Qapalı görüşdə Qarabağ razılaşması, Kremldən Bakıya vəd... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Qapalı görüşdə Qarabağ razılaşması, Kremldən Bakıya vəd... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Arxada qoyduğumuz həftənin siyasi gündəmi kifayət qədər zəngin oldu. "Soyuq müharibə" vəziyyətində olan Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin 268 gündən sonra görüşərək aralarındakı buzları əritməyə qərar verdi. Bakı Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhanini qonaq etdi. Həftə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan müzakirələr baxımından da əhəmiyyətli oldu: Putinin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə, Ermənistan prezidenti Serj Sarkisyanın Moskvada rus həmkarı ilə görüşü. Baxmayaraq ki, Sarkisyan görüşdən sonra ənənəvi bəyanatlarını növbəti dəfə səsləndirdi. Həftə Rusiya-Ukrayna xəttində yüksələn gərginliklə də yadda qaldı.

Dünyanın gözləri Bakıda idi

İlham Əliyev-Vladimir Putin-Həsən Ruhani üçlüyünün Bakı görüşü dəyişən geosiyasi mənzərələr fonunda ən vacib məqamlardan biri hesab oluna bilər.

Rusiya prezidenti Vladimir Putinin Bakı səfərində ən mühüm detal Dağlıq Qarabağ məsələsi idi. Prezident İlham Əliyevlə görüşən Vladimir Putin bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin güzəştli və tərəflər üçün münasib həll variantını tapmasına çalışacaq. Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan və Ermənistan üçün nə qədər ağır məsələ olduğunu anlayır. "Biz bu münaqişənin hər iki tərəfin maraqları çərçivəsində həllinə çalışacağıq. Bu məsələnin həllində qalib hər iki ölkənin xalqı olsun və münaqişə bugünkü və gələcək nəsillərin maraqları çərçivəsində həll edilsin", - deyə o qeyd edib.


İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Rusiyanın rolunu xüsusi vurğulamaq istədiyini dilə gətirib. Prezident İlham Əliyev Rusiya və Azərbaycan prezidentlərinin sıx görüşlərinin ikitərəfli münasibətlərin inkişafına yeni impulslar verdiyini dilə gətirib: "Hansı ki, bizim münasibətlərimiz çoxdan strateji əməkdaşlıq səviyyəsinə qalxın və demək olar ki, bütün sferaları əhatə edir. Beynəlxalq arenada qarşılıqlı əməkdaşlıq var, siyasi dialoq və iqtisadi əməkdaşlıq möhkəmləndirilir. Bundan başqa, Rusiya, Azərbaycan və İran prezidentlərinin üçtərəfli görüşü yeni formatdır. Bu format ölkələrin iqtisadi inkişafına, regionda təhlükəsizliyin möhkəmləndirilməsinə imkan yaradacaq".

Həsən Ruhani də öz növbəsində Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini açıqlayıb.

Neva sahilində batan Qərb

Avqustun 9-u isə dünyanın gözü Neva çayının sahillərində idi.

2015-ci il 24 noyabr tarixində Suriya sərhədində Rusiya təyyarəsinin türk pilot tərəfindən vurulması ilə bölgədə alt-üst olan siyasi tarazlıq məhz bu çayın sahilində yenidən nizamlanırdı. Ərdoğanla Putin Sankt-Peterburqda görüşdülər. Bu həm də Türkiyədə 15 iyul dövlət çevrilişindən sonra türk liderin ilk xarici səfəri olmaqla böyük əhəmiyyətə malik idi.

Görüşdə bağlı qapılar arxasında müzakirələr aparılıb. Təkbətək görüş başa çatandan sonra geniş tərkibdə görüş baş tutub. Ərdoğanın Rusiya səfəri Qərb tərəfindən diqqətlə izlənilirdi. "Rusiyanın Türkiyə üçün NATO-nu əvəz edəcəyinə inanmıram. Türkiyə NATO-nun vacib müttəfiqi və üzvü olan dövlətdir. Hesab edirəm ki, bu, belə də qalmalıdır". Almaniyanın xarici işlər naziri Frank-Valter Staynmayerin bu sözləri Qərbin narahatlığını açıq şəkildə göstərir.

Ərdoğan Putinlə görüşdən sonra qeyd edib ki, Türkiyə Azərbaycan və Rusiya ilə üçtərəfli formatın yaradılması mexanizminə müsbət baxır. Belə bir formatın yaranması avtomatik olaraq Ermənistanı da Qarabağın işğalına son qoymağa məcbur edə bilər.

Ərdoğan və Putinin qapalı görüşündə Qarabağ razılaşması

Dağlıq Qarabağ məsələsi tarixi hadisə kimi qiymətləndirilən Ərdoğan-Putin görüşünün də əsas müzakirə mövzusu olub. Bu barədə Ərdoğanın sözçüsü İbrahim Kal deyib. Onun sözlərinə görə, münaqişənin həlli ilə bağlı müsbət işartılar var: "Hörmətli Putin bizim səfərimizdən bir gün öncə Azərbaycanda idi. Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ məsələsində də müsbət proseslər olacaq. Bununla bağlı müəyyən işartılar var. Dağlıq Qarabağ münaqişəsinin həll olunmasından da ən çox Ermənistan qazanacaq".

12 maddəlik plan: Qərb "ofsayd"da qalır

Türkiyə mediasının yazdığına görə, Ərdoğanla Putinin Sankt-Peterburqda 12 maddəlik plan üzərində razılığa gəliblər.

Bu plana aşağıdakılar aiddir:

1. Rusiya-Türkiyə arasında Yüksək Səviyyəli Əməkdaşlıq Təşkilatının yenidən fəaliyyətini bərpa etmək.
2. İki ölkə arasında "çarter" uçuşlarına başlamaq.
3. Başda əkinçilik olmaqla iki ölkə arasında ticarət məhdudiyyətlərini tamamilə aradan qaldırmaq.
4. Rusiyaya qarşı sanksiyaları aradan götürmək.
5. İki ölkə arasında viza rejimini ləğv etmək.
6. "Akkuyu" AES-in inşasına strateji layihə statusunu vermək.
7. "Türk axını" layihəsi ilə bağlı müzakirələri sürətləndirmək.
8. "Türk axını" layihəsini 2019-cu ildə istifadəyə vermək məqsədilə çalışmaq.
9. Rusiya-Türkiyə ortaq investisiya təşkilatının yaradılması.
10. Hərbi sahədə müdafiə sənayesində əməkdaşlığı artırmaq.
11. Türkiyə-Rusiya-Azərbaycan arasında üçtərəfli format yaratmaq.
12. Moskva ilə Ankara arasında etibar mühitini formalaşdırmaq.

Sarkisyanın Moskva səfəri

Avqustun 10-da Vladimir Putin Serj Sarkisyanı Moskvada qəbul etdi. Sarkisyan görüşdən sonra "birtərəfli güzəştlər olmayacaq, Qarabağ Azərbaycanın tərkibində olmayacaq" deyərək yenə "dördgünlük müharibə"dən əvvəlki mövqeyinə qayıtdı. Və bu, avtomatik olaraq, müharibə variantını yenidən gündəmə gətirir.

Yox, onlar qorxur və Putinə sığınırlar

Moskvada olan erməni jurnalistlər bu qorxu ilə Putinə "Azərbaycan Rusiyadan silahlar alır, amma Moskva Ermənistana silah çatdırmalarını ləngidir, bu növbəti kəskinləşməyə şərait yaratmırmı?" sualı ilə müraciət etdilər. Təbii ki, bu sualın İrəvan mətbəxində hazırlandığı aydındır. Sarkisyan özünün deyə bilmədiyini "azad söz" adı altında erməni jurnalistlərə səsləndirir.

Və bu məqamda Putinin cavabı olduqca maraqlı idi. "Müasir silah bazarında istənilən ölkə silah ala bilər. Anlayırsınızmı? Harada olur-olsun, bu, mümkündür. Lakin mən indi diqqəti işin hərbi tərəfinə çəkməzdim. Əgər biz problemi həll etmək istəyiriksə, sülhlə qərar verməliyik. Rusiya Ermənistanı silahla təmin etmək öhdəliklərini yerinə yetirir. Neft hasilatçısı, inkişaf edən iqtisadiyyata malik, böyük qızıl və valyuta ehtiyatlarına sahib olan Azərbaycan da əlbəttə ki, istədiyi yerdən silah almaq iqtidarındadır", - deyə Rusiya prezidenti erməni jurnalistlərin, dolayısı ilə Sarkisyanın arzulamadığı cavabı verdi.

Ermənistan Qarabağı qaytarmağa hazırdır

Putin və Sarkisyanın qapalı görüşündə nələrin müzakirə edildiyi çox düşündürücüdür. Xüsusilə Sarkisyanın açıqlamalarından sonra. Kremldəki diplomatik mənbə deyir ki, Ermənistan rəhbərliyinin kəskin bəyanatlarına baxmayaraq, arxa planda nisbi razılıq əldə olunub: "Belə bir şəraitdə diplomatların və beynəlxalq təşkilatların dəstəyi ilə problemi həll etmək mümkündür. Təbii ki, bu, dərhal olmayacaq".

Erməni politoloq Stepan Safaryan isə hesab edir ki, söhbət Rusiyanın Qarabağ planından gedir: "Bu, Qarabağa aralıq statusun verilməsi ilə ərazilərin qaytarılması deməkdir. Tezliklə biz bunun şahidi olacağıq".

Onun sözlərinə görə, Sarkisyanın "birtərəfli güzəştlər olmayacaq" sözləri də şübhəlidir.

"Güman etmirəm ki, Rusiyanın Azərbaycanı güzəştə məcbur edəcək imkanları olsun. Əvəzində Ermənistan hakimiyyəti zəifdir və Moskvanın göstərişlərindən kənara çıxa bilmir. Bu, güzəştlərin məhz erməni tərəfinin edəcəyi deməkdir. Ümumilikdə Ankara və Moskvanı sakitləşdirmək üçün Moskva problemin həllini sürətləndirəcək. Mümkündür ki, Putin Ermənistanı kukla vəziyyətinə qoyub məsələnin həlli üçün planın reallaşdırılması haqda əmr verib", - deyə o bildirib.

Dağlıq Qarabağ münaqişəsinə dair yeni detallar

Dağlıq Qarabağ münaqişəsinə dair yeni detallar da ortaya çıxır. Erməni politoloq Tatul Akopyan deyib ki, Qarabağ ətrafındakı rayonlar boşaldılacaq.

"Məndə dəqiq informasiya var ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin sonuncu dəfə üçtərəfli görüşündə "Lavrov planı" müzakirə olunub. Danışıqların gedişatında Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının Azərbaycana qaytarılması nəzərdə tutulur. Dağlıq Qarabağa daha yüksək səviyyəli status verilir. Bunun qarşılığında Ermənistan Dağlıq Qarabağdan öz qoşunlarını çıxaracaq", - deyə o bildirib.

Onun sözlərinə görə, Moskva Bakıya konkret vəd verib.

Müharibə qapıda: "Qardaşlar" yenidən üz-üzə

Rusiya və Ukrayna yenidən müharibə həddinə çatdı. Deyilənə görə, avqustun 10-da Moskvada görüşən Putin və Sarkisyan hətta jurnalistlər üçün mətbuat konfransı keçirmək belə istəmirdilər. Və elə bu vaxt Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayır: "Ukrayna diversantları Krıma hücum edib".

Jurnalistlərə Putinin danışmaq istədiyi haqda məlumat verildi. Budur, dünyaya meydan oxuyan rus gəlir və "təhlükəli oynayırsınız" deyə barmaq silkələyir. "Bu çox həyəcanlı informasiyadır. İlk baxışdan bu, axmaq cinayətkar addım kimi görünür. Axmaq hərəkətdir, çünki Krımda yaşayan insanlara bu yolla təsir etmək qeyri-mümkündür. Bu, cinayətkarlıqdır, çünki insanlar həlak oldu", - deyə Putin bildirdi.

Bu hadisədən sonra "Normandiya formatı"nda görüşün mənasız olduğunu vurğuladı. Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki gün əvvəl bildirmişdi ki, Çində keçiriləcək Böyük İyirmiliyin sammitində "Normandiya formatı"nın görüşü ola bilər.

Putin Ukrayna hakimiyyətinin terror təcrübəsinə keçdiyini bildirib. O, rusiyalı hərbçilərin həlak olmasına laqeyd qalmayacağına söz verdi. Ukrayna prezidenti Pyotr Poroşenko isə Krımda terror aktlarının hazırlığında Ukraynanın ünvanına səsləndirilən ittihamları "fantaziya" hesab etdi.

Ukrayna ordusu hazırlıq vəziyyətinə gətirildi

Rəsmi Kiyev müharibə ehtimallarını nəzərə alaraq ordunu hazır vəziyyətə gətirib. Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanın ittihamlarından dərhal sonra təhlükəsizlik orqanlarının rəhbərləri ilə müşavirə keçirib. Poroşenko Krım Muxtar Respublikası ilə inzibati sərhəddə və Donbasdakı təmas xəttində yerləşən rayonlarda döyüş hazırlığını gücləndirməyi tapşırıb.

Kremldə təcili toplantı

Öz növbəsində Putin də Təhlükəsizlik Şurasının iclasını çağırdı. Toplantıda terror aktlarının qarşısının alınmasından sonra Krımda təhlükəsizliyin təmin edilməsi və infrastruktur obyektlərinin mühafizəsi üçün əlavə ölçülərin tətbiqi müzakirə edilib.

Müharibənin başlanma vaxtı

Siyasi müşahidəçilərin çoxu ehtiyat edirlər ki, Rusiya prezidenti Vladimir Putin bu ilin avqustunda kiçik regional müharibəyə başlayacaq. Rusiya Dövlət Dumasına seçkiləri 18 sentyabra keçirib. Bunu Atlantik Şurasının böyük elmi işçisi Anders Aslund ABŞ-ın "Atlantic Council" nəşrində yazıb.

"Putin Ukraynaya yeni hücum hazırlayırmı?" başlıqlı yazıda ekspert qeyd edir ki, Putində öz xalqının səfərbərliyi məqsədi ilə "kiçik və qalib müharibə" keçirməsinə meyl var. "1999-cu ildə ikinci çeçen müharibəsi onun prezident postuna başlamasından əvvəl oldu. 2008-ci ilin avqustunda Rusiya Gürcüstana hücum etdi. 2014-cü ilin fevralında Rusiya Krımı zəbt etdi və bu addım Rusiyada olduqca məşhur idi. Suriyada onun müharibəsi tamamilə müvəffəqiyyətdir. Son iki ildə Rusiya iqtisadiyyatı düşmə vəziyyətindədir. Avqust ayı Moskvanın hərbi hərəkətləri üçün ən yaxşı vaxtdır. Çünki məsuliyyətli qərb siyasətçiləri məzuniyyətdədir. Berlin divarının tikintisi 1961-ci ilin avqustunda başlanmışdı, Çexoslovakiyaya müdaxilə 1968-ci ilin avqustunda oldu və Moskvada çevriliş 1991-ci ilin avqustunda oldu", - o, qeyd edib.

Ekspertin fikrincə, 2008-ci il Rusiya-Gürcüstan müharibəsi ilə paralellər sadəcə valehedicidir: "Bu münaqişə Pekin Olimpiya Oyunları ilə birlikdə başlandı. Birləşmiş Ştatların prezidenti bu zaman artıq prezident seçkiləri kampaniyasının fonunda "axsaq ördək" idi. Rusiya həmin vaxt Şimali Qafqazda "Qafqaz" adlı genişmiqyaslı təlimlər keçirdi. Avqustda müharibə daxili səbəblər üzrə tamamilə ehtimal ediləndir. Amma müharibə harada olacaq? Keçən həftə aydın oldu ki, Ukrayna hədəf olacaq. Həftənin sonunda Donbas və Krıma istiqamətində ağır artilleriya və yüzlərlə tankın iştirakı ilə Rusiya qoşunlarının genişmiqyaslı yerdəyişmələri haqqında xəbərlər daxil oldu. Bu hərəkətlər "Qafqaz 2016" adlı böyük Rusiya hərbi təlimlərinin bir hissəsi oldu. Avqustun 6-da Rusiya marionetkası və "Luqansk Xalq Respublikası"nın lideri İqor Plotniski Luqanskda maşınının partladılması nəticəsində ağır yara aldı. Ukrayna kəşfiyyatı sui-qəsdin təşkilində daxili gücləri ittiham etdi, halbuki Rusiya məsuliyyəti Ukrayna xüsusi xidmət orqanlarının üzərinə qoydu. 6-7 avqust tarixlərində Rusiya qoşunları Krımın şimal hissəsinə cəmləndi. Yollarda blokpostlar quruldu və regionu Ukraynanın qalan hissəsi ilə bağlayan üç nəzarət buraxılış məntəqəsi bağlandı. Ukrayna diversiya hərəkətlərində ittiham olundu. Ukrayna prezidenti Pyotr Poroşenko öz qoşunlarını yüksək döyüş hazırlığı vəziyyətinə gətirdi".

Yeni nüvə müharibəsinə doğru

Çin və ətrafındakı demək olar ki, bütün qonşularının qarşı-qarşıya gəldiyi Cənubi Çin dənizi regionunda gərginlik artır.

ABŞ-ın Hərbi hava qüvvələri naziri Debora Li Ceyms Sakit okean regionuna ilk dəfə üç strateji bombardman təyyarəsinin yerləşdirildiyini bildirib. Nazir ABŞ-ın B-52, B-1 və B-2 təyyarələrinin ilk dəfə eyni anda Guamdakı Andersen hava bazasında yerləşdirildiyini açıqlayıb.

Vaşinqtonun nüvə silahı daşıma gücünə malik təyyarələrini regionda yerləşdirməsi Çin və Şimali Koreyaya qarşı təhdid xarakteri daşıyır. ABŞ-ın bu addımını Çinin bölgədə THAAD raket əleyhinə müdafiə sistemini yerləşdirməsindən sonra atması diqqət çəkir.

Hərbi mütəxəssislər son dövrdə regionda nüvə toqquşması riskinin ciddi şəkildə artdığını vurğulayırlar.

Dünyanın gedişatı təhlükəli görünür.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm