Laborant, mexanik, aspirant və “flyuger”... iqtidar komandası
Bizi izləyin

Nida.az

Laborant, mexanik, aspirant və “flyuger”... iqtidar komandası

Azərbaycanın siyasi həyatında AXC-Müsavat ikiliyinin iqtidarda olduğu dövr ən qarışıq və ölkə üçün itirilmiş illər hesab oluna bilər. Burada o dövrkü iqtidarın idarəçilik sistemini qura bilməməsi, iqtidardaxili mübarizələr və bir çox məsələlər rol oynayırdı. Eyni zamanda, ölkəni idarə edənlərin səriştəsizliyi Azərbaycanı çətin situasiyalarla üz-üzə qoymuşdu.


Prezident İlham Əliyev ölkə gəncləri ilə görüşündə çıxışı zamanı AXC-Müsavat iqtidarı dövründən maraqlı məqamlara toxunub.


“Bizim nəsil - o illəri yaşamış insanlar kimi biz o dövrü yaxşı xatırlayırıq. Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyəti xalqımız üçün böyük bəla, böyük biabırçılıq idi. Birincisi, 1992-ci ildə onlar hakimiyyəti qanunsuz yollarla zəbt etmişdilər. O vaxt Dağlıq Qarabağda qanlı döyüşlər gedirdi. Ancaq onların əsas məqsədi nəyin bahasına olursa-olsun, hakimiyyətə gəlmək idi. Hətta bəziləri sevinirdilər ki, Şuşa, Laçın işğal altına düşüb və bu, tezliklə əvvəlki hakimiyyətin yıxılmasına gətirib çıxaracaq. O vaxtkı tarix çox acınacaqlıdır, çox ağırdır, o, tariximizin qara səhifələridir. Hakimiyyəti zəbt edəndən sonra onlar Azərbaycanı faktiki olaraq uçurum kənarına qoymuşdular. Birincisi, əgər o vaxt Azərbaycana rəhbərlik edənlərin şəxsiyyətlərinə nəzər salsaq, heç bir şərhsiz görərik ki, bu adamlar nəinki ölkəni, bir kolxozu da idarə edə bilməzlər”, - deyə dövlət başçısı vurğulayıb.


Publika.az Prezident İlham Əliyevin çıxışına istinad edərək, AXC-Müsavat iqtidarı dövründə ölkəyə rəhbərlik edənlərlə bağlı kiçik araşdırma aparıb.


1. 1992-ci ildə Milli Məclisə İsa Qəmbər rəhbərlik edib. Sonradan Müsavat Partiyasına rəhbərlik edən İ. Qəmbər spiker postuna Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi vəzifəsindən gəlmişdi. Ölkənin qanunverici orqanına rəhbərliyə qədər o, heç bir siyasi təcrübəyə malik olmayıb. Hətta məlumatlara görə, İ. Qəmbər “1978-1979-cu illər İran inqilabı” mövzusunda olan dissertasiya işini 10 ildən artıq müddətə müdafiə edə bilib.

2. AXC-Müsavat iqtidarında Baş nazir postu Pənah Hüseynova həvalə olunmuşdu. Adətən, Baş nazir postu hər bir ölkənin xüsusilə iqtisadi həyatında mühüm postdur. Çünki məhz bu posta rəhbərlik edən şəxs ölkə iqtisadiyyatından məsuliyyət daşıyır. P. Hüseynin bu postdakı fəaliyyəti sonrakı dövrdə həmişə mübahisələrə səbəb olub. Əvvəlcə o, Sabirabad rayonunda kənd orta məktəbinin müəllimi, sonra rayon tarix muzeyinin işçisi olub. Daha sonra isə Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda laborant, kiçik elmi işçi, ən böyük vəzifə olaraq da elmi işçi kimi çalışıb. Belə bir vəzifədəki adamın birbaşa Baş nazir postuna gətirilməsi təbii olaraq mübahisəli məsələdir.


3. Əli Kərimli isə AXC-Müsavat iqtidarında ən qaranlıq fiquru olaraq yadda qalıb. O, dövlət katibi postuna təyin olunanda cəmi 27 yaşı var idi. Yox, o Şah İsmayıl kimi dövlət qura biləcək qədər xüsusi qabiliyyətə sahib deyildi. O, sadəcə komsomol idi. SSRİ-nin şanına nitqlər söyləyən Əli Kərimli daha sonra birdən-birə dövlət katibi oldu. Bunu əqidə dəyişikliyi kimi qiymətləndirirlər. Sonrakı dövrdə Ə. Kərimlinin əqidələrini bir-bir dəyişməsi də onun kimliyini göstərdi.

Prezident İlham Əliyev ad çəkməsə də, Əli Kərimli ilə bağlı maraqlı məqama toxunub.

“Ondan sonrakı dövrdə də bir neçə dəfə əqidəsini dəyişmiş, 1990-cı illərin ortalarında hakimiyyətlə sıx əlaqədə olaraq parlamentdə də təmsil olunmuşdur”, - deyə dövlət başçısı bildirib.


Göründüyü kimi, bu şəxs müxalifətdə olsa da, hakimiyyətlə münasibətlərə malik olub. Həmişə “liderim” dediyi Əbülfəz Elçibəyə ən ağır dövründə xəyanət etdi. Hətta Elçibəyin ölümündə ittiham olunan şəxslərdən biri olaraq tarixə düşdü.

Dövlət başçısı onun haqqında dediyi “flyuger” ifadəsi də diqqət çəkir. “Flyuger” Niderland mənşəli Vleugel sözündən yaranıb. Mənası “Yelqovan”dır. Tarixdə gəmilərdə istifadə olunan bu alət küləyin istiqamətini müəyyənləşdirən cihazdır. Bu cihaz küləyin istiqamətinə doğru fırlanır, yəni külək hara əsirsə, o da həmin istiqamətdə gedir.

Əli Kərimli haqda, bəlkə də, ən düzgün siyasi qiymət budur: “Flyuger”, küləklə fırlanan. Bütün siyasi situasiyalarda o, həmişə qazanclı çıxır, istər dövlət katibi olduğu, istərsə müxalifətdə olduğu dövrlərdə. Əbülfəz Elçibəyin ölümündən sonra özünü yeni dövrün “lideri” elan etdi, daha sonra bütöv müxalifətin yeganə rəhbəri kimi görməyə cəhdlər etdi. Lazım olanda İranla əməkdaşlıq etdi, sərf edəndə Qərbə işlədi. Əsl “Flyuger” kimi...


4. “Şuşa getsə, başıma bir güllə çaxacam”. Bu məşhur sözlər AXC-Müsavat iqtidarı dövrünün müdafiə nazirinə məxsusdur və onun bu sözlərindən bir neçə gün sonra ermənilər Şuşanı işğal etdi. Amma o başına güllə çaxmadı. Çünki əsl hərbçi deyildi, o, sadəcə mexanik idi və ordu ilə bağlı bəsit bilgilərə belə malik olmadan bu posta gətirilmişdi. Belə bir şəxsin düşmənə qarşı döyüş qabiliyyətinin nə qədər olduğunu hesablamaq belə çətindir və məhz bu və bir çox səbəblərə görə, Azərbaycanın 20 faiz ərazisi işğal olundu.

5. Həmin dövrdə daxili işlər naziri olmuş İsgəndər Həmidov isə canlı yayımda jurnalisti döyməklə yadda qalıb. Təsəvvür edin, canlı yayımda gedən müzakirələrdə jurnalist onun xoşuna gəlməyə fikir işlədir, o da evindən çıxaraq televiziyaya gəlir, canlı efiri basaraq, jurnalisti Azərbaycan xalqının gözü önündə döyür. Amma heç bir məsuliyyətə cəlb olunmur. Çünki o, daxili işlər naziri idi. Onun qeyri-qanuni fəaliyyəti haqda yetərincə məlumatlar var.


6. AXC-Müsavat iqtidarının xarici işlər naziri haqda məlumatlar isə ümumiyyətlə dəhşətlidir. Söhbət həmin dövrdə xarici işlər naziri olmuş Tofiq Qasımovun savadından, təcrübəsindən getmir, söhbət onun ümumiyyətlə siyasətə aid olmamasından gedir. Bəlkə də o, öz ixtisası üzrə yetərincə biliyə sahibdir, amma fizika-riyaziyyat üzrə ixtisaslaşmış, Fizika-Texnika İnstitutunda aspirant kimi çalışmış bir şəxsin XİN rəhbəri kimi əhəmiyyətli posta gətirilməsi təəccüblüdür.

Qısa araşdırma AXC-Müsavat iqtidarının fəaliyyətinə işıq salmağa, həmçinin, belə bir iqtidarın niyə cəmi bir il hakimiyyətdə qalması haqda suallara cavab tapmağa kömək edir.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm