Bakıda vətəndaş cəmiyyətinin problemləri müzakirə olunur - FOTOLAR
Bizi izləyin

Nida.az

Bakıda vətəndaş cəmiyyətinin problemləri müzakirə olunur - FOTOLAR

Bu gün Bakıda Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) tərəfindən "Azərbaycanda genişmiqyaslı islahatların vətəndaş cəmiyyətinin inkişafındakı rolu" mövzusunda konfrans keçirilib.

Publika.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, politoloq Rufiz Qonaqov konfransın əhəmiyyətindən danışıb.

O deyib ki, konfrans Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə "Yeni Hədəflərə Doğru" Vətəndaş Həmrəyliyinin gücləndirilməsi çərçivəsində keçirilir.

R.Qonaqov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə aparılan islahatlar, vətəndaş cəmiyyətinin bu proseslərdəki rolu, həmçinin Bakıda keçirilən "Formula 1" Avropa Qran Pri yarışı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə iştirakçılara məlumat verib.

Politoloq Azərbaycanın son zamanlar həyata keçirdiyi genişmiqyaslı və fundamental islahatlardan söz açaraq qeyd edib ki, Açıq Hökumətin təşviqi ilə bağlı Milli Fəaliyyət Planının təsdiqlənməsi, Elektron Hökumət portalının, "ASAN" xidmətin yaradılması, Gömrük sistemində bir pəncərə prinsipinin tətbiq olunması aparılan islahatların tərkib hissəsidir: "Qloballaşmanın gətirdiyi sosial-iqtisadi gərginlik fonunda yerli QHT-lərin vəzifələri müəyyənləşməli, həyata keçirilən islahatlara vətəndaş cəmiyyətinin dəstəyi gücləndirilməlidir".

R.Qonaqov söyləyib ki, üç ay davam edəcək layihə çərçivəsində QHT, KİV təmsilçiləri, gənclər, ümumiyyətlə, ictimaiyyət nümayəndələrilə müxtəlif səpkili görüşlər keçiriləcək: "Bakı ilə yanaşı Gəncə və Quba şəhərlərində konfrans və tədbirlər təşkil olunacaq. Bundan başqa "Facebook" sosial şəbəkəsində "İnkişaf Qrupu", eləcə də, "Ağ Yol" qrupunda, təşkilatın eyniadlı səhifəsində sosial, iqtisadi, siyasi və s, islahatların əhəmiyyətini özündə əks etdirən məlumatlar paylaşılır".

Daha sonra çıxış edən Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev bildirib ki, Azərbaycan müstəqillik illərində demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib: "Mütərəqqi islahatlar nəticəsində demokratik və hüquqi dövlət qurulub, ölkə əhalisinin xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılıb. Azərbaycanın müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdışı əbədi şəkildə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Tam əminliklə deyə bilərik ki, ulu öndərin davamlı milli inkişafa təminat yaradan ideyaları dövlətimizin və xalqımızın gələcək uğurlarına parlaq işıq salır".

PA rəsmisi deyib ki, Azərbaycan hazırda dünyada özünün milli iqtisadi inkişaf modeli olan, qısa müddətdə makroiqtisadi göstəricilər əldə edən, tam müstəqil siyasət yürüdən dövlət kimi tanınır: "Ölkəmizdə xalqla hakimiyyət arasında çox güclü mənəvi birlik mövcuddur. Məhz bunun nəticəsidir ki, Azərbaycan son illərdə əsaslı iqtisadi, siyasi, mədəni islahatlara müəlliflik edir Bu gün Azərbaycan xalqı ulu öndərin layiqli davamçısı cənab İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti ətrafında sıx birləşərək gələcəyə böyük ümidlə baxır. Mütləq əksəriyyət əmindir ki, xalqımızın milli mənafeyini özündə əks etdirən bu siyasət gələcək illərdə də davam etdiriləcək, Azərbaycanın sürətli inkişaf tempini qoruyub saxlayacaq".

BMAM-ın eksperti Rafail Becanov ölkə rəhbərliyi tərəfindən aparılan islahatlara vətəndaş cəmiyyətinin dəstəyindən, qloballaşmanın gətirdiyi sosial-iqtisadi gərginlik, həmçinin qərbin insan hüquqları institutlarının ölkəmizə qərəzli mövqeyindən danışıb. O, cəmiyyətdə milli və dövlətçilik maraqları kontekstində ciddi fikir ayrılıqlarının olmadığını diqqətə çatdırıb: "Azərbaycanda vətəndaş həmrəyliyini gücləndirmək, dövlət-xalq formulunu dəyişməz bir atributa çevirmək üçün böyük potensial var. Az öncə bir müharibə ab-havası yaşadıq. 4 gün sürən bu savaşda Azərbaycanda olan milli həmrəylik, vətəndaş birliyi göstərdi ki, görülən işlər ümumi mənzərənin xeyrinə olub. Vətən və dövlət, torpaq prinsipləri hər hansı ayrı-seçkiliklə müşahidə olunmur və əsas hesab etdiyimiz həmrəylik faktdır və biz cəmiyyət olaraq bunu yaşayırıq. Bizim qarşımızda duran əsas məsələ ölkədə aparılan sosial, iqtisadi, siyasi və s. islahatlar və bu islahatların əhəmiyyətini, genişmiqyaslı islahatların vətəndaş cəmiyyətinin inkişafındakı rolunu ictimailəşdirmək və geniş izahat, təbliğat aparmaq, cəmiyyətin həyata keçirilən islahatların icrasına əsl münasibəti düzgün istiqamətə yönləndirməkdir. Bununla da biz vətəndaş həmrəyliyini gücləndirə, dövlət-xalq formulunu dəyişməz bir atributa çevirə bilərik".

Konfrans millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, QHT və KİV rəhbərlərinin çıxışları ilə davam edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm