• USD 1,7000 0,00% EUR 1,8725 -0,17%
    • GBP 2,1844 -0,09% RUB 0,0265 -0,38%

İlham Əliyev Azərbaycan və İran münasibətlərindən danışdı

  • Nida.az
  • 23 Fevral 2016 18:40
  • 637 Baxış
İlham Əliyev Azərbaycan və İran münasibətlərindən danışdı

"Regionda yaşanan gərginliyə baxmayaraq, Azərbaycan və İran sabitlik nümunəsidir". Bunu fevralın 23-də Azərbaycan Prezidenti İlham Əliyev İrana səfəri çərçivəsində nümayəndə heyətlərin iştirakı ilə geniş tərkibdə görüşdə deyib.

Prezident İlham Əliyev əlaqələrimizin böyük tarixi olduğunu və möhkəm təməllər üzərində qurulduğunu bildirib. Dövlətimizin başçısı İrana qarşı tətbiq olunan sanksiyaların ləğv edilməsi münasibətilə İran Prezidentini və xalqını təbrik edib.

Azərbaycanın və İranın mövqelərində bir çox məqamların üst-üstə düşdüyünü qeyd edən Prezident İlham Əliyev regionda yaşanan gərginliyə baxmayaraq, hər iki ölkənin sabitlik nümunəsi olduğunu vurğulayıb. Azərbaycan Prezidenti beynəlxalq və dövlətlərarası münasibətlərdə ədalətli yanaşmanın, sabitliyin, təhlükəsizliyin yaranmasının vacibliyini bildirib, terrorizmə qarşı mübarizədə birgə əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edib.

Görüşdə Prezident Həsən Ruhani bildirdi ki, dövlətimizin başçısı İlham Əliyevin İrana rəsmi səfəri çox böyük əhəmiyyət daşıyır və ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcək. Bu gün əməkdaşlıq əlaqələrimiz sürətlə inkişaf edir və bütün sahələri əhatə edir.

İran Prezidenti səfər çərçivəsində imzalanacaq sənədlərin münasibətlərimizin inkişafına töhfə verəcəyini vurğulayıb, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətini yüksək qiymətləndirib.

İran dövlətinin başçısı deyib ki, əlaqələrimizin hazırkı inkişafı ölkələrimizin və xalqlarımızın tarixi yaxınlığına və dostluğuna əsaslanır. Prezident Həsən Ruhani qeyd edib ki, əlaqələrimiz artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu, münasibətlərimizin bütün sahələrdə daha da irəliyə aparılmasını mühüm vəzifə kimi qarşıya qoyur.

İranın ölkələrin ərazi bütövlüyü prinsipindən çıxış etdiyini vurğulayan Prezident Həsən Ruhani ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, beynəlxalq məsələlərdə dövlətlərin daxili işlərinə müdaxilə edilməsinin yolverilməzliyini vurğulayıb. İran dövlətinin başçısı ölkələrimiz arasında təhlükəsizlik sahəsində də əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi sahədə, o cümlədən enerji, sərmayə qoyuluşu, bank, ticarət, turizm, nəqliyyat, yüklərin daşınması, infrastruktur, mədəniyyət və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı üçün səylərin gücləndirilməsinin zəruriliyi qeyd olunub. Görüşdə Xəzərin dostluq və əməkdaşlıq dənizi olduğu vurğulanıb. Həmçinin Azərbaycanın və İranın birlikdə digər ölkələrlə də əməkdaşlıq imkanları müzakirə olunub.

İslamofobiya meyillərinin artmasından narahatlığın ifadə olunduğu görüşdə belə halların qarşısının alınması ilə bağlı müzakirələr aparılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR