Milli Şura ilə KXCP arasında dava başladı – ÜZ-ÜZƏ
Bizi izləyin

Nida.az

Milli Şura ilə KXCP arasında dava başladı – ÜZ-ÜZƏ

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun Milli Şurada təmsil olunan müavini Oqtay Gülalıyevi vəzifəsindən uzaqlaşdırması qalmaqala səbəb olub.


Publika.az xəbər verir ki, O. Gülalıyevin vəzifəsindən uzaqlaşdırılmasına səbəb onun məhz Milli Şurada təmsil olunması olub. Məlumatlara görə, o, KXCP-nin parlament seçkilərində iştirakını tənqid edib. Partiya rəhbərliyi isə onun KXCP-nin təmsil olunmadığı Milli Şurada fəaliyyətini dayandırmasını tələb edib. O. Gülalıyev Milli Şurada fəaliyyətini dayandırmadığı üçün vəzifəsindən uzaqlaşdırılıb.


KXCP sədrinin müavini Xəzər Teyyub Publika.az-a açıqlamasında bildirib ki, bu məsələni şişirtmək doğru deyil: “Bu, partiya sədrinin səlahiyyətinə aid olan məsələdir. Oqtay bəy müavinlikdən çıxarılsa da, partiya üzvlüyündə qalır, həmçinin Ali Məclisin üzvü olaraq fəaliyyət göstərir. Oqtay bəyin seçkidə iştirak etməyə etiraz etdiyi üçün vəzifəsindən çıxarıldığını demək də doğru deyil. Çünki seçki ilə bağlı məsələ müzakirə olunanda mən də iştirakın əleyhinə olmuşam. Amma partiya iştirakla bağlı qərar verib və biz də bunu icra etməliyik”.


Milli Şuranın hüquq komissiyasının sədri Vidadi Mirkamal isə Publika.az-a açıqlamasında KXCP sədrini bu addımına görə sərt tənqid edib.


“Oqtay Gülalıyevlə Mirmahmud bəyin fikir ayrılığı uzun zamandır var. Xüsusilə seçkidə iştirakla bağlı baxışları üst-üstə düşmürdü. İndi onu bu səbəbə görə müavinlikdən uzaqlaşdırmaq doğru yanaşma deyil. Görünür, Mirmahmud bəy başqalarının çaldığı havaya oynayır”,- deyə o bildirib.


X. Teyyub isə Milli Şura təmsilçisinin açıqlamasına cavabında bildirib ki, bu şəxs yalan danışır: “KXCP bütün müxalifətin bir arada olmasını istəyir. Seçkiyə gəlincə, partiyamız blok yaradaraq digər partiyaları da ora topladı və seçkiyə getdi. Çünki prosesi kənardan izləməkdənsə, birbaşa iştirakçısı olmaq xalqa daha çox xeyir verir. KXCP ölkənin gələcəyini düşünən partiyadır. İqtidarla dialoqda da əsasən dövlətçiliyimiz, Qarabağ kimi məsələlər müzakirə olunub. Bu cür partiya haqda yalan danışmaq həmin adamın özünə qarşı çevrilə, ona ziyan verə bilər”.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm