
“Bakı şəhərində taksi fəaliyyəti ilə əsasən, özəl sektor məşğul olur”.
Bunu Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.
Onun sözlərinə görə, taksi fəaliyyətində şəffaflıq təmin olunub:
“Belə ki, taksi fəaliyyəti üçün fərqlənmə nişanı almaq istəyən
hüquqi və fiziki şəxslər müraciət etdikdən 5-10 dəqiqə ərzində
fərqlənmə nişanı ilə təmin olunurlar. Hazırda şəhərdə 79 taksi
dayanacaq məntəqəsinin yeri müəyyən edilib və 150-nin təşkili üzrə
işlər aparılır”.
Baş direktor vurğulayıb ki, Bakı şəhərinin dünyanın cəlbedici
turizm mərkəzlərindən birinə çevrilməsini, çoxsaylı turist axınını
və şəhər barədə ilk təsəvvürün məhz hava limanından yaranmasını
nəzərə alaraq, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında xarici
qonaqlara, ölkə vətəndaşlarına göstərilən taksi xidmətinin
keyfiyyətinin artırılması məqsədilə, “Airporttaxi” konsepsiyası
hazırlanıb, hava limanında xidmət edən taksilərə və onların
sürücülərinə dair xüsusi tələblər müəyyən edilib: “Hazırda bu
istiqamətdə “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə birlikdə işlər
görülür”.