Rəsmi Tiflis SOCAR-ı kimə və niyə “satır?” - Gürcüstandan şok açıqlama
Bizi izləyin

Nida.az

Rəsmi Tiflis SOCAR-ı kimə və niyə “satır?” - Gürcüstandan şok açıqlama

“Gürcüstanın indiki hakimiyyəti milli maraqlara xidmət etmir. Mən bunu əvvəllər də demişəm. Hazırkı iqtidar ölkənin gələcəyini təhlükə altında qoymağa inadla davam edir. Bu acınacaqlı nəticələr təkcə Gürcüstan dövlətini gözləmir, eyni zamanda bütün regionun gələcəyini təhlükə altına qoyur”.


Bu barədə Publika.az-a açıqlamasında Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının üzvü, keçmiş deputat Ramin Bayramov rəsmi Tiflisin Rusiya qazını ölkəyə gətirməsinə münasibət bildirərkən deyib.


“Qazprom”u Gürcüstana gətirməyə çalışan şəxs şirkətin səhmdarı olan Bidzina İvanişvilidir”

Onun sözlərinə görə, Gürcüstan hökumətinin Rusiyanın “Qazprom” şirkəti və İranla energetika sahəsində gizli danışıqlar aparmasının Bakıda xoş qarşılanmaması təbiidir: “Qeyd etmək lazımdır ki, bu addımlar Azərbaycan cəmiyyəti kimi, Gürcüstan cəmiyyətini də narahat edir. Gürcüstan ictimaiyyəti belə məsələlərdə kifayət qədər diqqətlidir, Azərbaycan-Gürcüstan münasibətlərinin əhəmiyyətini anlayır və yaxın keçmişdə ən çətin vaxtda onlara uzadılan kömək əlini unutmur. Gürcüstan ictimaiyyəti yaxşı bilir ki, “Qazprom”u ölkəyə gətirməyə çalışan şəxs şirkətin səhmdarı olan Bidzina İvanişvilidir və o, kulis arxasında Gürcüstanın idarə edilməsində iştirak edən əsas şəxsdir. Təbii ki belə bir şəxs Kremlin siyasətini aparmaya bilməz. Çünki onun bütün biznes maraqları Rusiyadan başlanır və Moskva bütün resurslarından istifadə edərək onu hakimiyyətə gətirmişdi”.


“Heç kəs Gürcüstanda “Qazprom” ilə rəqabət apara bilməyəcək”

R.Bayramov qeyd edib ki, “Qazprom”un Gürcüstan bazarına daxil olması çox təhlükəli hadisədir: “Çünki o, Gürcüstanın bütün enerji bazarına hakim olacaq, Rusiyanın digər nəhənglərinin gürcü torpağında hakim olmasına imkan yaradacaq , ölkədə “5-ci kolon” yaradacaq və cəmiyyətə öz şərtlərini diktə etməyə başlayacaq. Heç kəs Gürcüstanda “Qazprom” ilə rəqabət apara bilməyəcək, hətta SOCAR və digər nəhəng şirkətlər belə. Çünki Rusiya iqtisadi qaydalara uyğun oynamayacaq, qeyri-iqtisadi və məntiqsiz iqtisadi addımlar atacaq. “SOCAR Georgia”nın rəhbəri rəqabətə hazır olduqlarını ona görə bildirdi ki, Gürcüstan hökumətinin görünməmiş təzyiqləri ilə tanış deyillər. Əlbəttə, baş nazir Bakıya təsadüfən uçmamışdı. Gürcüstan hökumətinin “Qazprom”la apardığı danışıqların təfərrüatları açılandan sonra həmçinin “diversifikasiya” bəhanələri ilə İran qazını ölkəyə cəlb etmək istəyinə rəsmi Bakı açıq-aşkar narahatlığını bildirdi. Ehtimal etmək olar ki, Bakının cavab siqnalı Gürcüstan üçün əlverişli olmayıb və Qaribaşvilinin qəfildən Azərbaycana səfərinin səbəbi də bu idi”.


“İvanişvili vaxt udmağa çalışır ki, diversifikasiya prosesi başa çatmamış Bakının “sürpriz” addımı ilə qarşılaşmasın”

R.Bayramov hər şeyin çox sadə və açıq olduğuna diqqət çəkib.

“Moskva Xəzərin enerji resurslarının çatdırılmasında əsas yol olan Cənubi Qafqazı öz nəzarəti altına götürməyə çalışır. Hesab edirəm ki, Gürcüstan hökuməti Bakı ilə strateji münasibətləri saxlamaq arzusunu nümayiş etdirərək göstərir ki, “Qazprom”la danışıqlar “sabun köpüyü” kimi bir şeydir. Əslində isə İvanişvili vaxt udmağa çalışır ki, diversifikasiya prosesi başa çatmamış Bakının “sürpriz” addımı ilə qarşılaşmasın. Çünki yanlış hesablamalar hər şeyin acınacaqlı bitməsi ilə nəticələnəcək, ilk növbədə Gürcüstanın hakim partiyası üçün. Azərbaycan və Gürcüstan dəfələrlə şahid olub ki, İvanişvili və onun komandası nə vaxt bir şeyi deyirsə, onun əksinə hərəkət edir. Heç kim zəmanət vermir ki, indi də eyni şey təkrarlanmayacaq”, - deyə o vurğulayıb.


“Rəsmi Bakı bunu yaxşı anlayır və neqativ nəticələrə hazırdır”

Keçmiş deputat Azərbaycan hakimiyyətinin bunu yaxşı anladığına əmin olduğunu vurğulayıb: “Bakı öz növbəsində neqativ nəticələrə hazırdır. İndi Gürcüstanı mənfi nəticələr gözləyir və yaxın gələcəkdə ən çox zərər çəkən də bu ölkə olacaq”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm