Əli Ömərov: “Zəng edib hədələdi ki, başıma torba keçirərlər...” – “ÜZ-ÜZƏ”
Bizi izləyin

Nida.az

Əli Ömərov: “Zəng edib hədələdi ki, başıma torba keçirərlər...” – “ÜZ-ÜZƏ”

Cəmi iki il baş prokuror olmasına baxmayaraq, ölkədə bu vəzifəni daşıyan ən məşhur adam hesab oluna bilər. Çünki, adətən keçmiş baş prokuror deyəndə, ilk olaraq o yada düşür.


"ÜZ-ÜZƏ" layihəsinin budəfəki qonağı keçmiş baş prokuror Əli Ömərovdur. Hazırda Azərbaycan Deportasiya Qurbanları Cəmiyyətinə dönəm sədrliyi edən Ə. Ömərov 1993-95-ci illərdə baş prokuror vəzifəsini icra edib. Və həmi dövrdə baş verənlər, dövlət çevrilişinə cəhdlər, prezidentə qarşı sui-qəsdlər haqda yetərincə məlumatlıdır.

"23 ildir televiziyalara baxıram"

– Hazırda nə işlə məşğulsunuz?

-
Mən 23 ildir ki, işsizəm. Bu müddət bir insan ömrünə bərabərdir. Boş qalmağımın da səbəbi səbəbsizlikdir. Mən nə dövlətə, nə də xalqıma xəyanət etməmişəm. Əksinə, həm dövlətçiliyə, həm də xalqıma vicdanla qulluq etmişəm. Hansı sahədə işləməyimdən asılı olmayaraq, mən heç zaman ədalətsiz qərar qəbul etməmişəm. Az öncə dediyim ki, 23 ildir işsizəm, evdə otururam, televiziyalara baxıram, mətbuatı izləyirəm.
Hətta son vaxtlar kitab yazmağa başlamışam. Kitabın adı "Keçdiyim yol, həyat tarixçəm" adlanır. Bu kitabı yazanda qarşıma bir məqsəd qoymuşam ki, yalnız və yalnız həqiqəti qələmə alım. Kitabda yalnız mənim həqiqi gördüyüm işlərdən bəhs olunacaq. Əsas məqsədim odur ki, kitabda kiminsə şəninə, şöhrətinə, şərəfinə, ləyaqətinə xələl gətirən heç bir ifadə işlədilməsin. Yəni, pis adam haqqında pis söz demək, yaxşı adam haqqında isə yaxşı söz demək istəyirəm. Bütün bunlardan savayı qarşıma heç bir məqsəd qoymamışam. Artıq bu kitabın yarısını yazmışam. Yəni, indiki Ermənistanda doğulduğum, anadan olduğum ildən, oradakı fəaliyyətimdən başlamış, Dağlıq Qarabağ Muxtar Vilayətindəki fəaliyyətimə qədər olan məqamları kitabda qeyd etmişəm. Kitabın digər yarısında isə mənim Gəncədəki fəaliyyətim və Azərbaycanın baş prokuroru vəzifəsində olduğum dönəmləri qələmə alacam. Ola bilər ki, kitabda bəzi adlar gizli qalsın, başqa adlar verilsin. Amma real həyatdan götürülmüş faktlardır. Mən minlərlə cinayət işinin istintaqını aparmışam. Bu istintaqlardan on minlərlə adam keçib. Bunların hamısının adını indi dəqiq söyləmək mümkün deyil. Çünki vaxtilə tərtib etdiyim ittihamnamələrin və məhkəməyə göndərdiyim cinayət işlərinin sürəti bu gün məndə yoxdur. O vaxt mən bilmirdim ki, bir gün elə zaman gələcək, mən öz həyat bioqrafiyamdan bəhs edən kitab qələmə alacam. Əgər bunu o zaman bilsəydim, sənədlərin sürətini vərəq-vərəq özümdə saxlayardım. Yazdığım kitab həqiqətə söykənməklə bərabər, yalnız haqqı və ədaləti, Ulu Tanrının qoyduğu qanunları, yəni heç kəsə pislik etməməyi öz amalımla göstərirəm.
Əgər ömür vəfa etsə və mən bu kitabı tamamlaya bilsəm, inşallah 2016-cı ilin sentyabr ayınadək çap olunacaq.

"Neynirəm ki, o qızıl teşti, içərisində qan qusum"

– Vaxtilə Azərbaycanda yüksək vəzifələrdə çalışan bir çox insan bir müddət işsiz qalan kimi, xaricdə yaşamağa qərar verir. Bu 23 ildə özünüzün də dediyiniz kimi, işsiz qalmışınız, lakin Azərbaycandan getməmisiniz...

-
Siz mənimlə bərabər hakimiyyətə gələnlərə nəzər salın və onların aqibətinə baxın. Onların əksəriyyəti həbsxanalara düşdü, ölkədən qaçdı, öldü və sairə. Amma mən bu gün sağ-salamat öz Vətənimdə və xalqımın içərisində yaşayıram. Allaha şükürlər olsun ki, bu gün hörmətim də əvvəlki səviyyədə qalır. Yəni, bu gün məni kim görürsə, yenə də ədalətli baş prokuror kimi hörmətimi saxlayır, mənə müraciət edir, ən azı hansısa rayona gedəndə hamı deyir ki, Əli müəllim gəl bir stəkan çay içək və sairə. Bu mənim üçün böyük var-dövlətdir. Bəzən məni qınayırlar ki, sən o boyda baş prokuror işləmisən. O zaman da hamı "qazanırdı". Sənin isə nə villan, nə bahalı avtomobilin və ya milyonların yoxdur. Mən isə onlara deyirəm ki, buna görə məni qınamayın. Ataların gözəl məsəli var: neynirəm ki, o qızıl teşti, içərisinə qan qusum. Mənə yalnız insanların hörməti lazımdır. Əgər bu gün mən respublikada hörmətlə qarşılanıramsa, hər kəs mənim salamımı alırsa və mənə salam verirsə, ən böyük var-dövlət onu hesab edirəm.
Elə adamlar var ki, xalqın qanı bahasına milyonlar toplayıblar, həmin pulları xarici ölkələrdə saxlayırlar. Ancaq bu adamlar sabah xalqın üzünə düz baxa biləcəklərmi? Xalqın içərisində sərbəst hərəkət edə biləcəklərmi? Cavabını özüm verirəm ki, yox. Çünki Azərbaycan xalqı müdrikdir, bu xalq hər kəsin yaxşılığını və pisliyini gözəl bilir, bunu yadında saxlayır. Biz o qədər də unutqan xalq deyilik.

"Bu ali rütbəni mənə Heydər Əliyev verib"

– İndi vəzifədə olan tanışlarınızdan, yaxın dostlardan sizə iş təklifi gəlibmi?

-
O zaman bir nəfər mənə demişdi ki, mənə iş verilməsi ilə bağlı tapşırıq olub. Hələ də o ümidlə yaşayıram. Amma konkret iş təklifi olmayıb.
Təəssüflə deməliyəm ki, bu gün təkcə Əli Ömərov deyil, bir çox tanınmış şəxslər işsizdir. Amma vaxtilə bu hakimiyyətə qarşı çıxanlardan iş başında olanlar var. Mənim həbs etdiyim adamlar bu gün... Ancaq 23 ildir ki, işsiz və boş otururam!

Mən hər zaman Heydər Əliyevə minnətdarlığımı bildirmişəm ki, o, bir kəndçi və çoban oğlunu Cənubi Qafqazda indiyədək heç kəsdə olmayan həqiqi dövlət ədliyyə müşaviri ali rütbəsi ilə mükafatlandırıb. Bu rütbə hüquq sahəsində ordu generalı deməkdir. Bu gün Cənubi Qafqaz ölkələri arasında bu rütbə ancaq məndədir. Bu rütbəni mənə Heydər Əliyev verib. Ona ömrümün sonunadək minnətdarlıq hissi ilə anacam.

"Milli Məclisə seçkilərdə YAP-dan namizəd olmaq istəyirdim"

– Vəzifə üçün müraciət etmisiniz?

-
Bəli, etmişəm. Ancaq əminəm ki, həmin müraciətim ünvanına çatmayıb. Hətta, 2015-ci ilin parlament seçkiləri ərəfəsi də müraciət edərək xahiş etdim ki, YAP-dan deputatlığa namizədlərin siyahısına mənim də adımı əlavə edəsiniz. Milli Məclisə seçkilərdə YAP-dan namizəd olmaq istəyirdim. Sonra Yeni Azərbaycan Partiyasının İdarə Heyətindən mənə bir nəfər zəng edərək bildirdi ki, Əli müəllim, sizin ərizəniz bura çatıb və yaxın vaxtlarda sizə nəticəsi bildiriləcək. Ancaq indiyədək hələ də mənə heç bir cavab verilməyib. Nə cavab veriləcək, o da mənə hələ məlum deyil.

"Mən müxalifəti nə söymürəm, nə də tərifləmirəm"

– Müxalifətlə münasibətləriniz necədir?

-
Mənim müxalifətlə nə işim ola bilər? Mən müxalifəti nə söymürəm, nə də tərifləmirəm. Mən dürüst insanam. Əgər ya müxalifət, ya da iqtidarın səhv hərəkəti olursa, deyirəm ki, bu səhvdir. Müxalifətdə olanlar da Azərbaycan xalqının övladlarıdır. Səhv hərəkətləri olanda deyirəm səhvdir, düz olanda isə düz deyirəm.

"Bir nəfər zəng edib məni hədələdi ki, guya başıma torba keçirərlər"

– Bir neçə il öncə müxalifətin yaratdığı İctimai Palatanın tədbirində Əli Kərimli, İsa Qəmbər və digər müxalifət liderləri ilə yan-yana sizin də fotolarınız yayılmışdı. Mətbuatda bu birmənalı qarşılanmadı...

-
Mən İctimai palatanın üzvü olmamışam və tədbirlərində də heç zaman iştirak etməmişəm. Həmin foto Məmməd Əmin Rəsulzadə ilə bağlı keçirilən tədbirdən çəkilib. O vaxtı Azərbaycan Deportasiya Qurbanları Cəmiyyətinin təsisçisi və üzvü kimi digər üzvlərlə bir yerdə Məmməd Əmin Rəsulzadənin abidəsini ziyarət etmişdik. Həmin vaxt onlar da abidəni ziyarətə gəlmişdilər. Foto da orada çəkilib. Hətta, o zaman bir nəfər zəng edib məni hədələdi ki, guya İsgəndər Həmidov kimi başıma torba sala bilərlər. Mən də ona cavabını verdim. Hətta, səfirliklərə qədər müraciət etdim. O adamın kimliyi də mənə məlumdur. Çünki həmin adam öz şəxsi telefon nömrəsi ilə mənə zəng edib hədə-qorxu gəlmişdi. Mən də həmin telefon nömrəsini istintaq təqdim etmişdim. Sonra mənə prokurorluqdan cavab gəldi ki, həmin adam bu əməlinə görə peşman olub və üzr istəyir. Mən də onu bağışladım və ardınca getmədim.

"Əsas mübarizəmiz ölkədəki qaçqınların vəziyyətinin yaxşılaşdırılmasıdır"

- Azərbaycan Deportasiya Qurbanları Cəmiyyətinin fəaliyyəti nə yerdədir?

-
Cəmiyyətimiz fəaliyyətdədir. Bütün məsələlərə lazım olanda öz münasibətimizi bildiririk. Yeganə məqsədimiz Azərbaycanda dövlətçiliyin daha da möhkəmlənməsi, xalqımızın isə firavan yaşamasıdır. Əsas mübarizəmiz ölkədəki qaçqınların vəziyyətinin yaxşılaşdırılmasıdır. Bizim cəmiyyət müstəqil təşkilatdır və mən də bu cəmiyyətin dönəm sədriyəm. Lazım gələndə dövlət orqanları ilə də əməkdaşlıq edirik.

– Dağlıq Qarabağla bağlı "Böyük qayıdış" proqramı mövcuddur. Yəni, bu proqram münaqişə həll ediləndən sonra qaçqınların öz yurd-yuvalarına qayıtmasını nəzərdə tutur. Sizcə, gələcəkdə Azərbaycandakı qaçqınlar işğal altında olan öz yurd-yuvalarına qayıtdıqdan sonra, oradakı erməni icması ilə vəziyyət necə olacaq? Çünki Azərbaycan torpaqları işğal ediləndən sonra Ermənistan hökuməti etnik tərkibi dəyişmək üçün həmin ərazilərə erməni əhalisini sürətlə köçürməyə başlayıb...

-
Açığı indidən bu barədə nə isə söyləmək tez olar. Çünki hələlik torpaqlar işğaldan azad edilməyib və qaçqınların öz yurd-yuvalarına qayıtması problemi həll olmayıb. Bütün bu problemlər həll olunandan sonra onların öz yurd-yuvalarına qayıtması məsələsinə baxarıq.

"Mənimlə Heydər Əliyev arasında olan bəzi məxfi söhbətləri özümlə bərabər o dünyaya aparacam"

– Əli müəllim, Heydər Əliyevin başçılığı altında işləmisiz. Aranızda sirr olubmu?

-
Əlbəttə ki, olub. Necə ola bilər ki, baş prokuror olaraq ölkənin birinci şəxsi ilə mütəmadi təmasda olasan və səndə sirr olmasın? Bütün vəzifəli şəxslər kimi belə sirlər məndə də olub və onları özümlə o dünyaya aparacam. Prezident nə deyibsə, mənim üçün qanun olub. Prezident ölkənin ali söz sahibidir. Amma mən o şəxslərdən deyiləm ki, ölkənin birinci şəxsi ilə olan söhbətləri ictimailəşdirim.

– Baş prokuror işləyən zaman Azərbaycan hökumətinin 2 nazirinə cinayət işi açmışdınız...

-
Mən Azərbaycan tarixində yeganə baş prokuroram ki, hakimiyyətdə olan, yəni Prezidentin qərarı ilə təyin olunan iki nazirə qarşı cinayət işi başlatmışam. Siz bunu mətbuatdan da oxumusunuz ki, mən keçmiş daxili işlər naziri Vaqif Novruzova və keçmiş müdafiə naziri Məmmədrəfi Məmmədova törətdikləri cinayət əməllərinə görə cinayət işi açmışam. Hətta, rəhmətlik Heydər Əliyev mənə deyirdi ki, axı bunlar mənim fərmanımla vəzifəyə təyin olunublar. Dedim ki, cənab Prezident bunların törətdiyi əməllər böyük cinayət əməlləridir və ortada şikayətçi mövcuddur. Ona görə də mütləq cinayət işi açılmalıdır. Buna görə də Heydər Əliyev Vaqif Novruzovu vaxtından əvvəl vəzifədən azad etdi. Ancaq Məmmədrəfi Məmmədov barəsində açılan cinayət işinin sorağını ala bilmədim. Çünki mən həmin ərəfədə istefaya getdim. Ona görə də bilmədim ki, o cinayət işi qeydiyyata alınıb, ya yox. Bu məsələ bu gün də mənə qaranlıqdır.
Onu da deyim ki, Məmmədrəfi Məmmədova korrupsiya əməlinə görə cinayət işi açılmışdı. O vaxtı Məmmədrəfi Məmmədov Rusiyada olan bağ evinin həyətini şumlamaq üçün 6 tonluq traktoru təyyarə ilə bu ölkəyə aparmışdı və heç bir gömrük rüsumu ödəməmişdi. Mən ona bu əməlinə görə cinayət işi açmışdım.

– Deyilənə görə, Məmmədrəfi Məmmədov Qarabağla bağlı danışıqlarda Ermənistan tərəfini müdafiə edən çıxışlar etdiyi üçün vəzifəsindən azad olunub. Bəs bu barədə baş prokuror olaraq hər hansı məlumata malik idiniz?

-
Bilirsiniz, Rusiyanın həmin dövrdə müdafiə naziri olan Pavel Qraçovun təşəbbüsü ilə Qarabağla bağlı saziş baş tutmamışdı. Sazişə görə, guya işğal olunan bir neçə rayon boşaldılmalı idi. Ancaq mən şəxsən bu barədə söz-söhbət eşitsəm də, ancaq rayonların boşaldılması ilə bağlı real addım hiss etməmişəm. Çünki nə qədər ki, bizim torpaqların taleyi ilə bağlı məsələni Ermənistan əvəzinə Rusiya həll edəcək, o zaman bu münaqişənin həlli çox çətin məsələdir.
Bu ilin aprel ayının əvvəllərində cəbhədə baş verən hadisələrə də nəzər salsaq görərik ki, bu döyüşlərdə Azərbaycan ordusu erməni hərbi birləşmələrinə misli görünməmiş ağır zərbələr vurub. Eyni zamanda bu döyüşlərlə Azərbaycan ordusu dünyada güclü ordulardan biri kimi tanınıb. İnandırım sizi ki, əgər aprelin əvvəllərində baş verən "dördgünlük" döyüşlər bir-iki gün də davam etsəydi, Azərbaycan ordusu bayrağımızı Şuşaya, Xankəndinə sancacaqdı. Ancaq çox təəssüf ki, Rusiya bu döyüşləri dayandırmağı tələb etdi. Bundan sonra döyüşlər dayandırıldı. Azərbaycanın bu döyüşləri dayandırmaması mümkün deyil idi. Çünki Rusiyanın Gümrüdə güclü hərbi dəstələri mövcuddur. Ona görə də biz məcburiyyət qarşısında qalıb bu döyüşləri özümüz istəmədən dayandırdıq.
Yenə deyirəm ki, əgər Rusiya olmasa, erməni heç kimdir. Ermənilər nə döyüşkən, nə qabiliyyətli millət deyil. Mən uzun müddət ermənilərlə birgə yaşamışam, orada xeyli vaxt işləmişəm. Mən Ermənistanda 10-15 il, Xankəndində isə 4 il müxtəlif vəzifələrdə çalışmışam. Onların əqidəsinin və xislətinin nə olduğunu yaxşı bilirəm. Erməni dilini bildiyim üçün indi də onların mətbuatını izləyirəm. Mən Dağlıq Qarabağda işləyəndə, sərbəst şəkildə erməni dilində ittihamnamə yazırdım. Ona görə də erməni KİV-də deyilənləri başa düşürəm. Ermənilər çox murdar xislətə malikdirlər və xəyanətkardırlar. Azərbaycan Ordusunun son böyük qələbəsinə baxmayaraq, Ermənistan hakimiyyəti öz xalqını aldadıb deyir ki, guya bizim ordumuz heç bir üstünlük qazanmayıb və sairə.

– Mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüş keçirildi. Bu görüşün nəticəsindən gözləntiləriniz nədir?

-
Mən müsbət nə isə gözləmirəm. Çünki Rusiya amili var. Söhbətlər gəzir ki, Ermənistan "Dağlıq Qarabağ Respublikası"nı da tərəf kimi görüşlərə cəlb etməyə çalışır. Ancaq biz Dağlıq Qarabağın tərəf kimi iştirakına imkan versək, o zaman torpaqların işğalı ilə razılaşmış olacağıq. Yəni, bununla da biz Dağlıq Qarabağın "müstəqil dövlət" statusunu tanımış oluruq. Biz buna getməyəcəyik.

– Siz deyirsiniz ki, Rusiya istəmədiyi təqdirdə Qarabağın həlli mümkün deyil. O zaman belə çıxır ki, Rusiya bu regionda nə qədər ki, var o zamana qədər də münaqişə həll olunmayacaq?

