Nida.az
Əli Ömərov: “Onu qovdum, dedim ki, çıx otağımdan!” – “ÜZ-ÜZƏ”
Cəmi iki il baş prokuror olmasına baxmayaraq, ölkədə bu vəzifəni daşıyan ən məşhur adam hesab oluna bilər. Çünki, adətən keçmiş baş prokuror deyəndə, ilk olaraq o yada düşür.
"ÜZ-ÜZƏ" layihəsinin budəfəki qonağı keçmiş baş
prokuror Əli Ömərovdur. Hazırda Azərbaycan Deportasiya Qurbanları
Cəmiyyətinə dönəm sədrliyi edən Ə. Ömərov 1993-95-ci illərdə baş
prokuror vəzifəsini icra edib. Və həmi dövrdə baş verənlər, dövlət
çevrilişinə cəhdlər, prezidentə qarşı sui-qəsdlər haqda yetərincə
məlumatlıdır.
(Əvvəli burada)
"YAP-a Publika.az-ın jurnalistinin sualından sonra üzv
oldum"
– Siz bir müddət öncə Yeni Azərbaycan Partiyasına (YAP) üzv
oldunuz. Maraqlıdır, bu zərurət nədən yarandı?
- Vallah, açığı deyim ki, mən YAP-a "Publika.az"ın əməkdaşı Vasif
Həsənlinin verdiyi sualdan sonra üzv oldum. Vasif Həsənli məndən
müsahibə alan zaman sual verdi ki, əgər sizi YAP-a, Heydər Əliyevlə
bağlı keçirilən tədbirlərə dəvət etsələr, gedərsinizmi? Suala
cavabımda dedim ki, mən Heydər Əliyevin adı ilə bağlı bütün yerlərə
gedərəm. Sonra sual verdi ki, bəs YAP-a üzv olmaq istərdinizmi? Mən
də dedim ki, Heydər Əliyevin qurduğu partiyaya əlbəttə ki üzv olmaq
istəyərəm.
Vasif Həsənli sual verdi ki, Əli müəllim, bəs indiyədək nə üçün
YAP-a üzv olmamısınız? Dedim ki, mən orqan işçisi olduğum üçün heç
bir siyasi partiyanın üzvü ola bilməzdim və buna görə də ərizə
verməmişəm. (həmin xəbərlə buradan tanış ola bilərsiniz: http://publika.az/p/49863).
Bu çıxışım mətbuatda dərc olunandan az sonra, evimə zəng edib
telefon nömrəsi qoyublar ki, Əli Ömərova deyərsiniz, bu nömrəyə
zəng etsin. Mən də həmin nömrəyə zəng etdim, telefonda mənimlə
danışan YAP-ın icra katibinin müavini Əli Əhmədovun katibəsi idi. O
da mənə dedi ki, Əli Əhmədov sizinlə danışmaq istəyir. Sonra Əli
Əhmədovla danışanda, mənə dedi ki, arzunuz varsa, sizi YAP
üzvlüyünə qəbul edə bilərik. Razısınızmı? Dedim ki, bəli,
istəyirəm, razıyam. Bununla da YAP-a üzv qəbul olundum. Sonradan
məni YAP-ın Nəsimi rayon təşkilatına dəvət edərək, ora üzv etdilər
və partiyanın biletini təqdim etdilər. Mən bu gün də YAP-ın
üzvüyəm.
Həmin ərəfədə YAP-ın icra katibinin müavini Siyavuş Novruzov da
açıqlama vermişdi ki, Əli Ömərovun xidmətləri böyükdür və o partiya
üzvlüyünə layiqdir. Yəni, mənim YAP-a üzvlüyüm bu şəkildə olub.
– Əli müəllim, nəvəniz varmı?
- Bəli, nəvələrim də, övladlarım da var. Allah hər kəsə can
sağlığı, xoşbəxtlik qismət etsin.
– Övladlarınızdan sizin yolunuzu davam etdirəni
var?
- Bəli, övladlarımın da hamısı mənim yolumu davam etdirir.
Hüquqşünasıdırlar. Ancaq övladlarım da işsizdir. Bu yaxınlarda
böyük oğlum baş prokurora ərizə ilə müraciət etmişdi ki, mənə iş
verin. Cavab gəlmişdi ki, hələlik vakant işimiz yoxdur. Halbuki, bu
gün də məni tez-tez tənqid edirlər ki, Zakir Qaralovu prokurorluq
sisteminə Əli Ömərov gətirib və sairə. Bəli, vaxtilə Zakir Qaralovu
işdən azad etmişdilər, mən kadrlar idarəsinin o zamankı rəisi
Şahmalı Məmmədova göstəriş verdim ki, onu işə bərpa edin. Mən
vaxtilə bunu etmişəm, ancaq mənim oğluma adi iş verilmir.
Bundan başqa, mənim iş təcrübəm də 18 illiklə hesablanıb. Ona görə
18 illiyə görə pensiya alıram. Əgər mənim iş təcrübəm 25 illiklə
hesablansaydı, indi kifayət qədər normal pensiya alacaqdım. Zaman
belə davam etməyəcək. Yəqin ki, Zakir müəllim də o da nə vaxtsa
peşmançılıq çəkəcək. Axı mən pislik etməmişəm, ancaq yaxşılıq
etmişəm...
"Tələb edirdilər ki, həbs olunması barədə sanksiya
verim"
– O dövrdə Mahir və Rövşən Cavadov qardaşları ilə aranızda
ciddi problem yaşanırdı. Bunun əsas səbəbləri nə idi?
- Bilirsiniz ki, Afiyəddin Cəlilov ilə Şəmsi Rəhimovun qətlə
yetirilməsinin istintaqına şəxsən özüm nəzarət edirdim. Bu
cinayətlərlə bağlı şahidi də şəxsən özüm dindirmişəm. Həmin şahid
avtomobilin arxa nömrəsini də dəqiq demişdi. Şahid bildirdi ki,
avtomobil böyük çalaya düşüb. Biz sonradan həmin çalanı da tapdıq.
Həmin çaladan torpaq götürdük və avtomobilin də arxa nömrəsindən
kimliyini tapdıq. Maşının düşdüyü çalanın torpağı ilə həmin maşının
təkərindəki torpaq kimyəvi tərkibinə görə eynilik təşkil etmişdi.
Bütün bunlar bir daha sübut etdi ki, Afiyəddin Cəlilov ilə Şəmsi
Rəhimovu vuran adam həqiqətən də həmin avtomobillə ərazidən
uzaqlaşıb. Biz həmin adamı da araşdırıb tapdıq. Həmin adam
avtomobili aparıb dayanacaqda Fazil adında bir nəfərə tapşırmışdı,
özü isə toya getmişdi. Məqsəd isə cinayətin izini itirmək idi. Amma
biz həmin adamın toyda olan müddətini də müəyyən etdik. Hətta,
Fazil də bizə ifadəsində bildirdi ki, həmin adam maşını saxlayan
zaman tapşırıb ki, ondan maşının nə vaxtdan saxlanıldığını
soruşsalar, vaxtını əvvələ desin və bununla da izi itirsin. Fazil
Mahir Cavadovun mühafizəçisi idi. Mən onu həbs etmişdim. Sonradan
eşitdim ki, onu azadlığa buraxıblar. Fazil sonradan Rusiyaya qaçıb
getdi. İstintaq da sübut etdi ki, Afiyəddin Cəlilov ilə Şəmsi
Rəhimovu öldürən həqiqətən də bu adamdır. O azadlığa buraxılanda və
sonradan tapılıb gətiriləndə isə baş prokuror Eldar Həsənov idi.
Gətirəndən sonra da etiraf etdi ki, cinayəti o törədib. Ona görə də
məhkəmə onun haqqında hökm çıxardı. Yəni, burada heç bir bayağı
hərəkət yox idi. Cavadovun adamlarını tutduğuma görə mənə əsassız
olaraq hücum etdilər.
– 1995-ci ilin mart hadisələrində Rövşən Cavadovun yaxın
adamları sırasında adı hallanan Fərman Dəmirqol adlı şəxslə hər
hansı tanışlığınız olmuşdumu?
- İstanbul Universitetinin Hüquq fakültəsində Konstitusiya hüququ
müəllimi işləyən Fərman Dəmirqol Türkiyə kəşfiyyatının adamı idi.
Mən istefaya gedəndən sonra bir dəfə Türkiyədə səfərdə idim. Həmin
vaxtı kiçik oğlum Türkiyədə buz xokkeyi sürürdü, mən də oturmuşdum.
Bu zaman Fərman Dəmirqol yanıma gəlib salam verdi və qəfil mənə
belə sual verdi: "Əli müəllim, əgər Heydər Əliyev bilsə ki, siz
mənimlə görüşürsünüz, o zaman aqibətiniz necə olacaq?" Mən də dedim
ki, hər bir insanla görüşmək normal haldır, həm də güman etmirəm
ki, mənim kiminləsə görüşməyim Heydər Əliyevi maraqlandıra.
Sonra ona sual verdim ki, bəs sən kimsən? Dedi ki, mən Fərman
Dəmirqolam, Bak Dövlət Universitetində işləmişəm, Cavadov
qardaşlarının işi ilə əlaqədar həbs olunmuşdum, sonra məni Süleyman
Dəmirəlin xahişi ilə Türkiyəyə ekstradisiya ediblər. Mən həmin
vaxtı dəqiq bildim ki, bu adamın həqiqətən də Cavadov qardaşları
ilə əlaqələri olub. Buna qədər isə onu tanımırdım.
Cavadov qardaşları Azərbaycanın Baş Prokurorluğunun binasına
silahlı hücum etmişdilər, şəxsən mənə 70 güllə atmışdılar. Bu
gülləbaran zamanı oturduğum xidməti kreslonun qarşındakı stolun
üzərində və arxamda yerləşən şkafın içərisindəki xeyli sayda
sənədlər məhv oldu. Ancaq həmin güllələr təsadüfən mənə
dəymədi.
Rəhmətlik Turqut Özalın bir sözü var idi. O deyirdi ki, bir adamı
Allah istəmədən heç kəs öldürə bilməz. Həmin vaxtı da taleyin
qisməti idi ki, mənə güllə dəymədi. Həmin vaxtı mərhum prokuror
Şükür Rzayev kənarda otururdu, onun ayağına güllə dəymişdi,
ayağından yaralanmışdı. Ancaq mənə güllə dəyməmişdi.
O vaxtı Cavadov qardaşları mənə çox təzyiq etdilər ki, Heydər
Əliyev haqqında sanksiya qərarı çıxarım. Ancaq mən bunu etmədim. Bu
hadisədən 2 gün sonra isə öz ərizəmlə istefa verdim.
"İstefa ərizəmdə yazmışdım ki, tutduğum vəzifəni artıq
apara bilmərəm"
– İstefanızın səbəbi nə idi?
- Mən qanunpərəst adamam. O vaxtı bizim mövcud olan məcəllədə
yazılırdı ki, əgər hər hansı yüksək vəzifəli şəxs zərərçəkən
şəxsdirsə, o, tutduğu vəzifədən getməlidir. Mən də həmin iş üzrə
zərərçəkən olduğum üçün öz istefa ərizəmdə yazmışdım ki, tutduğum
vəzifəni artıq apara bilmərəm. Xahiş edirəm ki, məni öz ərizəmlə
vəzifədən azad edəsiniz.
– Bəs siz sonradan vəzifəyə qayıtmaq üçün cəhd
etdinizmi?
- Əlbəttə ki, etdim. Sadəcə bəzi "qara qüvvələr" mənim vəzifəyə
qayıtmağıma imkan vermədi.
"Bəzi adamlar Heydər Əliyevi aradan götürmək
istəyirdi"
– Bildiyimiz qədər, Heydər Əliyevin həyatına sui-qəsd cəhdi
etmiş Hasan Tokunu da siz tutmuşdunuz?
- Bəli, Hasan Tokunu da mən həbs etmişdim. O, Heydər Əliyevin
həyatına sui-qəsdə cəhd etmişdi.
Bu məsələ ilə bağlı mən təkcə Hasan Tokunu deyil, Naxçıvandan Aydın
adlı şəxsi, Fərəc Quliyev və onun qardaşını həbs etmişdim. Çünki bu
adamlar bir yerdə Heydər Əliyevin həyatına sui-qəsd etmək üçün
Milli Məclisdə ona atəş açmışdılar, ancaq xoşbəxtlikdən güllə ona
dəyməmişdi. Bu hadisə 1993-cü ildə olmuşdu. Bunun istintaqı
gedəndən sonra tam sübut olundu ki, sui-qəsd cəhdini yuxarıda
adları çəkilən adamlar ediblər. O vaxtı Ali Məhkəmənin sədri olmuş
Xanlar Hacıyev və baş prokuror vəzifəsi daşayan şəxs kimi mən, bu
adamlara cəza verilməsini tələb etdik. Sonra məhkəmə bu adamlara
həbs qərarı verdi və onlar gedib həbslərini çəkdilər.
Heydər Əliyevə sui-qəsd planı cəhdləri Hasan Tokunun göstərişi ilə
həyata keçirilirdi. O vaxtı Türkiyədə iqtidarda olan bəzi şəxslər
Azərbaycan Xalq Cəbhəsini dəstəklədiyi üçün, Heydər Əliyevin
hakimiyyətə gəlməsini istəmirdilər. Həmin dövrdə Türkiyədə
hökumətdə olan vəzifəli şəxslərin Xalq Cəbhəsi nümayəndələri ilə
əlaqələri var idi. Ona görə də Heydər Əliyevi aradan götürmək
istəyirdilər.
"Gəlib yalandan deyirdi ki, guya Heydər Əliyevə zəng edir,
ancaq telefonu götürən yoxdur"
Yadınıza gəlirsə, o vaxtı Milli Məclisdə Heydər Əliyevin Bakıya
dəvət olunması məsələsi müzakirə olunanda, mən, Arif Rəhimzadə və
digər bir nəfər çıxış edərək dedik ki, Heydər Əliyev mütləq Bakıya
qayıtmalıdır. Ancaq hazırda Milli Məclisdə oturan bir nəfər gəlib
dedi ki, guya Heydər Əliyevə zəng edir, ancaq telefonu götürən
yoxdur. Mənə elə gəlir ki, o vaxtı Heydər Əliyev ya zəng
olunmamışdı, ya da yalandan deyilmişdi ki, guya Heydər Əliyev
telefona cavab vermir. O dövrdə Azərbaycan xalqından savayı,
hakimiyyətdə olan adamların əksəriyyəti Heydər Əliyevi istəmirdi.
Nə Ayaz Mütəllibovun, nə də Əbülfəz Elçibəyin tərəfdarları
istəmirdi ki, Heydər Əliyev hakimiyyətə gəlsin.
"Bu adamların hələ də Prezidentə qarşı planları
qalır"
– Azərbaycanda 2013-cü ilin prezident seçkiləri ərəfəsi
Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Milli Şura yaradıldı. Həmin
ərəfədə isə Hasan Toku Moskvada Rüstəm İbrahimbəyovla görüşmüşdü.
Bütün bunları növbəti dövlət çevrilişi cəhdi hesab etmək
olardımı?
- Doğrusu, mənim bundan xəbərim olmayıb. Əgər doğrudan da 2013-cü
ilin prezident seçkiləri ərəfəsində Hasan Toku Rüstəm
İbrahimbəyovla görüşübsə, deməli, onların indi də Prezident İlham
Əliyevə qarşı planları var. Çünki həmin Milli Şurada təmsil
olunanlar da Xalq Cəbhəsindən çıxan adamlardır. Görünür, bu
adamların hələ də Prezidentə qarşı planları qalır. Ümumiyyətlə,
adətən hadisələrin bir-biri ilə əlaqəsi olur.
"Baş prokuror olaraq milli təhlükəsizlik nazirinə istədiyim
işi həvalə edə və yaxud ondan geri götürə bilirdim"
– Ötən ilin oktyabr ayında gözlənilmədən Eldar Mahmudov
milli təhlükəsizlik naziri, Əli Abbasov isə rabitə və yüksək
texnologiyaları naziri vəzifəsindən azad olundular. Onlar başda
olmaqla bir neçə yüksək rütbəli məmurların vəzifədən azad olunması
birmənalı qarşılanmadı. Bu barədə nə düşünürsünüz?
- Eldar Mahmudov və Əli Abbasov Prezidentin sərəncamı ilə vəzifədən
azad olunublar. Ancaq bir məsələyə mən hələ də təəccüb edirəm ki,
Eldar Mahmudov bu qədər törətdiyi əməlləri qarşısında hələ də
azadlıqda qalır. Bilirsiniz, Sovet İttifaqı vaxtında hər hansı
idarə müdirinin tabeçiliyində olan hər hansı şəxs cinayət
törədərdisə, həmin müdir mütləq cəzalandırılmalı idi. Ancaq indi bu
adamlar bu qədər quldurluq əməlləri ilə məşğul olublar, Eldar
Mahmudov hələ də azadlıqda qalır. Eldar Mahmudov Azərbaycan
xalqının başına olmayan müsibətlər gətirib, neçə-neçə günahsız
insanların varın-dövlətini quldurluq yolu ilə əlindən alaraq, özünə
milyardlar toplayıb. O, bu gün azadlıqda olmamalıdır.
Mənim baş prokuror olduğum vaxtı milli təhlükəsizlik komitəsinin
sədri Nəriman İmranov kabinetimə gələn zaman katibəmdən soruşurdu
ki, Əli müəllimin əhval-ruhiyyəsi yaxşıdırsa, qəbuluna girim.
Hətta, bir dəfə 20 yanvar faciəsinin istintaqı zamanı Nəriman
İmranov mənə dedi ki, Vaqif Hüseynov cinayət işinin açılmasına mane
olur. Mən də qayıdıb ona dedim ki, bu gündən cinayət işinin
istintaqını şəxsən sənə həvalə edirəm. Mən baş prokuror olaraq
milli təhlükəsizlik nazirinə istədiyim işi həvalə edə və yaxud
ondan geri götürə bilirdim. Yəni, istədiyim işi daxili işlər
nazirindən alıb milli təhlükəsizlik nazirinə, yaxud da əksinə edə
bilmək cəsarətim var idi. Çünki bunlar baş prokurorun bilavasitə
səlahiyyətinə aid olan məsələdir. Baş prokuror qanunlara ali
nəzarət edəndir. Onun heç kəsdən asılacağı olmamalıdır.
"Eldar Mahmudovu otağımdan qovdum"
– Baş prokuror olan dövrdə Eldar Mahmudovla tanışlığınız
olubmu?
- Mən baş prokuror işləyəndə bir dəfə Eldar Mahmudov qəbuluma
gəlmişdi. Həmin vaxtı Eldar Mahmudov Daxili İşlər Nazirliyinin
İdarəsində şöbə rəisi çalışırdı. Mənim əlimdə iş olduğu üçün,
qapıda bir az gözləməli olmuşdu. Sonra qəbuluma girəndə, mənə
özündən razı şəkildə dedi ki, Əli müəllim mən filankəsin tanışıyam
və sairə. Məni qapıda niyə gözlədirsiniz? Mən də onun bu sözünü
kəsib otaqdan qovdum. Dedim, çıx otaqdan!
Mən baş prokuror olanda da belə işləmişəm, heç bir nazirdən
çəkindiyim hal olmayıb, kiminsə göstərişlərinə əməl etməmişəm.
"Eldar Həsənov qədirbilən adamdır"
– Keçmiş baş prokuror Eldar Həsənovla münasibətləriniz necə
olub?
- Eldar Həsənov qədirbilən adamdır. Bu gün də məni axtarır,
münasibət saxlayır, hələ də məni özünə böyük hesab edir. Mən Eldar
Həsənov haqqında ancaq yaxşı sözlər deyə bilərəm. Çox təəssüf ki,
bir müddət əvvəl mənimlə Eldar Həsənovun arasını vurmağa
çalışırdılar. Amma bu mümkün olmadı.
Vaxtilə təmənnasız vəzifəyə qoyduğum və indi də yüksək vəzifələrdə
çalışan keçmiş işçilərim bu gün telefonlarıma cavab vermirlər.
Ancaq Eldar Həsənov mənimlə mütəmadi olaraq əlaqə saxlayır,
hal-əhval edir, xeyirdə-yasda zəng edir. Mənim üçün insanın
yaxşılığı budur. Yaxşılığı itirmək lazım deyil. Mən heç zaman
yaxşılığı itirməmişəm.
Vasif Həsənli,
Asif Nərimanlı,
Fotolar: Elçin Murad
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı
-
Magazin212 May 20:48Farah Zeynep Abdullaha nə olub? - FOTO
-
Nəqliyyat12 May 19:48Daha bir müntəzəm marşrutun avtobusları yenilənir






















.png)














