• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Natiq Məmmədov: “Azərbaycan seçicisi seçkilərdən razıdır”

  • Nida.az
  • 23 Oktyabr 2015 14:52
  • 547 Baxış
Natiq Məmmədov: “Azərbaycan seçicisi seçkilərdən razıdır”

“Seçkinin keçirilməsi, nəticələrin rəsmiləşdirilməsi və ictimailəşdirilməsi mərhələsinin özünəməxsus əhəmiyyəti var. Biz sizinlə 10-15 il, 30 il geriyə baxsaq, tam fərqli bir vəziyyət görmüş olarıq. Çünki hər şey kimi seçki prosesi də təkmilləşir”.

Publika.az-ın məlumatına görə, bu sözləri Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Natiq Məmmədov bu gün Bakıda Avropa Şurası, MSK və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən “Seçkilərin mediada işıqlandırılması” mövzusunda seminarda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 5 milyondan yuxarı səsvermə hüququna malik vətəndaşın adı seçici siyahılarına daxil edilib.

Seçki prosesi, sosioloji sorğular və demokratik prinsiplərdən danışan N.Məmmədov deyib ki, dünya təcrübəsində çoxdan qəbul edilmiş bir fikir var: “Seçkilərdən əvvəl və sonra insanların münasibəti öyrənilir, onların hansı qüvvələrə hansı münasibətdə olması ortaya qoyulur. Bunun üçün sosial sorğular da keçirilir və nəticədə hansı siyasi qüvvələrin hansı şansları olduğu bəlli olur. Bizdə də bu təcrübə mövcuddur. Amma nədənsə səsverməyə az qalmış keçirilən sorğular səsvermə nəticəsində təsdiq olunsa belə, biz bəzi hallarda maraqlı mövqelərin şahidi oluruq. Sanki bu sorğudan sonra 3-5 gün ərzində hər şey dəyişməli idi və tamamilə başqa nəticələr ortaya çıxmalı idi. Təəssüf olsun ki, bu, bir məsələnin hüquqi və həqiqətən də, maraqlı tərəfidir. Eyni zamanda, seçkilərin razı sala biləcəyi insanlara, tərəflərə fikir versək, çox maraqlı vəziyyət yaranır. Mən qətiyyətlə deyə bilərəm ki, Azərbaycan seçicisi ölkədə keçirilən seçkidən razıdır. Azərbaycan seçicisi öz səsini verir və nəticəni mübahisə predmetinə çevirmir. Seçicinin seçkidən, namizəddən, prosesdən, yaxud istənilən şəxsdən narazı qalmaq hüququ var. Bu, normadır. Ümumiyyətlə, cəmiyyətdə mövcud vəziyyət elə olmalıdır ki, azlığın da səsinin eşidilməsinə imkan yaradılsın. Çoxluğun səsi qərar qəbul etmək üçün əsas verirsə, azlığın səsi mütləq nəzərə alınmalıdır. Hesab edirik ki, bizim seçkilərdə həqiqətən də azlığın səsinin nəzərə alınması, eşidilməsi imkanları daha genişdir”.

Seçki təcrübəsinin böyük proses olduğunu vurğulayan MSK sədrinin müavini bunu qısa müddət ərzində kamil səviyyəyə çatdırmaq arzularının real olmadığını söyləyib: “Bu elə bir prosesdir ki, bunun adını sonsuz proses qoymaq olar. Demokratik və oturuşmuş dövlətlər öz toplumlarını seçkilərdə vərdiş halında iştirak etmək səviyyəsinə gətirib çıxara biliblər. Hansısa dövlətlərin, toplumların 100 illər ərzində əldə etdiyi nəticəni eyni səviyyədə bizə şamil edib eyni nəticəni əldə etməyi tələb etmələri doğru deyil, bəzi hallar nəzərə alınmır. Cəmisi 24 ildir müstəqil dövlət olaraq tanınan, demokratik prinsiplərə üstünlük verilən Azərbaycan kimi ölkələr çalışırlar ki, ölkədə baş verən proseslərin şəffaflığını təmin etsinlər, eyni zamanda bunu dünyaya da nümayiş etdirsinlər”.

N.Məmmədov qeyd edib ki, Azərbaycan demokratik, ədalətli və azad seçkilər keçirmək arzusunu hər zaman ortaya qoyub, bunu reallaşdırıb: “Burada da maraqlı məqamlar özünü göstərir. Misal üçün, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu maksimum 350 nəfərlə seçki prosesini izləyir. Azərbaycanda isə 5500 seçki məntəqəsi, 125 seçki dairəsi, eyni zamanda seçkinin keyfiyyətinə təsir edən çoxsaylı məqamlar var. 55 siyasi partiya qeydiyyatdan keçib, yüzlərlə namizəd var. Bələdiyyə seçkilərində bu namizədlərin sayı minlərlə olur. Seçkidən sonra hansısa qurum da iddia edir ki, biz seçkilərə qiymət veririk. Bu zaman onlar yalnız müşahidə etdikləri seçki məntəqələri üzrə qiymətləndirmələrini açıqlayır, bununla seçkiyə qiymət verirlər. Əgər biz ümumi seçki məntəqələrini nəzərə alsaq, 350 müşahidəçi yalnız ümumi məntəqələrin 5 faizini əhatə edir. Bu o deməkdirmi ki, bu 5 faiz bütövlükdə seçkinin mahiyyətini açmaq gücündədir? Mən peşəkar müşahidə aparmaqdan söhbət edirəm. 56 min yerli müşahidəçi qeydə alınıb. Bu, hər məntəqədə 10 nəfərdən yuxarı müşahidəçi deməkdir. Çox maraqlıdır ki, əksər hallarda 56 min yerli müşahidəçinin fikri, bir qədər əvvəl söylənilən azsaylı beynəlxalq müşahidəçilərin fikirləri, mövqeləri ilə daban-dabana ziddiyyət təşkil edir. Hesab edirəm ki, bu gün müşahidə aparan istənilən qurum qiymət verdiyi prosesi əməlli-başlı izləmək gücündə olmalıdır.

MSK seçki prosesində yeni təcrübəyə imza atıb. Artıq bir neçə seçki prosesində davamlı olaraq müşahidəçiləri məntəqələrə deyil, məntəqələri müşahidəçilərin önünə aparmaq işi həyata keçirilib. Artıq 1000 seçki məntəqəsinin hər birində kameralar quraşdırılıb. Məntəqə səsverməyə açılandan səsvermə başa çatana qədər həmin məntəqələrdəki səsverməni online rejimdə izləmək mümkündür. Əgər müşahidə aparan subyekt online formada seçki prosesini izləmək istəsə bunun üçün daha geniş imkanlar yaratmışıq. Yox, əgər o, məntəqədə gedən proseslərə qiymət verməyəcəksə, digər məqamlara qiymət verəcəksə, bu zaman da ortaya başqa suallar çıxır. Biz demokratik, azad, şəffaf, bərabərhüquqlu seçki keçirir və hər kəsi də bu prosesi müşahidə etməyə, izləməyə çağırırıq. Yeri gəlmişkən, onu da qeyd etməliyəm ki, demokratik prinsiplərin oturuşduğu bir çox ölkələrdə ümumiyyətlə müşahidə institutu yoxdur. Amma bu, həmin ölkədə seçkilərin ədalətli keçirilməsini şübhə altına sala bilməz”.

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR