• USD 1,7000 0,00% EUR 1,9090 -0,31%
    • GBP 2,1180 -0,27% RUB 0,0241 +0,41%

YAP-çı deputat bu səfirlikləri Milli Şuranı maliyyələşdirməkdə ittiham etdi

  • Nida.az
  • 6 Sentyabr 2016 15:34
  • 702 Baxış
YAP-çı deputat bu səfirlikləri Milli Şuranı maliyyələşdirməkdə ittiham etdi

"Milli Şura üzvləri xarici ölkə səfirliklərinin əməkdaşları ilə görüşərək, onlardan təlimat və digər göstərişlər alaraq qərar qəbul edirlərsə, bu, anti-azərbaycançılıq mövqeyidir və dövlətçiliyimizə ziyan vurur. Hesab edirəm ki, Milli Şura bu cür əməllərindən çəkinərsə, daha yaxşı olar".

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) seçilən deputatı Elman Məmmədov Milli Şura üzvlərinin bir sıra Qərb dövlətlərinin Azərbaycandakı səfirlikləri ilə keçirilən görüşünə münasibət bildirərkən deyib.

Deputat deyib ki, Milli Şuranın bu hərəkəti Azərbaycanın milli və dövlət maraqlarına tam ziddir:

"Düzdür, Azərbaycanın müvafiq hüquq-mühafizə orqanları da bunların hərəkətlərinə hüquqi qiymət verəcəklər. Əgər, onlar icazəsiz olaraq kütləvi tədbir keçirmək istəsələr, bunun qarşısı da qanunla alınacaq. Ancaq yaxşı olar ki, heç buna cəhd etməsinlər. Çünki, bu gün müsəlman dövlətlərində baş verən hadisələr və xarici dövlətlərin həmin ölkələrdə törətdiyi təxribatlar göz qabağındadır. Əgər, onlar özlərini Milli Şura adlandırırsa, o zaman milli mövqedən çıxış etməlidirlər. Millilik nədir? Dövlətdir, millətdir, bayraqdır, dövlətin qanunlarına tabe olmaqdır. İndi Milli Şura gedib xarici dövlətlərin göstərişlərini yerinə yetirəcəksə, o zaman bu təşkilat haradan "Milli Şura" olur? Bu zaman da həmin təşkilat özünü "Milli Şura" deyil, qeyri-milli şura adlandırmalıdır".

E.Məmmədov qeyd edib ki, əgər Milli Şura xarici ölkə səfirlikləri ilə məsləhətləşmələr aparıb, onların göstəriş və tövsiyələri ilə hərəkət edirsə, qərar qəbul edirsə, bu, onların həmin dairələr tərəfindən maliyyələşdirilməsinin sübutudur:

"Bütün bunlar olan təqdirdə, yəqin ki, Milli Şura həmin səfirliklər vasitəsilə maliyyələşdirilərək idarə olunur. Milli Şurada təmsil olunanlar Azərbaycan vətəndaşlarıdır və onlar ölkə qanunlarının tələblərinə əməl etməlidir. Milli Şura üzvləri ilk növbədə Azərbaycan dövlətçiliyinin qeydinə qalmalıdır, müstəqilliyimizin qorunub saxlanılmasına çalışmalıdır. Azərbaycanda sabitliyin pozulmaması və xaricdən ölkəmizdə təxribat yaratmaq istəyən qüvvələrin qarşısını almaq üçün Milli Şura üzvləri də Azərbaycan vətəndaşları kimi vətəndaşlıq mövqeyi göstərməlidir".

Xatırladaq ki, Milli Şura üzvlərinin ABŞ, Böyük Britaniya və Fransanın Azərbaycandakı səfirlikləri görüş keçirməsindən dərhal sonra sentyabrın 11-ə mitinq təyin etməsi barədə məlumatlar yayılıb.

Vasif Həsənli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR