
“Bu yaxınlarda İrana səfər edən Prezident İlham Əliyevin diplomatik fəallığı diqqəti cəlb etdi. Eyni zamanda, Rusiya prezidenti Vladimir Putinin və İran prezidenti Həsən Ruhaninin Azərbaycan lideri ilə telefon danışıqlar ortada əhəmiyyətli məsələlərin olduğuna dəlalət edir”.
Publika.az xəbər verir ki, bu barədə Milli
Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
Politoloq qeyd edib ki, rəsmi məlumatlarda ikitərəfli
münasibətlərdən bəhs edilir və danışıqların detalları açıqlanmır:
“Lakin söhbət Rusiya, Azərbaycan və İranın iştirakı ilə üçtərəfli
əməkdaşlıqdan gedir. Genişmiqyaslı layihələr sırasında Şimal-Cənub
dəmiryolu dəhlizinin qısa müddətdə tamamlanması, həmçinin, üç
ölkənin elektrik enerjisi xətlərinin birləşdirilməsi də
daxildir”.
R. Musabəyov bildirib ki, üçtərəfli müzakirələrdə həmçinin Suriya
məsələsi gündəmə gətirilə bilər.
“Azərbaycan Türkiyə və Qərblə yanaşı, Rusiya və İranla da
Suriyadakı humanitar problemin həllində yaxından iştirak etmək
niyyətindədir. Bakı Suriya münaqişəsinin nizama salınmasında dialoq
meydançası ola bilər”, - deyə politoloq vurğulayıb.
Asif Nərimanlı