Əliməmməd Nuriyev partiya yaratmasından danışdı: “Yaşıl Platforma”
Bizi izləyin

Nida.az

Əliməmməd Nuriyev partiya yaratmasından danışdı: “Yaşıl Platforma”

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, sabiq millət vəkili Əliməmməd Nuriyev yeni siyasi partiya yaratmaq xəbərinə aydınlıq gətirib.

Ə. Nuriyev Publika.az-a açıqlamasında bildirib ki, bu məsələ yaxın ətrafında müzakirə olunub: “Dostlarla müxtəlif mövzuları müzakirə edəndə dünyada dəyişən iqlim problemi, eləcə də bunun Azərbaycana təsiri, Azərbaycanda ekoloji problemlər, həmçinin paytaxtın çirklənən ekologiyasını müzakirə etdik. Belə qənaətə gəldik ki, yaşıl platforma yetərincə inkişaf etdirilməyib, bu sahədə boşluqlar var. Bundan çıxış edərək təkliflər səsləndi ki, bu sahəyə diqqəti artırmaq, müvafiq qərarların qəbul edilməsi, hansısa siyasi partiyanın prioritet məqsədi olmasına ehtiyac var və belə bir partiya yaratmaq olar. Mən də bu fikri dəstəklədim. Lakin bu o demək deyil ki, mən hazırda partiya yaradıram. Bununla bağlı hazırda hansısa qərar, fəaliyyət yoxdur. Sadəcə fikir var. Hesab edirəm ki, Azərbaycanda yaşıl platformanı ciddi fəaliyyət növünə çevirmək üçün, bəlkə də, siyasi partiya yaratmağa ehtiyac var. Amma burda dərhal uzağa gedən nəticələr olmaz. Düşünürəm ki, gələcəkdə bu sahə boş qalmayacaq. Çünki təbiət problemi dünyanın hər yerində aktualdır, o cümlədən Azərbaycanda”.
Onun sözlərinə görə, Azərbaycanda bu istiqamətdə ictimai təşəbbüslər var, bunu siyasi təşəbbüsə çevirmək mümkündür.

“Bir neçə il öncə dövlət başçısı tərəfindən “Ekologiya ili” elan edildi. Bundan başqa Leyla Əliyevanın bu istiqamətdə ciddi fəaliyyət var. Eləcə də ümumi olaraq ictimai fəaliyyət səviyyəsində bu sahə işlənilir. Yəni ictimai rəy var, sadəcə olaraq formatı dəyişmək lazımdır. Amma bizim hazırki vəziyyətdə belə niyyətimiz gündəmdə deyil, gələcəkdə bu baş verə bilər”, - deyə Ə. Nuriyev qeyd edib.

Azərbaycanda Yaşıllar Partiyasının fəaliyyət göstərməsinə gəlincə, Ə. Nuriyev bildirib ki, bu partiyanın ciddi fəaliyyəti gözə dəymir: “Həmçinin, hansısa partiyanın olması bu sahədə digər qurumların yaranmasına maneəçilik yarada bilməz. Ölkədə sağ və sol meylli kifayət qədər partiya var. Yaşıl platformanın yaradılması hər kəsin marağında olan məsələdir. O baxımdan, bu sahədə tək bir qurumun iş görməsi yetərli deyil. O partiyanın fəaliyyətini mən izləmirəm, amma mətbuatda da o qədər fəal görünmürlər”.

Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm