Daha bir mənbə Qarabağ planını təsdiqlədi: 6 rayon qaytarılır və...
Bizi izləyin

Nida.az

Daha bir mənbə Qarabağ planını təsdiqlədi: 6 rayon qaytarılır və...

Son dövrlər Rusiyanın atdığı addımlar, həmçinin, bu ölkənin xarici işlər naziri Sergey Lavrovun noyabrın 9-da İrəvana səfəri fonunda tez-tez işğal edilmiş ərazilərin bir hissəsinin Azərbaycana qaytarılması haqda fikirlər səsləndirilir.

Publika.az xəbər verir ki, rusiyalı politoloq, “Politrus” saytının rəhbəri Vitali Arkov da Laçın dəhlizinin saxlanılması şərti ilə Ermənistanın nəzarətində olan digər rayonlarının Azərbaycana qaytarılacağını açıqlayıb.

“Son vaxtlar Rusiya və Ermənistanın yüksək vəzifəli məmurları hər iki ölkənin paytaxtında sıx-sıx görüşürlər. Bu qanunauyğun haldır. Birincisi Ermənistan Rusiyanın tarixi dostudur və çoxsaylı mədəni əlaqələrə malikdirlər. İkincisi, Rusiya və Qazaxıstanın təşəbbüsü ilə yaradılmış Avrasiya İqtisadi İttifaqının üzvlərindən biri də Ermənistandır”, - deyə o bildirib.

Lakin politoloq qeyd edir ki, Rusiya Azərbaycanı da Avrasiya İqtisadi İttifaqında görmək istəyir: “İki ölkə arasında iqtisadi əlaqələr yüksək səviyyədədir. Buna qədər Rusiyaya qarşı sanksiyalar tətbiq ediləndə Azərbaycan azad şəkildə öz məhsullarını rus bazarlarına çıxardı. Bu baxımdan, iki ölkənin eyni ittifaqda təmsilı olunması mümkündür. Amma Avrasiya İttifaqının üzvü olan Ermənistanın Azərbaycan torpaqlarının nəzarətdə saxlaması Bakının ittifaqa gəlişində əsas əngəldir. Bundan əvvəl Kremlə yaxın mənbələrə söykənərək mən Moskvanın çoxillik münaqişənin həlli üçün yeni planının olduğunu açıqlamışdım. Hansı ki, bu plan hər kəsi – Bakını ərazi bütövlüyü, İrəvanı iqtisadi, Moskvanı isə geosiyasi cəhətdən məmnun edə bilər. Plana görə Laçın dəhlizi istisna olmaqla Ermənistanın nəzarətində olan 6 rayon Azərbaycana qaytarılır. Bakı Qarabağdakı etnik ermənilərə öz ana dillərində, yaxud rus dilində təhsil almasına, həmçinin, mədəniyyətlərinin qorunmasına zəmanət verir. Əgər bu sakinlər öz istəkləri ilə Ermənistana köçmək istəyərlərsə, Azərbaycan onlara kompensasiya verir”.

V. Arkov əlavə edib ki, hazırda münaqişənin həlli üçün Kremldə iradə mövcuddur və planın detallarının necə olmasından asılı olmayaraq, problemlə son qoyulması qərarı verilib.

“Bununla çoxillik münaqişə həll edilə, diplomatik əlaqələr bərpa oluna, Dağlıq Qarabağın sonrakı statusu müzakirə oluna bilər. Bu, faktiki olaraq regionun xeyrinədir və Moskva buradan geosiyasi qazanc əldə edə bilər”, - deyə rusiyalı politoloq vurğulayıb.

Qeyd edək ki, artıq iki gündür işğal edilmiş ərazilərin qaytarılması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Rusiyanın “Kommersant” nəşri də diplomatik mənbələrə istinadən bu haqda yazmışdı.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm