Müsahibə
Heç nə yaxşı olmayacaq
Alla Axundova ilə görüş...
Moskvaya gedəndə ağlımda solun bu keçmiş paytaxtında görüşmək
istədiyim adamların uzun bir siyahısı vardı. Amma siyahının başında
onun adı dayanırdı. Şair, yazıçı, tərcüməçi,
kinodramaturq...bunları sadalamaqla onu təqdim eləmiş olmuram,
amma...
Bir-iki il əvvəl, onunla görüşməyə gedən bir dostumun yanında
təsadüfən mən də vardım. Belə tanımışdım onu. Yuxudan çox ertədən
oyandığıma görə qanım qara idi, əsəbi və yuxuluydum, amma enerjisi,
zarafatları, şuxluğu ilə qəfil oyatdı məni yuxudan, süstlükdən,
qaramatdan. Heyrətə gəlməmək mümkün deyildi - bu deyib-gülən, arada
bir bənd şeir, qəfil bir bayatı deyən, ya da bizi gülməkdən öldürən
bir lətifə danışan qadının yaşı 70-i haqlamışdı.
Ötən əsrin soyadı «AX»la başlayan üç qadın şairindən (Anna
Axmatova, Bella Axmadulina, Alla Axundova) sağ qalan yeganəsi. Alla
Axundova.
Moskvaya çatandan üç gün sonra əllərim əsə-əsə nömrəsini yığanda
məni tanıyacağına ümid eləmirdim. Amma o, tanıdı. Həmin yay biz
tanış olduqdan sonra kitabımı oxuduğunu, hətta iki şeirimi rus
dilinə tərcümə elədiyini dedi.
Halını soruşub, özünü görmək arzumu bildirəndə, əsl şair səsi, şair
ahəngi və əsl qadın oynaqlığı ilə:
- Əgər xəstə, qoca və əsəbi qadını görmək sizi qorxutmursa,
buyurun, gəlin…
Səhəri gün zəng eləyəndə yolu izah elədi, yolların tıxac olduğunu
deyib, metro ilə gəlməyimi məsləhət gördü, qalın geyinməyimi
tapşıranda isə elə kovrəldim ki, az qaldım o qürbət eldə
ağlayım.
Xeyli gecikdik. Evinin yaxınlığında bir çiçək dükanından ağ
qızılgüllər aldım ona: «şairdir, qəlbi var, şirin sözü var» - deyə
düşündüm.
Pilləkən meydançasında qarşıladı bizi. Üzündə təbəssüm, əynində ağ
yaxalıqlı qara köynək, qulaqlarında gümüş sırğalar. Məni və yanımca
gedən bibiqızını tez isti mətbəxində yerbəyer elədi, çini
fincanlara çay süzdü, şirniyyat çıxartdı. Yemək təklif elədi, amma
biz utandığımızdan deyil, tox olduğumuzdan imtina elədik.
Mətbəxində hər şey sovetdənqalma idi. Dolablar, qab-qaşıq,
çaydan...
Bunu özünə desəydim, min faiz bilirəm ki, güləcəkdi, əvəzsiz
şuxluğu ilə:
- Elə mən özüm də sovetdənqalmayam! - deyəcəkdi.
Səhhəti yaxşı deyildi, astması əziyyət verirdi. Arada dözə
bilməyib, inqalyatora da əl atdı. Kövrəldim - bu astma nədirsə, elə
bil şairlərin və solçuların boyuna biçilib. Yesenin, Alla Axundova,
Çe Gevara, Məmməd Süleymanov, Qan Turalı, qeyri-təvazökar səslənsə
də, mən...)))
Niyə bizim nəfəs almağımız belə çətin olur axı...
Müsahibə üçün getməmişdim evinə. Eləcə, ürəyim titrəyə-titrəyə 70
yaşlı şairəni, yəni bir az da öz yaşlılığımı görmək istəmişdim. Elə
indi də üzünə baxanda, özümə baxırmış kimi baxırdım.
O, isə bircə dəfə görüşdüyü şair qızın onu bu qarlı paytaxta görmək
istəməsindən təsirlənmişdi...
Söhbətə də elə səhhətindən başladıq. Daha doğrusu, özü başladı:
- Xəstəliklərimi saysam, uzun bir siyahı alınar. Bu normaldı,
səhhətimi tez-tez soruşanlara, narahat olanlara deyirəm ki, bu
yaşdan sonra onsuz da daha heç nə yaxşı olmayacaq. Luçşe uje ne
budet! Amma ən çətini astmaya dözməkdi. Hər yay Bakıya gəlirəm,
Bilgəhdə bir-iki ay qalıram. Xəzərin havası məni dirçəldir. İki
aydan sonra Moskvaya təzə adam kimi qayıdıram.
- Xəzəri çox sevdiyinizi bilirəm...
Bunu qəsdən dedim. Bir dostum onun Xəzərə ithaf elədiyi şeiri
həmişə böyük sevgi ilə oxuyur. Şeir də ki, nə şeir! Elə bil dənizə
yox, kişiyə yazılıb...
Eh, biz şair qadınlar nə sevgilər gizlədirik üzdə göstərdiyimiz
sevgilərin arxasında!!!
Gözlədiyim kimi, gözləri qəfil sevgi ilə dolur:
- Həəə, Xəzəri sevirəm. Amma son vaxtlar Xəzər məni sevmir. Bu yay
Bilgəhdə demək olar ki, dənizə girə bilmədim. Dalğalar aman
vermədi...
- Əgər belə yaxşı təsir eləyirsə sizə dəniz havası, niyə birdəfəlik
Bakıya köçmürsünüz?
- Bakılı rəfiqəm Cənnət Səlimova da həmişə təkid edir ki,
birdəfəlik Bakıya köçüm. Hətta deyir ki, gəlib səni zorla
gətirəcəm.
- Bəs niyə köçmürsünüz, Moskvada hansısa işləriniz var?
Gülümsəyir və şipşirin bir özünəironiya ilə:
- Nə işi, axı mən indi TƏQAÜDDƏYƏM! 72 yaş - hər adama nəsib
olmur...
Gülürəm:
- O 72 məsələsini heç kimin yanında deməyin! Sizin hələ heç altmış
yaşınız da yoxdur)))
Sözlərim ürəyinə yatır, kefi durulur və mənə Azərbaycandakı
dostlarından, dostu Fikrət Qocanın son poemasını çox bəyənib, sonra
tərcümə eləməyindən, özünün başqa tərcümələrindən danışdı.
Azərbaycan folklorundan, bayatılardan uzun-uzadı danışdı. Rus
dilinə çevirdiyi bir neçə azərbaycan bayatısını həm rusca, həm də
azərbaycanca əzbərdən deyəndə isə heyranlığımın həddi-hüdudu yox
idi. Sonra azərbaycan yanıltmaclarını da ruscaya ççevirdiyini
deyəndə etiraz eləyirəm:
- Alla xanım, mümkün deyil axı, yanıltmacı necə tərcümə etmək
olar?!
- Necə tərcümə eləmək olar?! Gəlin, mən sizə göstərim, necə tərcümə
eləmək olar!
Otağına keçdik. Divarlar boyu kitablar, şəkillər, jurnallar.
Firavan həyata, dünya malına həvəsin göstəricisi olan bircə əşya,
bircə detal da yox. Pəncərinin yanında köhnə mis camda boyanmış
Novruz yumurtaları. Yəni bir tikə Azərbaycan...
Otağındakı səliqəsizliyə görə üzr istəyir. Mənsə gülümsəyib:
- Sizin otağınız əsl yazıçı otağıdı - deyirəm.
Özünün yeddicildliyindən birini ayırıb, göstərir və mənə sübut
eləyir ki, doğrudan da yanıltmacı tərcümə eləmək olar. Hətta «iki
kar, kor, kürküyırtıq kirpi...»ni də...
Şəkillərinin birində lap gəncdi - 25 yaşı ancaq olar.
Qaraqaş-qaragöz, təravətli saçları qısacıq kəsilmiş....
- «Şərikli çörəy»in ssenarisini yazanda neçə yaşınız vardı?
Hansı şəklə baxdığımı görüb:
- Elə bu yaşda idim. «Şərikli çörək» mənim diplom işim idi. O
həyətdə baş verənlərin demək olar ki, hamısını yaşamışdıq biz
uşaqlıqda. Dizinə qaş-göz çəkib, yaylıq bağlayıb, gəlincik düzəldən
o qız isə mən özüm idim. Maraqlısı bilirsiniz nədir - filmdə
durmadan axan krant yadınızdadı? O film çəkiləndən neçə il sonra
uşaqlığımın keçdiyi həmin həyətə getmişdim - o krant hələ də
axırdı...
Sonra biz çox şeylərdən danışdıq. Yazıda yer almasını istəməzdi
bəlkə. Bəlkə heç bu yazını yazmağımı da istəməzdi. Necə ki, bibim
qızı şəklimizi çəkmək istəyəndə etiraz elədi:
- Düz iki aydı saçlarıma qayçı dəymir. Üz-gözüm yaman gündədi.
Şəkil çəkdirməyi də ki, heç xoşlamıram. Hər dəfə şəklim çəkiləndə
elə bilirəm ki, məndən bir parça qopub, o şəkildə qalır...
Çıxanda bizi yenə alaqapıya qədər ötürdü. Əyninin nazik olduğunu,
səhhətinin pis olduğunu deyib, etiraz elədim. Gülümsədi, üzünü bir
an tərk eləməyən oynaqlığını işə saldı :
- Qadının ən təbii halı çılpaqlıq olsa da, mən indi çılpaq deyiləm,
naharat olmayın...Moskvaya ayağınız düşəndə mütləq gəlin. Bilin ki,
qoca Alla xala hələ sağdı...
Beləcə, Moskvadan bir parça gətirdim şəkillərə bölünməkdən qorxan
Alla Axundovadan. Özündən xəbərsiz, özündən icazəsiz...
20-ci əsrin ortaları. Gənc şair, gələcək dissident, «yeddilər
nümayişi»nin iştirakçılarından biri Vadim Delone Anna Axmatovanın
evinə gedən bir dəstə məşhur şairə qoşulur və boyük şairənin evində
qonaq olur.
1983-cü ildə mühacirətdə ölən Vadim Delone öz xatirələrində
yazacaqdı:
- Onun evindən çıxıb, avtobus dayanacağına getdim. Dayanacaqda
dayanıb, avtobus gözləyəndə heyrət və xoşbəxtliklə:
- İlahi, mən necə də böyük bir qadının evindən gəlirəm?! - deyə
düşündüm...
Günel Mövlud
Publika.Az
-
Dünya17:15
İsraildə avtovağzalda terror aktı: 1 ölü, 11 yaralı
-
MDB16:40
Putin ad gününü necə keçirəcək?
-
Nida Xəbər 15:21
Mais Bərxudarov vəzifəsindən azad edildi
-
Ekologiya14:00
Sabahla bağlı əhaliyə XƏBƏRDARLIQ
-
Elm və təhsil13:37
Azərbaycanda fəlsəfə doktoru vəfat etdi - FOTO
-
MDB13:26
Kaş qolu yox, boynu qırılardı... - Medvedev təəssüfləndi
-
Magazin213:05
Milyarderin xanımı transparan geyimi ilə diqqət çəkdi - FOTO
-
Ekologiya12:32
Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