-
Şəxsən mənim fikrim odur ki, Rusiyanın razılığı olmadan Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi çox çətindir. Mümkünsüz deyil, ancaq olduqca çətindir. Əgər Rusiya qarışmasa, biz hərbi yolla torpaqlarımızı erməni işğalından çox asan şəkildə azad edə bilərik. Mən müharibə tərəfdarı deyiləm, balalarımız niyə gedib müharibədə həlak olmalıdır? Ancaq mən hər gün Ermənistan mediasını izləyirəm. Ermənilər deyir ki, biz müharibəsiz bir qarış da torpaq qaytaran deyilik. Hətta, rişxəndlə deyirlər ki, Azərbaycanın gücü, hünəri çatırsa, gəlib azad etsin.

"Onlar 40 il ərzində Qarabağın işğalı üçün ildə 50 manat pul toplayırdı"

– Dediniz ki, vaxtilə Xankəndində və Ermənistanda hüquq sistemində çalışmışınız. Vaxtilə, azərbaycanlılara qarşı cinayətlər törətmiş Ermənistanın indiki və keçmiş rəhbər şəxsləri barəsində əlinizə cinayət işi düşübmü?

-
Mən vaxtilə Xankəndində işləyəndə Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın barəsində apardığım yoxlama materialı işi olub. Mən Robert Koçaryan haqqında tədbir görülməsi üçün Vilayət Partiya Komitəsinə təqdimat göndərmişəm. Bu hadisə 1977-1979-cu illər arasında olub. Həmin vaxtı Robert Koçaryan cinayət məsuliyyətinə cəlb olunmasa da, ancaq inzibati tənbeh cəzası verilib.
Bundan başqa, o vaxtı Xankəndinin erməni millətçi olan baş həkim var idi. Onun haqqında cinayət işi başlatmışam. Ancaq mən Xankəndindən ayrılandan sonra görünür həmin cinayət işinə xitam verilib və o azadlığa buraxılıb. Mən olsaydım, onu həbs edəcəkdim.
O dövrdə Ermənistanın daxili işlər nazirinə ərizə ilə müraciət edib işdən çıxanda, erməni nazirə dedim ki, mən bilmirdim sizin millətin xisləti bu qədər xarabdır. İndi mən başa düşürəm ki, siz nə ilə nəfəs alırsınız. Daha sonra dedim ki, nə istəyirsinizsə, ərizəmə yaza bilərsiniz. Mən öz arzumla işdən azad olub Azərbaycana gedirəm.
Sizə bir maraqlı faktı söyləyim. Qarabağla bağlı hadisələr yeni başlayanda, Hovannes Baqramyanın Gəncədə heykəli var idi. O dövrdə Moskvadan mühüm işlər üzrə müstəntiq gəlib bu hadisələrin istintaqını aparırdı. Məni də həmin istintaq qrupuna salmışdılar. Mən Gəncədə yaşayan bir erməninin evini axtararkən, oradan bir şəcərə tapmışdım. Həmin şəcərədə 500 nəfərin adı və soyadı var idi.
Mən həmin şəcərə üzrə 2 nəfəri Azərbaycan dilində dindirirdim. Bunlar isə mənə yalandan dedilər ki, bu bizim nəslin ağsaqqalının guya anadan olduğu illərdir və həmin gündə biz 50 manat pul yığırıq. Bu erməni ailəsi bilmirdi ki, mən erməni dilini bilirəm. Ona görə də otaqda bunlar bir-biri ilə erməni dilində danışırdılar ki, əslində həmin 50 manat Dağlıq Qarabağın azadlığı üçün yığılır və bu proses 40 ildən çoxdur ki, davam edir.
Bu söhbətdən dərhal sonra mən onların ifadəsini cırdım və yeni protokol götürərək, erməni dilində yazmağa başladım. Daha sonra erməni dilində bunlara sual verdim ki, adın, soyadın, atanın adı.
Bunu deyəndən sonra onlar bildilər ki, mən erməni dilini də yaxşı bilirəm. Onlara dedim ki, daha qaçmağa yeriniz yoxdur. İndi mənə həqiqəti deyin. Bunu deyəndən sonra, onlar mənə söylədilər ki, Ermənistan Mərkəzi Komitəsinin birinci katibindən tutmuş hər bir erməni ailəsi 40-50 ildir ki, hər il aprelin 24-də 50 manat pul yığır ki, Dağlıq Qarabağı Azərbaycandan qoparsın. O dedi ki, indi bu şəcərədən hər bir erməninin evində var. İndiyədək də bu barədə azərbaycanlıların məlumatı yoxdur.
Mən vaxtilə Gəncə nəqliyyat prokuroru işləmişəm. Ona görə də həmin vaxtı dəmiryolçulara göstəriş verdim ki, Gəncədəki Hovannes Baqramyanın heykəlini aşırılsın. Mən deyəndən sonra onun heykəlini sökdülər. Bunu bilən şəxslərdən biri də o zamankı Kəpəz rayon Partiya Komitəsinin birinci katibi Rasim Daşdəmirov idi. Bundan sonra Rasim Daşdəmirov məni Kondratova satdı. Ona dedi ki, Baqramyanın heykəlinin uçurulması göstərişini Əli Ömərov verib. Amma yaxşı ki, dəmiryolçulardan heç kəs üzümə dayanmadı. Hamı dedi ki, bu yalandır, Əli Ömərovun bundan xəbəri yoxdur, bunu özümüz etmişik. İndi iki millətin fərqinə baxın.

Çox təəssüf ki, Azərbaycan tarixçiləri bütün bunları insanlara lazımı səviyyədə çatdırmır.

Bilirsiniz, bizim əsas bədbəxtçiliyimiz nədir? Biz işi iş bilən adama tapşırmırıq. Deyirlər ki, nə üçün Avropa bizdən irəlidir. Çünki işi iş bilənə tapşırdıqları üçün irəlidirlər. Biz hadisələr barədə çox vaxt xəbəri olmayan insanlara mövqe bildirmək üçün yer veririk. Misal üçün, Xocalı faciəsi ilə bağlı məlumatlı şəxs mənəm, o işi mən aparmışam. Vaxtilə Xocalı faciəsi ilə bağlı AzTV-də 3 saat yarım mənim çıxışlarım gedib. Bu barədə yazılan kitab da var. Ancaq Xocalı faciəsinin hər il ildönümü ərəfəsində telekanallar bu hadisədən xəbərsiz ayrı-ayrı insanları danışdırırlar. Bununla da Əli Ömərov kənarda qalır. Ona görə də biz hansı tarixdən danışa bilərik. Yeni deyirəm ki, tarixi bilən adamlar kənarda qalıblar. Bu gün Azərbaycanın görkəmli tarixçilərinin əksəriyyəti kölgədədir. Onların yerini vaxtilə universitetlərdə tələbələrə göstəriş verərək, Heydər Əliyevin əleyhinə Moskvaya imzasız məktublar yazdıran tarixçilər tutur. Bu adamlar tarix elminə rəhbərlik edirlər. Guya Azərbaycan tarixini bunlardan mükəmməl bilənlər yoxdur.
Biz Xocalı faciəsinin yekun qərarında yazmışıq ki, bu hadisədə maddi, mənəvi cinayət məsuliyyəti olan hər hansı şəxs varsa, onlara bir daha vəzifə həvalə olunmasın. Siyahını hər kəs açıb baxa bilər ki, onlar kimlərdir. Ancaq təəssüfləndirici hal odur ki, onlardan bir neçəsi hələ də vəzifədədir. Lakin canını, qanını Heydər Əliyev yolunda qoyan Əli Ömərov bu gün işsizdir və övladları, qardaşları, qohumları boş gəzir. Niyə? Çünki bunu Heydər Əliyevi istəməyən qüvvə edir və onun adı mənə məlumdur. Mən onların adlarını kitabımda da qeyd edəcəm.

- Yeni Azərbaycan Partiyasına üzv olmağınız zərurət nədən yarandı?

Davamı var...

Vasif Həsənli,
Asif Nərimanlı,
Fotolar: Elçin Murad


Oxumağa davam et
Reklam
Reklam

Gündəm