Höte, Qöte, yoxsa..? – Ədəbiyyatımızda ad problemi
Bizi izləyin

Mədəniyyət

Höte, Qöte, yoxsa..? – Ədəbiyyatımızda ad problemi

Əcnəbi adların, xüsusilə xarici yazarların ismlərinin necə yazılması daim müzakirə edilən mövzulardandır. Hətta bu müzakirələr bəzən qalmaqallara da səbəb olur. Bəziləri adın olduğu kimi saxlanılması, bir qrup isə onun dilimizə uyğunlaşdırılması fikrindədir. Lakin əcnəbi yazarların adlarının dilimizə uyğunlaşdırılması heç də hər zaman uğurlu alınmır. Alman yazar Qötenin adının dilimizə çevrilmiş variantlarının geniş müzakirə edilməsi bəzilərinizin yaddaşından silinməmiş olar.

Bir də görürsən ki, nəşriyyatlardan biri məşhur alman yazarını Hermann Hesse, digəri Herman Hesse kimi təqdim edir. Yaxud da biri Albert Kamyu, başqası Alber Kamu kimi yazır… Son vaxtlar isə başqa tendensiyada müşahidə edilir. Belə ki, xarici yazarların adları orijinalda olduğu kimi saxlanılır. Yəni, Türkiyə təcrübəsindən yararlanılır. Ancaq bu da problemi həll etmir. Məsələn, dilimizdə ingilis dilindəki “W” hərfi yoxdur. Başqa bir sual da yaranır – çinli və ya koreyalı yazarların adları necə yazılacaq?

Dilimizin inkişafını ləngidən bu problemlər sadəcə ədəbi nəşrlərlə bağlı deyil desək, heç də yanlışlığa yol vermərik. Son dövrlər kino sahəsində də bu problemlər nəzərə çarpır. Xüsusilə də, saytlarda kino və ya serial adları dilimizə tərcümə edilmədən, orijinal halında verilir. Bəs bütün bunlar öz həllini necə tapmalıdır?

Publika.az bu suala cavab tapmağa çalışıb:

Yazıçı-tərcüməçi Nəriman Abdulrəhmanlı bunun həllini AMEA-nın Terminalogiya Komissiyasının məsələyə aydınlıq gətirməsində görür:

“Çox problemli məsələdir, son vaxtlar da bu problem əməlli-başlı böyüyüb. Məncə, xarici müəlliflərin adları dilimizdə rahat səsləndiyi şəkildə yazılmalıdır. Tutaq ki, türk adları ingilis dilində həmin dilin qaydalarına əsasən yazılır. Məsələn, Uilyam Folkner ingiliscə William Faulkner kimi yazılır ki, bu, dilimizin orfoqrafik və səsləniş qaydalarına uyğun deyil. Fransız Alber Kamus dilimizdə Alber Kamü kimi yazılsa daha düzgün olar. AMEA-nın Terminologiya komissiyası yaxın vaxtlarda bu məsələyə aydınlıq gətirməsə, bu dolaşıqlıq daha böyük ziddiyyətlərə səbəb olacaq”.

Yazıçı-kulturoloq, "Ədəbiyyat qəzeti"nin şöbə redaktoru, Kitabxana.net portalının rəhbəri Aydın Xan Əbilov bu problemin tarixinin lap keçmişə gedib çıxdığını dedi: “Qaldırılan filoloji problem hər zaman elmi-ədəbi ictimaiyyətimizin ağrılı yeridir. Sovet dönəmindən əvvəl də çoxsaylı polemikalar gedirdi və birmənalı cavab ortaya qoyulmurdu. Hələ Mirzə Fətəli Axundov ərəb qrafikalı Azərbaycan əlifbasının islahatları haqqında mülahizələrini irəli sürəndə də hərəkə və nöqtələrin çoxluğundan, ana dilimizə yararlı olmadığından ortaya çıxan çətinliklərinə diqqət ayırmışdı. XX əsrdə məşhur yəhudi-alman mütəfəkkiri Hötenin baş hərfini “h”, ya da “g” ilə yazılması ətrafında qızğın müzakirələr aparılırdı. Sonda ədəb-etik qaydalarından çıxış edərək “h” hərfini əsas götürdülər. Hətta dini kəsim peyğəmbərimiz Məhəmmədin adının orijinaldan olduğu kimi Muhammad kimi deyiliş-yazılışını tələb edirdi və indi də o tələblərində qalırlar. Azərbaycan dilinin orfoqrafiya qaydalarına görə, əcnəbi adlarının necə səslənməsindən irəli gələrək yazılışı əsas götürülür”.

Aydın Xan Əbilov qeyd etdi ki, dilimizi xarici dillərə uyğunlaşdırsaq, qrammatikamızda - dilçiliyimizdə xaos yarana bilər: “Xaricdən alınma kəlmələr, terminlər, sahəvi ifadələr, anlayışlar, xüsusi ismlər, adlar axı bir dildən gəlmir. Əgər biz hər dilin qayda-qanunlarına uyğun dilimizdə dəyişiklik eləsək, qrammatikamızda - dilçiliyimizdə xaos yaranacaq. Tutalım, ingiliscənin üç samit hərfinin ifadə etdiyi səsi necə saxlaya bilərik? Yaxud Göte soyadını orta məktəbdə dilinə gətirən müəllimin şagirdləri yanında necə qızardığını təsəvvür etmək belə çətindir. İngilis əlifbasındakı “W” hərfi ilə bağlı adları, xüsusi isimləri necə yazmalı?

Baxın bu qədər ciddi problemlər durur filoloji düşüncəmizin qarşısında. Qaldı sizin sualın əsas tərəfinə, bu problem "Qanun" nəşriyyatı tərəfindən ortaya atıldı, ona baxıb bir neçə başqa nəşriyyatlar da dəbdən kənara qalmayıb eyni ilə bu yanlışlığa getdilər: hətta Prezident sərəncamı ilə buraxılan xarici müəlliflərin kitablarının bəzilərində də bu "dilbazlığa" rast gəlinir.

Ən qəribəsi odur ki, "Qanun" nəşriyyatının sahibi, çox hörmətli Şahbaz Xuduoğlunun qardaşı, görkəmli şair Sabir Rüstəmxanlı Azərbaycan Dil Qurumu adlı ictimai birliyin rəhbəridir.

Məncə, indiyə qədər orfoqrafiyamızda qeyd olunduğu forma əsas götürülməlidir: ana dilimizin qayda-qanunlarına uyğun olaraq əcnəbi xüsusi isimlər sadə və anlaşıqlı, orijinala yaxın formada yazılmalıdır”.

Azərbaycan kinorejissoru və kinoşünası, Azərbaycanın Əməkdar incəsənət xadimi Ayaz Salayev düşünür ki, dilin inkişafı üçün filmlərin adları mütləq dilimizə çevrilməlidir: “Düşünürəm ki, buna yol vermək olmaz. Filmlərin adını mütləq dilimizə çevirmək lazımdır. Türkiyə türkcəsində olması, sözlərin asanlıqla anlaşması heç nəyi dəyişmir. Heç bir dilin bizim dili udmasına icazə verməməliyik”.

AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova isə bu problemlərin yaxın zamanlarda həllini tapacağını dedi: “Ötən gün “Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti” adlanan və nəşr olunmaq üzrə olan yeni vəsait Ədliyyə Nazirliyinə təqdim edildi. Xarici adlarla bağlı məsələlər də gündəmdədir. Şəxs adlarının transliterasiya və transkripsiyası üzrə iş gedir. Bu məsələ ilə 3 qurum məşğul olur: AMEA İnformasiya Texnologiyaları İnstitutu, Dilçilik İnstitutu və Rabitə Nazirliyi. Bununla bağlı dövlət proqramı var”.

İlknur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm