Onları "Əkinçi"liyə gətirən səbəb: Qələmin güclüdürsə... - Jurnalistlər SORĞUDA
Bizi izləyin

Tarix

Onları "Əkinçi"liyə gətirən səbəb: Qələmin güclüdürsə... - Jurnalistlər SORĞUDA

Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 148 ili tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb. Mətbuat həmişə istənilən zaman kəsiyində xalqın özünüdərk prosesinin, milli oyanışının aparıcı vasitəsi olub. Bu gün də həmin vacib funksiyanı daşımağa davam edir. Hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti qurmaq istiqamətində mətbuatın üzərinə böyük vəzifələr düşür. Bəs jurnalistlərin mətbuata gələrkən umduğu nə idi, tapdığı nə oldu? Bu peşəni seçməyi gənclərə rəva görürlərmi?

Publika.az mövzu ilə bağlı jurnalistlər arasında sorğu keçirib:

Report Media Məktəbinin rəhbəri, “Report”un redaktoru İsmayıl Rafiqoğlu: “Mətbuata gəlmək istəyim şüurlu seçimimə bağlı idi. Yazı yazmağı çox sevirdim deyə bu sahədə çalışmaq elə də çətin olmadı. Peşəni sevirdim, başqa bir yerə getmək barədə düşünmürdüm. Nə qədər jurnalistikada çalışmışam, hər günüm bir bayram olub. İşə gəldiyim andan evə dönənə qədər zamanın necə ötdüyünü belə bilməmişəm. Elə indi də belədir. Düşünürəm, mətbuatda öz-özümü tapa bildim. Hər günüm də bir yeniliklə nəticələnir, nəsə axtarıram, maraqlı ideya, mövzu düşünürəm.

Bir media təlimçisi kimi daim gənclərin yanındayam. Əlbəttə biliyin ötürülmə prosesi gərək bir an belə dayanmasın. Jurnalistikaya gəlmək istəyənlərə böyük hörmətim var, çünki bu, rahat ofis işi deyil, hər cür ağır tərəfi var. Burada əsas məsələ nə istədiyini dəqiq bilməkdir, bilmirsənsə, onda bu peşəni seçmə, çünki kiminsə yerini tutmuş olacaqsan. Bəzən kimsə gileylənir mediadakı işindən, ona darıxdırıcı görünür. Bir növ işə həvəsi ölür. Praktikaya gələn tələbə də bəzən deyir, ay müəllim, axı gündəlik xəbər yazmaqda nə maraq var axı? Hər gün eyni məsələlər təkrarlanır. Düşünürəm, insan gərək hər kiçik uğurdan, qazandığı bilikdən, tamamladığı işdən xoşbəxt olmağı bacarsın. Onda, bu peşəyə gəlim, ya gəlməyim sualına ehtiyac da olmayacaq”.

Tanınmış jurnalist, teleaparıcı Sevinc Telmanqızı: “Mətbuata gələrkən nə ummuşdumsa, onu da tapmışam. Mən jurnalistikanı xəbərin energetikası, insanların problemlərinin işıqlandırılması, onlara çarə tapılma ehtimalına görə sevirdim. Faydalı olmaq istəyirdim. İnsanlar xəbəri həm də məndən öyrənsin, problemlərdən mənim qələmimlə, mənim təqdimatımla xəbər tutsun – arzum bu idi. 1999-cu ildə nə arzularla mətbuata gəlmişdimsə, aradan keçən 24 il ərzində o arzularım bir-bir həyata keçib. Öncə qəzet, sonra isə TV platformasında sözümü deməyə fürsət tapmışam. Bir sözlə, heç bir narazılığım yoxdur.

Ürəyində jurnalistika eşqi, həvəsi, əzmi olan hər kəsə bu sahədə özünü sınamağı məsləhət görürəm. Qızım da BDU-nun jurnalistika fakültəsində, üçüncü kursda təhsil alır. Yəni, digər gənclərdən öncə öz qızıma rəva görmüşəm və gələcəkdə yaxşı bir jurnalist olması üçün lazımi dəstəyi də verirəm. Və çox sevinirəm ki, ailəmizdə bizim peşəmizin davamçısı var. Məncə, işini vicdanla, layiqincə görəndə bütün sahələrdə uğur qazanmaq mümkündür. Jurnalistika isə bu sahədə bir insanın çatmaq istədiyi mərtəbədə çox gözəl fürsətdir həm də. Qələmin güclüdürsə, özün də güclüsən deməkdir. Jurnalistika sayəsində çoxlu sayda insanlar tanıyır, çoxlu ölkələr görür, insan taleləri ilə tanış olur və bəzən də insanların həyatlarına qələminlə toxunuşlar edirsən. Problemini həll etdiyin, taleyində müsbət rol göstərdiyin insanlarla qarşılaşırsan. Məncə, bu, unikal fürsətdir”.

Jurnalist Ekspert Mərkəzinin sədri, tanınmış jurnalist Ceyhun Musaoğlu: “Mətbuata gələndə bu peşədən nələr ummağın mümkünlüyü barədə düşünməmişdim. İlk jurnalistika fəaliyyətim 1997-ci ildə olub. Tanınmış qəzetçi Şahvələd Çobanoğlunun baş redaktoru olduğu “Günaydın” qəzetində işə başladım. İki il orada öyrəndim. Umduğum müxbir kimi hazırladığım yazıların, xəbərlərin qəzetin səhifəsində dərc olunması idi. İmzamızı qəzetin səhifəsində görəndə qanadlanırdıq. Yazımızı oxumaq üçün 1 saat öncədən köşkə gəlib oranın açılmağını gözləyirdik. Burada Ramiz Rövşənin şeiri lap yerin düşür: “Canavar da gözəl idi, dünyanın gözəl vaxtında” mətbuatın gözəl çağları idi - internet yox, sayt yox... Möhtəşəm jurnalistlərin əhatəsində gecə saat 4-ə qədər işləmək, 4-də manşet tapıb qəzetə qoyaraq, sabahı, yazılarımıza olan reaksiyanı səbirsizliklə gözləmək... Onu da deyim ki, mətbuat mənə çox şey verib. Tanınmaq, cəmiyyətə kömək etmək imkanı qazanmaq, hörmət sahibi olmaq, doğru yaşamaq...

Gənclərə tövsiyəm budur ki, əgər istedadları yoxdursa, çalışıb jurnalistikanı seçməsinlər. Jurnalistikaya qələmdən başlasınlar, kompüter, mikrafondan yox”.

“Kaspi” qəzetinin əməkdaşı Aygün Əziz: “Jurnalistika mənim uşaqlıq arzum idi. Yadımdadır, məktəb illərində xatirə dəftərlərimiz olurdu, mən həmişə gələcəkdə hansı peşəni seçəcəksiniz sualına jurnalistika yazırdım. Bu sahədə də bəxtim gətirib. Deyə bilərəm ki, umduğumu tapmışam. Çünki bu sahəni peşəkarlardan öyrəndim, öyrənməyə də davam edirəm. Gənclərə tövsiyə verəcək yaşda olmadığımı düşünürəm. Amma hər kəsə sevdiyi sahədə çalışmağı arzu edirəm. Bütün həmkarlarımı təbrik edirəm”.

Jurnalist Kənan Məstəliyev: “İdman jurnalistikasına gələndə qarşıma qoyduğum məqsədə hazırda çatmışam. Məqsədim idmanın, xüsusən də futbolun içində olmaq idi. Tanınmış idmançılarla müsahibələr etmək, iş təcrübələrinə daha yaxın olmaq idi. Məhz idman jurnalistikası sayəsində 20-dən çox ölkəyə səfərlərim olub. Əlçatmaz ulduzlardan açıqlamalar almışam. Bir çox böyük yarışlarda olmuşam. Həm də azarkeş olaraq, istədiyim yerdəyəm. İdman mediasında maddi cəhətdən problemlər var. Ona görə də maddi cəhətdən uğur qazandığımı deyə bilmərəm. Lakin mənəvi cəhətdən rahatlıq tapdığımı hiss edirəm. Bu məni təəssüfləndirmir, çünki bu peşəyə məhz maliyyə üçün gəlməmişdim. Gənclərə onu tövsiyə edə bilərəm ki, əgər bu sahəni xüsusən də idman jurnalistikasını seçirsinizsə idmanı sevmirsinizsə gəlməyin. Bu peşədə maliyyə yoxdur, lakin zövq tərəfi böyükdür. Düzü, iş çox çətin olur. Elə vaxt olur ki, 24 saat işləyirsən, həftəsonun olmur. Bunlar hamısı idman sevən biri üçün olduqca böyük zövq və xoşbəxtlikdir”.

BDU-nun professoru, filologiya elmləri doktoru, jurnalist Qulu Məhərrəmli: “Jurnalistika olduqca dərin və gözəl sahədir. Demək olar ki, burada müxtəlif peşələrlə tanış olursan. Sonra isə gördüklərini qələmə alırsan. Bunun üçün də bu peşəni məslək kimi qəbul edən gənclərə ehtiyac var. Onlara jurnalistika peşəsini seçməyi rəva görürəm, hətta tövsiyə edirəm. Çünki gənclik sayəsində həqiqəti cəmiyyətə çatdırmaq özü çox gözəldir. Doğru xəbər cəmiyyətin getdiyi yolu işıqlandırır. İnsana ictimai həyatı ilə bağlı qərarlar qəbul etməyə kömək edir.
Jurnalistika elə sahədir ki, ixtisas təhsili olmadan belə işləyə bilirsən. Düzdü, təhsilin olması arzuolunandır, lakin yazı qabiliyyətin varsa bu mümkündür. Hazırda jurnalistika kursları, təlimləri olduqca çoxdur. Bu gün jurnalistikada müşahidə qabiliyyəti, həqiqət hissi güclü, nöqsanları tənqid etmək cəsarəti, ictimai problemləri qaldıran, öz hərəkətləri ilə cəmiyyətə fayda verən gənclərə ehtiyac duyulur”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm