Müsahibə
Xalq artisti Nəsibə Zeynalova ilə bağlı GİZLİNİ AÇDI: “Mənə dedi ki...” - MÜSAHİBƏ
Sayılı günlər qaldı. Hər filmlə biz tamaşaçılara bayram sevinci yaşadan kino işçilərinin bayramına. Onlar var qüvvələri ilə bayram tədarükündədirlər.
Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il avqustun 2-də Azərbaycanda Milli Kino günü qeyd olunur. Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri (“Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s.) və bir bədii kinosüjetdən (“İlişdin”) ibarət idi.
Biz də öz növbəmizdə milli kino günü ərəfəsində kino xadimlərimizi söhbətə çəkəcəyik.
Beləliklə, Publika.az Xalq artisti, tanınmış aktrisa Zərnigar Ağakişiyevanın müsahibəsini təqdim edir.
- İstər teatrda, istərsə də kinoda bir-birindən maraqlı obrazlar yaratmısınız. Özünüzü daha çox teatr, yoxsa kino aktrisası sayırsınız?
- Fərq qoymuram. İkisi də mənə əzizdir. Teatr mənim üçün birinci pillədir. Əgər zalın sonuncu oturacağında bir nəfər pul verib, mənə görə tamaşaya baxmağa gəlirsə, demək ki, ona lazımam. Eləcə də kino. Ekrandan məni izləyən tamaşaçı sevgisini hiss edirəmsə, mənə bəsdir.
- Bəs özünüz çəkildiyniz filmləri ekrandan izləyəndə hansı hissləri yaşayırsınız?
- Əvvəllər filmlərdə özümə baxa bilmirdim. Hətta özümü bir aktrisa kimi qəbul edə bilmirdim. Amma zaman keçdi, çəkildiyim filmlərə baxmağa başladım.
- Tamaşaçı Zərnigar aktrisa Zərnigarı bəyəndimi?
- Həyatda özümü çox istəyirəm, amma aktrisa kimi özüm barədə xoş söz deməyə xəsislik edirəm. Bəzən oynadığım rollara baxanda, təəccüblənirəm, hətta çaşıb qalıram ki, yəni bunu mən yaratmışam?
- Belə gözəl obrazların müqabilində niyə xəsislik edirsiniz ki? Aktrisa var, ömrü boyu əməlli-başlı bir rol yaratmayıb, amma bütün günü efirdə özünü tərifləyir… Sizinsə tərif halal haqqınızdır.
- Mən yüz dəfə özüm-özümü tərifləyim, nə xeyri, aktyorla bağlı ən böyük tərifi tamaşaçı deyir. Tamaşaçını məcbur edə bilməzsən ki, məni təriflə. Sevgini satın almaq mümkün deyil. Tamaşaçı alqışı aktyorun ən böyük qazancıdır. Aktyorun da borcudur ki, o sevginin qarşısında baş əysin. Mən bu gün səhnəyə çıxmıramsa, bu o demək deyil ki, həmin sevgini hiss etmirəm. Küçədə gedəndə insanların gözündən o sevgini oxuya bilirəm. Ana öz balaca övladına məni göstərib adımı deyirsə, bu, mənim aktrisa kimi uğurumdur. Tamaşaçı sevgisi sarıdan həmişə bol olmuşam.
- Çəkildiyiniz obrazlarla sizə müraciət edəndə xoşunuza gəlir?
- Məni öz adımla çağıranda xoşuma gəlir. Adətən də belə olub.
- Yaratdığınız obrazlar arasında elə biri olubmu ki, həyatda da onun taleyini yaşamaq istəmisiniz?
- Yox. O obrazlar aktrisa Zərnigarın yaratdığı obrazlardır. Mənim üçün sadəcə təsvirdir, bədii obrazdır. Obrazdan çıxandan sonra yenə də öz həyatıma qayıdıram. Elə öz həyatım özümə xoşdur.
- Bəs elə bir rol olubmu ki, uzun müddət onun təsirindən çıxa bilməmisiniz?
- Olub. Babək tamaşasında və bir də Alber Kamyunun əsəri əsasında səhnələşdirilən bir tamaşada ana obrazı.
- Sizcə, rollarınız niyə sevilib, aktrisa olaraq tamaşaçını nə ilə ələ ala bilmisniz?
- Obrazın uğurlu alınmasında tərəf müqabillərinin də rolu böyükdür. Qarşılıqlı səmimiyyət rolun uğurunu təmin edir. “Yuxu” filmində Nəsibə Zeynalova ilə o qədər səmimi tərəf müqabili idik ki, bu səmimiyyət oynadığımız obrazlara da təsirini göstərdi. Film ekranlarda nümayiş olunandan sonra Nəsibə xanımla bir-birimizə qarşılıqlı kompliment elədik. Bizim qol-qola çəkdirdiyimiz foto da var, bizə gələndə sənə göstərərəm. Bir-birimizə olan səmimi məhəbbətimiz şəkildə də görünür.
- Maraqlıdır, bir-birinizə hansı sözlərlə kompliment elədiniz?
- Mən ona dedim ki, sənətinizə vurğunam, siz mənim ən sevimli aktrisamsınız. O da mənə dedi ki, Zərnigar sən heç kimə bənzəmirsən, çox istedadlı aktrisasan.
- Amma istedadlı aktrisaların həmişə yolunu kəsmək istəyənlər də olub. Sözsüz ki, sizin də paxıllığınızı çəkən həmkarlarınız olmamış deyil…
- Bir var paxıllıq, bir də var qibtə. Ola bilər kimsə o rol üçün uyğun deyil, buna özünə deyəndə, qəbul eləmir. Ona elə gəlir ki, paxıllıqdan belə deyirsən. Təbii ki, mənə də paxıllıqlar olub, amma yaradıcılıq həyatım boyunca özümə qarşı hörmət görmüşəm. Mənə verilən rollarla qane olmuşam. Bir var sevilən, populyar aktrisa, bir də var seçilən aktrisa. Mən seçilən aktrisa olmuşam. Mənə qiymət verilib.
- Zərnigar xanım, maraqlıdır, kompleksləriniz varmı?
- Bəlkə də kompleksdir, ya xasiyyət, hirslənəndə bərk danışıram. Mən deyərdim ki, ən kobud xüsusiyyətim də budur.
- Özünüzü kaprizli sayırsınız?
- Kapriz deməzdim, amma əhval-ruhiyyə adamıyam. Ola bilər əhvalım pisdir, sizinlə danışmayım. Yaş və xəstəlik də öz sözünü deyir. Kim deyirsə ki, yaşın fərqi yoxdur, səhv danışır. İnsan yaşa dolduqca dəyişir, kaprizləri artır.
- Eşitdiyimə görə, yeni tamaşalara, yeni filmlərə çəkilmək istəmirsiniz, bunu da kapriz saymaq olar?
- Əslində çəkildiyimə çəkilmişəm. İndi istəmirəm.
- Bəs çəkiliş, səhnə üçün darıxmırsız?
- İndi dincəlirəm. Mütləq şəhərə çıxıb bu baş, o baş gəzirəm. Məni sevən tamaşaçılarımla qarşılaşıram. Onlar hər dəfə mənə gülümsəyəndə, məni göstərəndə, yaxınlaşıb hal-əhval tutanda özümü xoşbəxt sayıram. İnsan ən böyük stimulu sevgidən alır. Tonusumu sevgi ilə tarazlayıram. Vacib deyil ki, bir kişini sevəsən. Bu bir ağac da ola bilər, uçan quş da, milyonlarla tamaşaçı sevgisi də…
Cəvahir Səlimqızı
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO