
“Ermənistan dövlətinin apardığı işğalçılıq və təcavüzkar
siyasət münaqişənin uzanmasına və daha da gərginləşməsinə səbəb
olur”.
Milli Məclisdən Publika.az-a verilən məlumata
görə, bu barədə parlamentin üzvü, Azərbaycan Respublikasının Dağlıq
Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının İdarə heyətinin üzvü
Rövşən Rzayev cəbhə xəttində erməni təxribatına münasibət
bildirərkən deyib.
Milli Məclisin deputatı bildirib ki, dünən - aprelin 1-dən 2-nə
keçən gecə erməni separatçı qüvvələri cəbhənin Tərtər istiqamətində
növbəti dəfə atəşkəsi pozublar: “Gecə saatlarından başlayaraq bu
hal daha da intensivləşib. Ağır texnikalardan, iri çaplı
silahlardan güclü şəkildə istifadə olunması yerli əhali üçün
gözlənilməz olub və böyük təhlükə yaradıb. Dinc sakinlər arasında
ölən və yaralananlar var. ATƏT-in Minsk qrupu çərçivəsində
danışıqların davam etməsinə baxmayaraq, qarşı tərəf atəşkəs
rejiminin tələblərinə riayət etmir. Azərbaycanın məsələnin ərazi
bütövlüyü çərçivəsində dinc və ədalətli yolla həll edilməsi
cəhdlərinə əks tərəf daim təxribatlarla cavab verir. Ona görə də bu
atışmaların dərhal qarşısı alınmalı, ATƏT-in Minsk qrupu öz
fəaliyyətini təcili gücləndirməlidir. Sülh danışıqları prosesi
davam etdirilməlidir. Beynəlxalq təşkilatlar məsələyə münasibət
bildirməli, atəşkəs bərpa olunmalıdır”.
Onun sözlərinə görə, əks halda münaqişənin daha aktiv fazaya
keçməsi üçün şərait yarana bilər və münaqişə regionda daha ağır
nəticələrə səbəb olar: “Bunun isə məsuliyyəti Ermənistan
rəhbərliyinin üzərinə düşür”.
Asif