Prezidentin anti-böhran proqramı
Bizi izləyin

Nida.az

Prezidentin anti-böhran proqramı

Artıq bir neçə ildir ki, dünya ölkələrini iqtisadi, maliyyə və siyasi böhranlar bürüyüb. Bizə yaxın olan bir çox regionlar vətəndaş müharibəsinin acılarını çəkir, əhalisinin əksər hissəsinin “elementar yaşam imkanları” naminə məcburi qaçışlarına seyr edirlər.

2008-2009-cu illərdən başlanan qlobal maliyyə və iqtisadi böhran fonunda bu illər ərzində məhz ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan dövləti və xalqı böhrandan maksimum dərəcədə qoruna bilib. Azərbaycan dünya iqtisadiyyatının bir hissəsidir. Əlbəttə, qlobal maliyyə bazarında, dünya siyasətində baş verən neqativ hadisələr Azərbaycana da öz təsirini göstərir. 2015-ci ildə umumidünya böhranı bir qədər də dərinləşib. Neftin qiyməti son vaxtlar kəskin olaraq - 3-4 dəfə aşağı düşüb. Nəticədə, manatın məzənnəsi il ərzində 2 dəfə devalvasiyaya uğramış, dövlətin rezerv ehtiyatları xeyli azalmışdır. Bu da qaçılmaz idi. Bu hadisələr bizimlə qonşu olan, regional bağlılığımız olan ölkələrdə bir neçə il öncə baş vermiş və indi də davam edir. Bu işdə ortaya qoyula biləcək qaçılmaz addım və çıxış yolu kimi təcili və çevik anti-böhran proqramının hazırlanması və effektiv anti-böhran tədbirlərinin həyata keçirilməsidir ki, Azərbaycan dövləti də məhz bu yolu seçib.

Anti-böhran tədbirləri mövcud və gözlənilən böhranın təsirlərini azaltmaqla yanaşı eyni zamanda iqtisadiyyatda canlanmasının da formalaşmasına xidmət edir. Anti-böhran tədbirləri sadəcə dövlət büdcəsinin xərclərinin azaldılmasına deyil, həmçinin bəzi hallarda stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi üçün dövlətin üzərinə yeni xərcləri qoyur. Bu baxımdan anti-böhran büdcəsi heç də nəzərdə tutulan maliyyə ayırmalarının kəsilməsi anlamına gəlmir, əksinə bir sıra vacib olmayan layihələrin maliyyələşdirilməməsi hesabına anti-böhran tədbirlərinə vəsaitin ayrılmasını nəzərdə tutur. Anti-böhran proqramının əsas hədəflərindən biri də iş yerlərinin sayının, kredit xətlərinin mövcudluğunun saxlanması, özəl sektora və investisiyalara dəstəyin verilməsidir. Burada məşğulluğun təmin edilməsi və istehsalın həcminin qorunması üçün vergi güzəştlərinin tətbiqi də vacib amillərdəndir. Anti-böhran proqramının əsas sütunlarından biri də çevik, mobil idarəetmə aparatının yaradılması, iqtisadiyyatda struktur dəyişikliklərinin həyata keçirilməsi, bürokratik əngəllərin aradan qaldırılması, bir-birini təkrarlayan, dövlət büdcəsinə əlavə yük olan icra strukturlarının ləğv edilməsi, birləşdirilməsi, hüquqi və instutsional islahatların aparılmasıdır ki, bunlar da məhz ölkə Prezidenti cənab İlham Əliyevin əsas hədəfləri və fəaliyyət istiqamətləridir. Bu prosseslərin operativ aparılmasına başlayan dövlət başçısı burada ictimai nəzarət mexanizmlərinin tətbiq olunmasını qeyd etməklə Azərbaycanda demokratik, yaxşı idarəetmə ənənələrinin oturmuşmasına da səslənmiş oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yaranmış çətinliklərin aradan qaldırılması yolları ilə bağlı öz fikirlərini Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışında bildirib və müvafiq icra strukturlarına ciddi tapşırıqlar verib. Lisenziyalaşdırma sahəsində fundamental qərarların qəbul edilməsi və qısa bir zaman kəsiyində icra olunması ilə başlanan proqressiv adımlar dalğası 2016-cı ildə qeyri-neft sektorunun inkişafı, ölkəmizin ixrac potensialının genişləndirilməsi, yerli sənayenin, o cümlədən kənd təsərrufatı məhsullarının, istehlak malları istehsalının artırılmasını və idxalın həcminin azaldılmasını nəzərdə tutub.

Vergi Məcəlləsinə edilmiş dəyişiliklər, büdcəmizdə neftdən gələn gəlir hissəsinin əsas əvəzləyicisi olacaq vergi tutma bazasının genişləndirilməsinə imkan verəcəkdir. Gömrük rəsmiləşdirilməsi ilə bağlı qəbul edilmiş qərarlar bütün idxal-ixrac əməliyyatlarının şəffaf aparılmasına, inhisarçılığın qarşısının alınmasına şərait yaradacaqdır ki, bu da həm əhali, həm də sahibkar tərəfindən alqışlarla qarşılanır. Yeni iş yerlərinin yaradılması və mövcud potensialın bərpası ilə əlaqədar bölgələrdə sənaye zonalarının yaradılması ilə bağlı işlərin sürətləndirilməsi nəzərdə tutulmuşdur. Bu məsələ ölkədə regional məskunlaşma, paytaxt və iri şəhərlərə işlək əhali axının azalması imkanlarını da artıracaqdır.

Əhalini ən çox narahat edən məsələlərdən biri olan süni qiymət artımının qarşısının alınması məqsədi ilə Prezident tərəfindən müvafiq dövlət qurumlarına tapşırıq verilmiş və artıq bunla bağlı müvafiq addımlar atılmağa başlanıb. Təcili olaraq buğda və digər un məhsullarının idxal və satışı üzərindən ƏDV-nin götürülməsi haqqında sərəncamın verilməsi “çörək işbazlarının” bəhanəsinin qarşısının alınmasına tutarlı cavab oldu. Əmək haqqının və pensiyaların artırılması ilə bağlı Nazirlər Kabinetinə verilmiş tapşırığa uyğun bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlanmasında məlum oldu ki, Prezidentin bu çağırışı əhalinin 4 milyon nəfərdən çox hissəsinə şamil olunacaqdır.

Bu gün bəzi möhtəkirlər kimi vəziyyətdən sui-istifadə edən bəzi anti-azərbaycan qüvvələr və onların xaricdəki havadarları respublikamızda, xüsusən əyalətlərdə sabitliyi pozmağa, ixtişaşlar yaratmağa cəhd göstərirlər. Bu qüvvələr başa düşməlidirlər ki, iqtisadi-maliyyə böhran fonunda belə Azərbaycan Prezidenti və onun hökuməti öz anti-böhran proqramı ilə mövcud böhranın təsirlərindən dövləti, xalqı qorumaq üçün, onun təsirlərini minimuma endirmək üçün müvafiq tədbirləri həyata keçirib və keçirməkdədir. Bu qüvvələr bilməlidirlər ki, artıq Azərbaycan həm iqtisadi həm siyasi cəhətdən, xalqla iqtidarın həmrəyliyinin yüksək səviyyəsinə çatmış güclü bir dövlətə çevrilmişdir və bu qüvvələrin cəhdləri əbəsdir.

İctimai-siyasi və iqtisadi prosesləri, xalqın maraqlarını, rifah halının sabitləşməsini daim diqqət mərkəzində saxlayan dövlət başçısı inanırıq ki, qarşılaşdığımız bu çətinlikləri müvəffəqiyyətlə aradan qaldıracaq və Azərbaycan uğurlu inkişaf yolunu davam etdirəcəkdir.

Asif ƏSGƏRLİ

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının Sədri

Oxumağa davam et
Reklam
Reklam

Gündəm