Ankara Qarabağın “donunu” açır: Kreml hərəkətə keçdi – GİZLİ MÜHARİBƏ
Bizi izləyin

Nida.az

Ankara Qarabağın “donunu” açır: Kreml hərəkətə keçdi – GİZLİ MÜHARİBƏ

Dağlıq Qarabağ münaqişəsində vəziyyət sürətlə kəskinləşir. Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 125 dəfə pozub. Bundan bir gün öncə isə düşmən tərəfi atəşkəs rejimini 120 dəfə pozmuşdu.


Azərbaycan Silahlı Qüvvələri düşməni cavab atəşi ilə susdurur. Lakin mövcud vəziyyət ciddi gərginlikdən xəbər verir və təəccüblü deyil ki, erməni tərəfi işğalçı siyasətlərinin ifşa olunduğu, xüsusilə diplomatik uğursuzluqlar yaşadığı dövrdə hücumlarını genişləndirirlər.


AŞPA-nın 2-29 yanvar tarixlərində Strasburqda keçirilən qış sessiyasında Ermənistan işğalçılığını ifşa edən iki qətnamənin müzakirəyə çıxarılması da erməni silahlı bölmələrinin cəbhədə təxribatlara əl atacağı gözləntisini yaratmışdı. Belə ki, “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində zorakılığın artması” və işğal altında olan Sərsəng su anbarı ilə bağlı “Azərbaycanın sərhədyanı regionlarının əhalisi qəsdən içməli sudan məhrum edilirlər” qətnamələri AŞPA-da müzakirəyə çıxarıldı. Birinci qətnamə çox az fərqlə qəbul olunmadı. Burada da, din amilindən tutmuş, erməni lobbisinin açıq şəkildə maneələr yaratması rol oynadı. Lakin ikinci qətnamə qəbul olundu və bu Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktını konkret müddəalarla ortaya qoyur. Belə bir məqamda erməni hərbi bölmələrinin cəbhədə aktiv şəkildə atəşkəsi pozması təəccüblü görünmür.


Azərbaycan Silahlı Qüvvələrinin düşmənə verdiyi cavabın əks-sədası isə daha böyükdür. Ermənistan mediasında yayılan məlumatlar, Azərbaycan Ordusunun cavab atəşindən sərhədyanı ərazilərdə yaşayan ermənilərlə yanaşı, İrəvanın da təşvişə düşdüyünü göstərir.

Bununla yanaşı, Rusiya mediası da Qarabağda müharibənin başlaması ehtimalından qorxurlar. Xüsusilə rusiyalı politoloqlar Türkiyənin Bakıya dəstək verərək, Dağlıq Qarabağda müharibəyə başlayacağı ilə bağlı narahatlıqlarını dilə gətirirlər.


Ankara Qarabağın “donunu” açır”, - deyə “Svoboda Pressa” nəşri yazır.


Rusiyalı politoloq Sergey Yermakov isə hesab edir ki, Türkiyə ilə Rusiyanın münasibətlərinin kəskinləşməsi Dağlıq Qarabağda müharibəni alovlandıra bilər: “Son vaxtlara qədər Türkiyənin Qafqazla bağlı siyasəti elastik idi. Lakin indi Ankara düz xətlə hərəkət edir və Azərbaycan yaranmış vəziyyətdən istifadə edərək, ərazilərini geri qaytarmaq üçün gücə əl ata bilər. Bəlkə də Türkiyənin iştirakı ilə Dağlıq Qarabağ problemi həll olunmayacaq. Lakin bütün hallarda münaqişənin donu açıla bilər və bu, status-kvonu dəyişmək üçün Bakıya sərf edir”.


S. Yermakov müharibənin Rusiyaya xeyir vermədiyi fikrini müdafiə edir. Lakin o, eyni zamanda, Qarabağda baş verə biləcək müharibənin Kollektiv Təhlükəsizlik Şurası Təşkilatının post-sovet məkanında hərbi aktivliyinin artması ilə nəticələnə biləcəyini düşünür.


“Rusiya güman ki, müharibədən bu istiqamətdə istifadə edəcək. Xüsusilə Moskva Ermənistana dəstək verməklə, qarşıdakı dövrdə Orta Asiya regionunda hərbi aktivliyini artıracaq”, - deyə politoloq bildirir.

Rusiyanın Şərqşünaslıq İnstitutunun beynəlxalq təhlükəsizlik problemləri üzrə aparıcı elmi işçisi Aleksey Fenenko hesab edir ki, Türkiyə Qarabağı qaytarmaq üçün Azərbaycana hərtərəfli yardım edə bilər: “Amma Türkiyənin özü hazırda bir neçə cəbhədə münaqişəyə cəlb olunub. Biz başqa məqamı da unutmamalıyıq. Regionda vəziyyətin kəskinləşməsində ABŞ və Britaniya da maraqlıdır. 2014-cü ildə Krımın birləşdirilməsindən dərhal sonra, Amerika və Britaniya analitikləri belə nəticəyə gəldilər ki, Rusiya Qara dənizdə üstün mövqelərini bərpa edir. Onda ABŞ-ın vitse-prezidenti Cozef Bayden qeyd etdi ki, Krımın Ukraynadan ayrılmasından və Abxaziyaya ittifaq nəticəsində Rusiya Qara dənizdə hakim mövqeyə sahib olur. Həqiqətən də bunun fonunda Rusiya-Türkiyə əməkdaşlığı olsaydı, Moskva 1830-cu illərin çar strategiyasını reallaşdırardı. Yəni boğazlar üzərində nəzarəti ələ almaq və Türkiyə ilə ittifaqa girərək, Qara dənizə daxil olmaq. ABŞ və Britaniya Rusiya-Türkiyə münasibətlərini dağıtmaq üçün hər şeyi etdi. Hazırda onlar razıdır. Hesab edirəm ki, ABŞ və Qərb dövlətləri Rusiya-Türkiyə münaqişəsini daha da qızışdırmaq üçün Qarabağ müharibəsini də başladacaqlar”.

“Yaxın Şərq - Qafqaz” tədqiqatlar mərkəzinin direktoru Stanislav Tarasov isə hesab edir ki, artıq Bakının səbri tükənir.


“Bakı bunu dəfələrlə qeyd edib, amma hesab edirəm ki, bu dəfə həqiqətən də onun səbri dalana dirənib. Xüsusilə AŞPA-dakı son proseslər və Minsk qrupu həmsədrlərinin məlum qətnamə ilə bağlı Azərbaycanı özündən çıxartdı. Birbaşa birinci şəxs səviyyəsində bu məsələ dilə gətirildi. Lakin hesab edirəm ki, bu çox təhlükəli vəziyyətdir. Ümid edirəm ki, Dağlıq Qarabağda yeni müharibənin reallaşması gerçək olmayacaq”, - deyə ekspert vurğulayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm