
Milli Məclisin deputatı Qənirə Paşayeva HDP-nin başqanı
Səlahəddin Dəmirtaşın Ermənistanı dəstəkləməsi ilə bağlı çıxışına
sərt reaksiya verib.
Publika.az xəbər verir ki, Q.Paşayeva HDP
başqanından fərqli açıqlama gözləmədiyini deyib: “Onun Türkiyə ilə
bağlı açıqlamalarını bilənlər Azərbaycanla da bağlı fərqli açıqlama
gözləyə bilməzdilər. Bu günə qədər Ermənistanın Xocalıda törətdiyi
soyqırımı ilə bağlı bir kəlmə də danışmayıb. Hər zaman ermənilərə
dəstək olub. Dəmirtaş deyir ki, Qarabağ muxtar bölgə idi. Oradakı
insanlar necə istəyirlərsə, buna hörmət etməlidirlər. Bu, bir
yalandır. Qarabağ sovet işğalında yaşadığımız illərdə də
Azərbaycanın bir parçası idi. İndi də Ermənistan və Dəmirtaş xaric
bütün dünya ölkələri və beynəlxalq təşkilatlar Qarabağı
Azərbaycanın bir parçası kimi qəbul edir. Dəmirtaş Ermənistanın
Qarabağı işğal edərək Azərbaycan türklərinin hamısını evindən
zorla, soyqırımlar törədərək çıxardığını və bu gün həmin ərazilərdə
bir nəfər belə, türkün yaşamadığını yaxşı bilir. Lakin Ermənistanı
və erməniləri dəstəkləyən biri təbii ki, bunları heç bir vaxt
söyləmək istəməyəcək. Biz kimin kim olduğunu yaxşı
bilirik”.
Q.Paşayeva əlavə edib ki, Dəmirtaşın bizə nəyi necə edəcəyimizlə
bağlı ağıl verməsinə ehtiyac yoxdur: “O ağlı özünə saxlasın. Bəlkə
lazımı olar”.
Asif