Tahir İmanov: “Onlar bizi görəndə dovşana dönürlər, amma arxamızca…” - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Tahir İmanov: “Onlar bizi görəndə dovşana dönürlər, amma arxamızca…” - MÜSAHİBƏ

“Planet Parni iz Baku” Cəlil Məmmədquluzadəninin məşhur “Ölülər” əsəri əsasında film çəkib. Film əsərin müasir versiayasıdır.

Filmin ssenari müəllifləri Tahir İmanov, Ələkbər Əliyev, Mütəllim Həsənov, Anar Ömərov, Məmmədəli Kazımov, quruluşçu rejissoru Şuşa, quruluşçu operator Saulius Lukaşeviçius (Litva), bəstəkarı Faiq Sücəddinovdur. Mahnıların söz müəllifi Baba Vəziroğludur. Baş prodüserlər Tahir və Cabir İmanovlar olan film Azərbaycanın görkəmli satiriki və dramaturqu Cəlil Məmmədquluzadənin xatirəsinə həsr olunur. Filmdə Xalq artisti Valeh Kərimov, Əməkdar artistlər Tahir, Cabir İmanovlar, Dilarə Əliyeva, Bəhram Bağırzadə, Rövşən Kərimduxt, Elnar Qarayev və digər məşhur aktyorlar rol alıb. Filmin devizi də var: “Filmdə heç bir qəhrəmanı uydurma deyil. Onları Azərbaycanın görkəmli dramaturqu ve satiriki Cəlil Məmmədquluzadə fikirləşib”.

Film 22 sentyabrdan etibarən bütün kinoteatrlarda nümayiş olunacaq.

Əməkdar artist, “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri və rejissoru Tahir İmanov filmlə bağlı təəssüratlarını Publika.az-la bölüşüb.

- “Ölülər” sizi nəylə cəlb etdi ki, belə bir film çəkmək zərurəti hiss etdiniz?

- Mən sovet dövründə təhsil almışam. Onda da rus ədəbiyyatı dəbdə idi, Azərbaycan yazıçıları o qədər də çox oxunmurdu. 2001-ci ildə “KVN”-in vida konsertinə ulu öndər Heydər Əlyev də gəlmişdi. Bilirsiniz ki, ümummilli lider həmişə konsertdən sonra bizimlə söhbətləşirdi. Ulu öndər bizi Cəlil Məmmədquluzadə ilə müqayisə etdi. O vaxtdan bu ad beynimə həkk olundu. Yazıçının “Ölülər” əsərini oxudum və tüklərim biz-biz oldu. Düşündüm ki, ilahi bu insan dahidir, əsərin yazılmasından bir əsr keçib. Amma bu gün də aktualdır. Sonra əsərin müasir versiyasını yaratmaq qərarına gəldim. 15 il sonra bu filmi ekranlaşdıra bildik. Ssenari 4-5 ilə yazıldı. Yazılırdı-prozulurdu, nəhayət tamamlandı və başladıq çəkiliş qrupunu yığmağa. Proses ilyarım çəkdi. Filmdə peşəkar heyət çəkilib. Çəkilişlərdən qabaq iki ay məşq etdik. Kefli İsgəndərin obrazı üçün aktyor tapana qədər çox vaxt getdi. Bir çox aktyorlar gəldi, amma biz Elnar Qarayevi seçdik. O qədər də populyar deyil, amma vaxt gələcək bütün Azərbaycan onunla fəxr edəcək. Çox peşəkar və istedadlı aktyordur. Şeyx Əhmədin obrazını yaradan Rövşən Kərimduxt çox istedadlıdır. Yeri gəlmişkən, Şeyx Nəsrullahı özüm yaratmışam.

Filmin uğurunun yarısı musiqiylə bağlıdır. Bu məqamda da peşəkara müraciət etdik, o da məşhur hitlərin müəllifi Faiq Sücəddinovdur. Qeyd edim ki, biz bütünlüklə peşəkarlara müraciət etmişik.

- 1916-cı ildən indiyə qədər “Ölülər” səhnələrdə oynanılıb. Hüseyn Ərəblinski, Tofiq Kazımov kimi rejissorların yozumunda səhnə həllini tapıb. Birdən-birə belə məşhur bir əsərin müasir versiyasını yaratmaq təbii ki, risqdir və teatr xadimləri tərəfindən birmənalı qarşılanmayacaq. Qınaqlara, təzyiqlərə hazırsınızmı?

- Təbii ki, birmənalı qarşılanmayacaq. Paxıl sənətkarlar öz iradlarını bildirəcək, qeybətlə məşğul olacaqlar, dalımızca danışacaqlar. Onlar həmişə böhtan və ləkələri üstümüzə yaxırlar. Amma bizi görəndə dovşana dönür və deyirlər ki, sizdən yoxdur. Üzümüzə deyə bilmirlər, amma dalımızca danışırlar. İndi cavan insanlar filmər çəkir, onları görün nə qədər tənqid edirlər. Amma mən fəxr edirəm ki, artıq Azərbaycanda belə proseslər başlayıb. Əsas da başlamaqdır. Amerikada Hollivud bəyəm əvvəldən səviyyəli filmlər yaradıb. Hər şey pillə-pillə yaradılır. Allah bizi nöqsansız yaratmayıb ki. Bilirəm ki, tanınmış kino xadimlərimiz çıxış edəcək, qəzəblənəcəklər ki, onların nə ixtiyarı var “Ölülər”ə müraciət edib. Amma inanıram ki, sevinən insanlar çox olacaq. “KVN” pərəstişkarları bu gün çoxluq təşkil edir.

- Çəkilişlərdən öncə təcrübəli kino xadimlərindən kimlərləsə məsləhətləşdinizmi?

- Məsləhətçimiz tanınmış tənqidçi və teatrşünas İlham Rəhimli oldu. Onunla çox məsləhət etdik, ssenarini oxudu və razı qaldı. Xeyir-duamızı verdi.

- “Ölülər”ə Tahir İmanovun öz yanaşması ilə fərqli nə görəcəyik?

- Şeyx Nəsurllah 21-ci əsrdə dəyişib olub Nəsrulla Şeyxov, Şeyx Əhməd Şeyxov. Hacı Həsən, Kefli İsgəndər necə varsa, elə də qalıb. Cəlil Məmmədquluzadə əsərinə müraciət etmişiksə, deməli, şeyx nəsrullahlar həmişə var və olacaq. Digər tərəfdən, bizdə fərqli sonluq var. Bizim filmdə Şeyx Nəsrullah öz cəzasını alır. Amma bütün dələdüzlüq prosesləri, yalanlar hamısı olduğu kimidir. Hamısını açıqlamayım, tamaşaçı maraqla gözləsin.

- Biz görüntülərdə bir çox aktyorlarımızı, elə sizi də tanınmaz halda gördük. Hətta, Dilarə Əliyevanı tanımadıq.

- Hə, tamaşaçı tanınmış aktyorların bir çoxlarını tanımayacaq.

- Bəziləri etiraz etmədilər ki, belə çirkin göründükləri üçün?

- Əksinə mən həmişə lehinə olmuşam ki, məşhur aktyor obrazını 180 dərəcə dəyişsin.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm