Faktlar təsdiqini taparsa… - Ər-Riyada növbəti ZƏRBƏ
Bizi izləyin

Yaxın Şərq

Faktlar təsdiqini taparsa… - Ər-Riyada növbəti ZƏRBƏ

Belçikanın əsas hərbi-sənaye şirkəti olan “FN Herstal”ın yerləşdiyi Valloniya regionunun hakimiyyəti Səudiyyə Ərəbistanına silah ixracını dayandıra bilər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda regional hökumətin başçısı Villi Borsyu bildirib.

Onun sözlərinə görə, qərar səudiyəli jurnalist Camal Qaşıqçının qətli ilə bağlıdır.

“Əgər Qaşıqçının öldürülməsi üzrə faktlar təsdiqini taparsa, Səudiyyə Ərəbistanına silahın çatdırılmasının dayandırılmasını istisna etmirik”, - Borsyu “RTBF” teleradio şirkətinə müsahibəsində deyib.

Səudiyyə Ərəbistanı silah satışının həcminə görə “FN Herstal” müştərilərinin siyahısında üçüncü yeri tutur. Yerli KİV-in məlumatına görə, 2017-ci ildə Ər-Riyada 157 milyon avro məbləğində silah çatdırılıb. “FN Herstal” avtomatik tapançalardan böyuk kalibrli pulemyotlara qədər atıcı silahın müxtəlif növlərini istehsal edir.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasına gəlib və bundan sonra itkin düşüb.

Səudiyyə Ərəbistanı hökuməti Qaşıqçının Krallığın İstanbuldakı Baş konsulluğunda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Qaşıqçının qətlə yetirilməsi ilə bağlı iş üzrə Səudiyyə Ərəbistanının 18 vətəndaşı saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm