“Taliban”ı idarə edən 4 NƏFƏR: onlar kimdir və məqsədləri nədir? - MARAQLI DETALLAR
Bizi izləyin

Yaxın Şərq

“Taliban”ı idarə edən 4 NƏFƏR: onlar kimdir və məqsədləri nədir? - MARAQLI DETALLAR

45 gün içində bütövlükdə Əfqanıstanı işğal edən və yeni hakimiyyətin əsasını yaradacaq “Taliban” hərəkatı haqqında danışılsa da, onun başında duran, liderlik edən şəxslər haqqında informasiya son dərəcə məhduddur.

Publika.az Teleqraf.com-a istinadla “Taliban”ın başında duran əsas dörd fiquru və onların kimliyini oxuculara təqdim edirik:

Heybatullah Axundzadə

Hərəkatın aparıcı fiquru Heybatullah Axundzadədir. Faktiki “Taliban”a liderlik edir. Hərəkatın keçmiş lideri Akhtar Məhəmməd Mansurun Pakistan ərazisində ABŞ dronu ilə öldürülməsindən sonra 2016-cı ildə Heybatullah Axundzadə onun postunu tutub. Axundzadə uzun illər “Taliban”da ən yüksək səviyyəli prokuror rolunu oynayan din adamı olub. O, 2001-ci ildə Pakistana qaçan “Taliban” rəhbərləri arasında olub. İllərlə Pakistanda mollalıq edib, şəriət dərsi varib və onun böyük hərbi əməliyyatlara dair bilgisi azdır. “Taliban” lideri olduqdan sonra əsas məqsədi onun parçalanmasına imkan verməmək və hərəkatı bütöv saxlamaqla bütün gücləri mərkəz liderliyinə bağlamaq olub. Buna da müəyyən mənada nail olub. Eyni zamanda ABŞ-ın Əfqanıstanı ələ keçirməsindən sonra “Taliban”ın zəifləyən maliyyə imkanlarını genişləndirmək üçün çalışıb. “Vaşinqton Post”un iddiasına görə, Heybatullah Axundzadə narkotik ticarəti yolu ilə hərəkatın maliyyə durumunu böyük ölçüdə düzəltməyi bacarıb.

Əbdülqəni Biradər

Molla Əbdülqəni Biradər Əşrəf Qani Əfqanıstandan qaçdıqdan sonra əfqanlara xitab edən ilk “Taliban” lideridir. Dohada verilən açıqlamada Biradər bəyan edirdi ki, indi insanlara necə xidmət edəcəyimiz, onları necə təhlükəsizlik və inam altına alacağımız, gələcəklərini gözəl şəkildə təmin etmək kimi məqamlara üstünlük verməliyik.

Biradər 2020-ci ildə ABŞ prezidenti Donald Trampla müzakirələr aparmış və beləcə ABŞ prezidenti ilə əlaqə qurmağı bacaran ilk “Taliban” lideri kimi tarixə düşmüşdü.

Abdülqəni Biradər 2010-cu ildə Pakistanda həbs edilmiş və 2018-ci ildə azadlığa buraxılmışdı. Bundan sonra ABŞ-la müzakirələri məhz Biradər aparmışdı. Tramp dövründə ABŞ ilə “Taliban” arasında imzalanan sülh razılaşmasında məhz onun imzası var. Biradər ABŞ-la müzakirələr boyunca “ABŞ ordusunun geri çəkilməsi” məsələsində dirəniş göstərib, ABŞ-ın Əfqanıstan tamamilə çıxmasını sülh razılaşmasının təməl şərti kimi masaya qoymuşdu. Biradər daha çox hərəkatın xarici siyasətinin strateqi hesab olunur. Bir zamanlar Taliban hakimiyyətində müdafiə nazirinin müavini postunu tutub.

Məhəmməd Yaqub

Məhəmməd Yaqub “Taliban”ın qurucu lideri Məhəmməd Ömərin böyük oğludur. Hazırda “Taliban” ordusunun baş komandanı vəzifəsini icra edir. 2013-cü ildə atası Məhəmməd Ömərin ölümündən sonra önə çıxan qrupda təmsil olunan Məhəmməd Yaqub hərəkatın mötədil qanadını təmsil edir.

Alman mediasına görə, “Taliban” sürətlə ərazilərə nəzarəti təmin etməyə başladığı zaman Məhəmməd Yaqub döyüşçülərə Əfqanıstan rejim ordusuna və hökumətinə zərər verməmək, evləri yağmalamaqdan qaçmaq, bazarları və mağazaların işlək olmasını təmin etməklə bağlı çağırışın müəllifidir.

Siracəddin Haqqani

Siracəddin Haqqani “Vaşinqton Post”a görə daha radikaldır. ABŞ tərəfindən terrorçu qrup kimi tanınan Haqqani şəbəkəsinin qurucusu Cəlaləddin Haqqaninin oğludur. Əfqanıstanda ABŞ lideliyində koalisiya qüvvələrinə ən qətiyyətli hücumların təşkilatçısı kimi tanınan Haqqaninin və şəbəkəsinin aradan qaldırılması uzun illər koalisiyanın hədəfi olub. Haqqani həm atasından qalma şəbəkənin lideri, həm də “Taliban” liderinin köməkçisi vəzifəsini daşıyır.

Siracəddin Haqqani ötən il “Nyu York Times” qəzetində “Biz Talibanın istəkləri” başlıqlı köşə qələmə almışdı. Bu məqalə manşetlərdə özünə yer etsə də, oxucular redaksiyanı müəllif haqqında geniş informasiya vermədiyinə görə tənqid etmişdilər.

Beləliklə, indi dünyanın diqqətində olan Əfqanıstanda ən çox söz sahibi olan şəxslər “Taliban”ın bu dörd lideridir. Yaxın gələcəkdə onların bir yerdə olacağı, yoxsa maraqları naminə parçalanmaya gedəcəkləri ən maraqlı proses kimi qiymətləndirilir.(teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm