MSK şikayətlərə baxdı: Mirmahmud Mirəlioğlunun namizədliyi qeydə alınmadı
Bizi izləyin

Nida.az

MSK şikayətlərə baxdı: Mirmahmud Mirəlioğlunun namizədliyi qeydə alınmadı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında komissiyaya daxil olmuş müraciətlərə baxılıb.

Publika.az xəbər verir ki, MSK katibi Arifə Muxtarova bildirib ki, 77 saylı Astara seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Mikayıl Talıbov müvafiq dairə seçki komissiyası (DSK) tərəfindən namizədliyinin qeydə alınmamasından şikayət edib.

MSK-nın işçi qrupu araşdırma zamanı M. Talıbovun təqdim etdiyi imzalardan 469-nun etibarlı olduğunu müəyyən edib. MSK M. Talıbovun namizədliyinin qeydə alınması, DSK-nın qərarının ləğvi barədə qərar verib. MSK 77 saylı Astara seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Namiq Hacızadənin namizədliyinin müvafiq DSK tərəfindən qeydə alınmaması barədə şikayətini də əsaslı sayıb, DSK-nın qərarının ləğvi və N. Hacızadənin namizədliyinin qeydə alınması barədə qərar verib.

MSK 21 saylı Nəsimi birinci seçki dairəsindən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Məzahir Məmmədov, 84 saylı Füzuli seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Məhəmməd Həsənov, 19 saylı Nərimanov birinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş AXCP Nərimanov rayon təşkilatının sabiq şöbə müdiri Ağaşirin Baxşəliyev (Tanrıverdioğlu), 19 saylı Nərimanov birinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Pərviz Səmədov, 26 saylı Sabunçu birinci seçki dairəsindən Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Müsavat başqanının sabiq müşaviri Yeganə Hacıyeva və 66 saylı Biləsuvar seçki dairəsindən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş partiyanın Biləsuvar təşkilatının sədri Yusif Mehdinin namizədliyinin müvafiq DSK-lar tərəfindən qeydə alınmaması barədə şikayətlərini əsassız sayıb, DSK-ların qərarlarını qüvvədə saxlayıb.

MSK 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş partiyanın Gəncə şəhər təşkilatının sədri Salman İmanlının namizədliyinin müvafiq DSK tərəfindən qeydə alınmaması barədə şikayətinə də baxıb. MSK-nın işçi qrupu S. İmanlının sahibkar kimi gəlirlərini gizlətdiyi üçün namizədliyinin qeydə alınmaması barədə DSK-nın qərarını qüvvədə saxlamağı zəruri sayıb.


MSK üzvü Akif Qurbanov isə bildirib ki, Şəmkir Ərazi Vergilər İdarəsi S. İmanlıya müvafiq arayış verməyi gecikdirdiyi üçün S. İmanlı bu arayışı zamanında DSK-ya təqdim edə bilməyib. MSK üzvü Qabil Orucov S. İmanlının şikayətində bu məqamın yer almadığını, müvafiq sənədin təqdim olunmadığını vurğulayıb. MSK DSK-nın qərarını qüvvədə saxlayıb, S. İmanlının namizədliyi qeydə alınmayıb.

İclasda 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən “Azadlıq” siyasi partiyalar bloku tərəfindən namizədliyi irəli sürülmüş KXCP sədri Mirmahmud Mirəlioğlunun namizədliyinin müvafiq seçki dairəsi tərəfindən qeydə alınmaması ilə bağlı şikayətinə baxılıb.

43 saylı DSK M. Mirəlioğlunun təqdim etdiyi imzalardan 114-nü etibarsız sayaraq namizədliyini qeydə almayıb.

MSK üzvü Baxşeyiş Əsgərov deyib ki, MSK-nın işçi qrupu şikayəti araşdırıb. Araşdırma zamanı məlum olub ki, təqdim edilmiş imzalardan 129-u etibarsızdır. MSK M. Mirəlioğlunun namizədliyinin qeydə alınmaması barədə DSK-nın qərarını qüvvədə saxlayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm