Həsən Zeynalov etimadnaməsini Prezidentə təqdim etdi
Bizi izləyin

Nida.az

Həsən Zeynalov etimadnaməsini Prezidentə təqdim etdi

Azərbaycanın Türkmənistanda yeni təyin olunmuş səfiri Həsən Zeynalov etimadnaməsini Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədova təqdim edib.

Prezident Q.Berdiməhəmmədov Türkmənistanın beynəlxalq münasibətlərdə açıq siyasətə, habelə bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa üstünlük verdiyini bildirib. Qeyd edib ki, ölkəsinin xarici siyasətinin əsas prinsipləri sırasında neytral ölkə statusunun, hər bir tərəfdaş dövlətin milli xüsusiyyətləri və mentalitetinin nəzərə alınması amili dayanır. Türkmənistan tərəfi hesab edir ki, məhz belə bir yanaşma dünyanın müxtəlif ölkələri ilə onların siyasi, ideoloji quruluşundan asılı olmayaraq siyasi, iqtisadi, mədəniyyət, humanitar və digər sahələrdə məhsuldar əməkdaşlıq qurmağa imkan yaradır.

Prezident vurğulayıb ki, Azərbaycan Respublikası ilə Türkmənistan arasında əlaqələr sabit xarakterizə olunur və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial var. Türkmənistan Azərbaycanın bir sıra regional və beynəlxalq məsələlərin həllində oynadığı konstruktiv rola hörmətlə yanaşır. Q.Berdiməhəmmədov iki ölkə arasında əməkdaşlığın konkret sahələrinə toxunaraq, iqtisadi sahədə, xüsusən enerji sahəsində geniş imkanların mövcud olduğunu söyləyib. Bildirib ki, Türkmənistan dünyanın ən çox təbii qaz ehtiyatına malik ölkələrindən biri kimi, həmin qazın Qərb istiqamətində Azərbaycan vasitəsilə nəqlini gündəlikdə saxlayır. Bu xüsusda, Xəzər dənizi sülh və dostluq dənizi olaraq qəbul edilir. Xəzərin təbii resurslarının hasilatı və nəqli sahəsində Azərbaycan Respublikası ilə Türkmənistan arasında əməkdaşlıq bu iki ölkənin suveren hüququdur.

Əməkdaşlığın digər perspektiv istiqaməti kimi, tranzit nəqliyyat sahəsi qeyd olunub. Vurğulanıb ki, hər iki ölkə tarixi İpək Yolu üzərində yerləşir və dünyanın bir sıra aparıcı ölkələri Qərb-Şərq istiqamətində yerləşən mühüm tranzit yolları kimi məhz Azərbaycan və Türkmənistanı nəzərdən keçirirlər. Bu məsələdə də iki ölkənin əsas rol oynamalı olduqlarını diqqətə çatdıran Q.Berdiməhəmmədov deyib ki, tranzit yollarının inkişafı, eyni zamanda, ticarət dövriyyəsinin artırılmasına müsbət təsir göstərəcək.

Türkmənistan liderinin fikrincə, başqa sahələrdə, eləcə də humanitar sahədə əlaqələrin dərinləşdirilməsi vacib məsələlərdəndir. O, nümunə olaraq, Azərbaycan və Türkmənistanın Yaxın Şərq və Orta Asiyada öz xalçaçılıq ənənələri ilə seçilən ölkələr olduqlarını misal çəkib, bu istiqamət üzrə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyinə toxunub. Bundan başqa, elm, təhsil, turizm, mədəniyyət sahələrində də əlaqələrin inkişafının gündəlikdə duran mühüm məsələlərdən olduğunu diqqətə çatdırıb.

Bu məsələlərin tez bir zamanda həllini tapması üçün Azərbaycan ilə Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin gücləndirilməsinin vacibliyi qeyd olunub.

Q.Berdiməhəmmədova Azərbaycanın yeni səfirinin təyinatının iki ölkə arasında münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib və səfir H.Zeynalova diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Türkmənistan Prezidenti yaranmış fürsətdən istifadə edərək, ən xoş arzularının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.

Görüş əsnasında səfir H.Zeynalov səmimi qəbula görə minnətdarlığını bildirərək, Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Türkmənistan Prezidentinə çatdırıb, iki dost və qardaş ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirib.

Səfir Azərbaycan Respublikası ilə Türkmənistan arasında qarşılıqlı maraq doğuran müxtəlif istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, habelə birgə regional layihələrin həyata keçirilməsi sahəsində böyük potensialın mövcud olduğunu diqqətə çatdırıb. Son zamanlar əməkdaşlığın genişləndirilməsi istiqamətində konkret əməli addımların atıldığını vurğulayıb.

Azərbaycan diplomatı ortaq tarixi-mədəni dəyərləri bölüşən ölkələrimiz arasında münasibətlərin bütün istiqamətlər üzrə daha da dərinləşdirilməsi yönündə səylərini əsirgəməyəcəyini qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm