yeni texnologiyalar yaratmaq üçün istifadə etmək niyyətində idi.

Nəhayət, bazarda dövr edən külli-miqdarda 25-liklər dövlət nümayəndələrinin diqqətini çəkir. Baranov öz pullarını bazara çıxarıb xırdaladırdı. Ailəsinə xərcləmək üçün məhz orijinal pullardan verirdi. 1977-ci ildə dövriyyədə artıq 415 ədəd 25-lik vardı. Əvvəlcə bank işçiləri Qiymətli Kağızlar İdarəsinin əməkdaşlarından şübhələndilər. Əməkdaşlar üzərində nəzarət gücləndirildi.

Amma sovet kəşfiyyatı həmişə yaxşı fəaliyyəti ilə fərqlənib. Əvvəlcə müəyyənləşdirildi ki, pul bir mənbədən yayılır – Stavropoldan. Baranovun ətrafında çəmbər daralırdı, yavaş-yavaş onun izinə düşmüşdülər. Amma işin ən qəribəsi o idi ki, özü bunu bilirdi. Çünki Sosial Mülkiyyətin Oğurlanması ilə Mübarizə Şöbəsinin (OBXCC) ştatdankənar işçisi idi. Şöbənin əməkdaşlarını əməliyyata o, özü aparırdı. Beləcə işin gedişatından da xəbərdar olurdu.

1977-ci ildə nəhayət fəaliyyətinin üstünü ört-basdır etmək istəyir. Pulkəsən maşını söküb hissələrini Stavropol ətrafındakı bataqlığa tökmək istəyir. Amma son anda bu ağıllı adam yanlışa yol verir. Əlindəki 25-likləri azaltmaq üçün bazarda sonuncu dəfə dəyişmək istəyəndə yaxalanır.

Həbs olunandan sonra onun işini araşdıran müstəntiqlər inanmırlar ki, o, bu cür peşəkar işi təkbaşına həyata keçirib. Hesab edirdilər ki, o, mütəşəkkil dəstənin işini üzərinə götürən “balaca adamdır”. Amma onun evində pulla bağlı çoxillik araşdırmalara dair qeydlər, eləcə də texnoloji ləvazimatlar tapanda Baranova ciddi yanaşmağa başladılar. Moskvadan xüsusi ekspert qrupu gəlir: Baranov onların gözünün qabağında pul kəsir. İşini elə ustalıqla görür ki, ekspertlər heyrətə gəlirlər. Ondan işin əslini soruşanda, sanki mətbuata açıqlama verən alim kimi icadı və işləri barədə həvəslə danışmağa başlayır. Hətta maliyyə idarəsinə saxta pulla orijinalı necə fərqləndirməyin yollarını izah edir.

Sovet dövründə saxta pul kəsənlərə ölüm hökmü verilirdi. Amma Baranovun dəstə yaratmadığını, iri pullarla iqtisadiyyata zərər vurmadığını, eləcə də bunu qazancdan çox ixtira xətrinə etdiyini nəzərə alaraq ona 12 il iş kəsdilər. Baranov həbsdə də hər kəsi heyrətlənməyi bacardı. Axı o, rəssam idi! Rəsm dərnəyi yaradıb neçə-neçə məhbusa gözəl əl qabiliyyəti aşıladı. Hələ Leninin elə bir ölçüdə portretini yaratdı ki, bir neçə km uzaqdan görünürdü.

Həbsdən çıxdıqdan sonra artıq dövran dəyişmişdi. Sovet İttifaqı dağılırdı. O, ticarətlə məşğul olmağa başlasa da, tezliklə rəqabətə davam gətirə bilmədi. Lakin jurnalistlər onun ətrafından seyrəlmirdi. Bir dəfə ondan soruşdular ki, bəs nə əcəb dollar çıxarmaq istəməyib? Baranov cavabında belə deyib: “Dollar kəsmək, mətbəxdə qəhvə bişirmək qədər asandır. Məni çətin əsginaslar özünə çəkir”. Hə, bir də psixoloqlar deyirlər ki, dələduzlar işin gəlirindən çox, onun adrenalinindən zövq alırlar… Viktor Baranovun böyük zövqlə düzəltdiyi saxta pullar isə hazırda Rusiya Daxili İşlər Nazirliyinin muzeyində saxlanılır.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm