"Onların dilinə toxunub yeni bir mövzuya meydan vermək istəmirəm" - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

"Onların dilinə toxunub yeni bir mövzuya meydan vermək istəmirəm" - MÜSAHİBƏ

1 avqust Azərbaycan dili və əlifbası günüdür.

Publika.az-ın "Bildirçin"i də dilini dinc qoymayıb dil günündə dilçini dilləndirdi. Bu dilçilərin də işi asan deyil. Hamıya irad bildirməkdən "dili uzun" olublar. Bu dəfə dilçi xanım, filologiya üzrə fəlsəfə doktoru, Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Təranə Şükürlü müsahibimiz oldu. Elə dildən, dilçilikdən dilləşdik. Dili olan bu xanımın görək dilçəyi də varmı.

- Tənəzzöh (ekskursiya) üçün haranı seçərdiniz?

- Yenə də Dilçilik İnstitutunu seçərdim. Orada obyektiv bir mühit var. Yolumu həmişə Dilçilik institutunda axıra qədər davam etdirməyi düşünmüşəm.

- Geyçiminizi heç ipəzorlamısınız?

Bunlar qondarma sözlərdir. Dilçi alimlər bu yaxınlarda açıqlama verdi ki, belə sözlər Dilçilik institutunun elmi şurasında müzakirə edilməyib bunlar mediada ayrı-ayrı şəxslərin uydurduğu sözlərdir. Hazırda yeni terminlər lüğəti çıxır. Ora 2500 yeni söz əlavə olunub, amma bu sözlər orada öz əksini tapmayıb.

- Tələffüzdə "edilməyibdir" yoxsa "edilmiyib"?

- "Edilmiyib".

- Hər gah elədirsə onda niyə "edilməyib" deyirsiniz?

- Ədəbi dil haqda o qədər düşünürəm ki, düşündüyüm kimi də danışıram.

- Dilçilərin dili uzun olur?

- Xeyr. Necə lazımdırsa, o cür də danışırlar. Diliqısa, diliuzun sözlərini dilçiyə aid etmək olmaz. Dilçi hansı peşənin sahibidirsə o dildə danışır.

- Bir dilçinin orfoepik qaydaları pozması hobbidir, yoxsa acıq çıxmaq?

- Mən bu tip suallara cavab vermək istəmirəm.

- Dilçilərimiz indi hansı problem üzrə işləyirlər?

- İzahlı terminlər lüğəti yazılır, orfoqrafiya lüğəti üzərində iş gedəcək. Monitorinqlər olacaq. Azərbaycan dilinin qrammatikası yenidən nəşr olunacaq.

- Dilçilərimizin dili var. Dilçəyi necə, varmı?

- Deyərdim ki, var. Dil dövlət siyasətinin tərkib hissəsidir. Dil dövlətin rəmzlərindən biridir. Ona görə həmişə dilçinin fikrinə ehtiyac olur. Dilçi də fikir yürüdürsə, deməli dili də var dilçəyi də.

- Qrapar (ermənilərin köhnə dili) dilinin dərsini kim keçəcək? Qəbul olmaq istəyən var?

- Bəli, üç nəfər magistraturaya qəbul olunub. Burada professor Qafar Çaxmaqlı və başqa iki nəfər erməni dilini tədris edəcək.

- Dilçi bir qadını sevmək üçün kişi hansı peşənin sahibi olmalıdır?

- Müəyyən intellektə, səviyyəyə malik olmalıdır. Ən azı dilçiyə yaxın bir təfəkkürdə düşünməlidir. Allahın qismət etdiyi bir şəxsdirsə istənilən peşənin sahibi ola bilər.

- Dilçilər niyə bir-birin bəyənmir?

- Bu, hər sahədə var. Bəyənməmələri normaldır.

- Sizin necə bəyənmədiyiniz biri var?

- Bütün dilçilərə hörmətlə yanaşıram. Bizim institutda xələf və sələf anlayışı formalaşıb.

- Belə çıxır ki, hamınız bir-birinizin fikrini bəyənirsiniz də?

- Həmişə olmasa da bəzən, hə.

- Sevgi şeirləri oxuyursunuz?

- Oxuyuram. Ən çox Aqşin Yeniseyi, Afaq Şıxlını, Salam Sarvanı.

- Dillərini bəyənirsiniz?

- Bəyəndiklərimiz də olur, bəyənmədiklərimiz də. Onların dilinə toxunub yeni bir mövzuya meydan vermək istəmirəm. Bu, sonradan çox mübahisə yarada bilər.

- Deyirlər, dilçilər çox dil bilir. Siz necə, xarici dilləri bilirsiniz?

- Öz ana dilimdən başqa digər dilləri qismən bilirəm.

- Dilçilər niyə aqressiv olurlar, ay Təranə xanım? Elə siz özünüz də yaman aqressivsiniz...

- Dilçi alimlər aqressiv deyil, sadəcə öz dilini qoruyur.

- Boğazınız doludur, yoxsa boş?

- Bu suala da cavab vermək istəmədi.

- Dınqırıx, doduluq, keçələt, hafili, laslama, ənqaz, ərusək. Bunlar lüğətimizdə olan sözlərdir. Mənasını bilmirəm. Bəlkə, siz deyəsiniz?

- (Yenə aqressiya ilə qarşılaşdım). O sözlər öz əksini tapmayıb. O lüğət hələ çap olunmayıb mətbəədədir. Necə o lüğətdən nümunə salına bilər?

- Bəs yaxşı, bu sözlərin mənasını bilirsiniz?

- Cavab yoxdur.

- Keçək bu günə. 1 avqust Azərbaycan dili və Azərbaycan əlifbası günüdür. Dilçi kimi bu günlə bağlı fikrinizi bilmək maraqlı olardı.

- Əsrlər boyu xalqımızın bir xalq, millət kimi formalaşmasında mədəniyyət, incəsənətlə bərabər dilimizin də olması danılmaz faktdır. Azərbaycan xalqını bir millət kimi formalaşdıran onun dilidir. Biz ana dilimizdə təkcə anamızın dili kimi yox, həm də dövlətimizin dili kimi danışmalıyıq.

Müstəqilliyin qazanılmasından sonra yaranmış tarixi şərait dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı. Və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi.

Ümummilli lider Heydər Əliyev latın qrafikalı əlifbanın Azərbaycanın siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq 2001-ci ilin 9 avqustunda "Azərbaycan dili və Azərbaycan əlifbası günü"nün təsis edilməsi haqqında fərman imzaladı.

Azərbaycan Respublikasında latın qrafikalı əlifbanın bərpa edilməsi tarixi əhəmiyyət daşıyır. Bu sənəd ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olub və latın qrafikalı əlifbaya keçidi təmin edib.

Bildirçin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm